Əsas məzmuna keç

Məşhur müğənninin xanımı və qayınatası axtarışa verildi

sandal arvadi qayinata

Türkiyənin məşhur müğənnisi Mustafa Sandalın həyat yoldaşı və qayınatası barədə həbs qərarı verilib.

İstanbul Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurup Sandal və onun atası Cihan Sütşurupun bütün əmlaklarına həbs qoyulub.

Tezadlar.az xəbər verir ki, hər iki şəxs barəsində axtarış qərarı çıxarılıb.

İstintaqla bağlı irəli sürülən iddialardan sonra açıqlama verən Mustafa Sandal, sözügedən vəsaitlərlə heç bir əlaqəsinin olmadığını bildirib. Sentyabrın 29-da verdiyi açıqlamada Sandal həyat yoldaşı ilə aralarında evlilikdən başqa heç bir maliyyə tərəfdaşlığının olmadığını vurğulayıb: “Melis və mənim, ər-arvad olmağımızdan başqa, heç vaxt birgə maliyyə xarakterli biznes layihəmiz olmayıb”.

Sandal daha əvvəlki açıqlamasında da vəsaitlərin alqı-satqısında və ya bununla bağlı hər hansı bir sxemdə iştirak etdiyi barədə iddiaları təkzib etmişdi:

“Vicdanım rahatdır! Heç vaxt vəsait almamışam və ya satmamışam, həmçinin belə bir əməliyyatda iştirak etməmişəm. İctimaiyyətin bu məsələ ilə bağlı həssaslığına hörmətlə yanaşıram və eyni hissləri bölüşürəm. 32 ildir ki, sizin dəyər verməyiniz sayəsində yeganə gəlir mənbəyim musiqidir. Həyat yoldaşım və onun vəkili bu məsələ ilə bağlı artıq lazımi açıqlamaları veriblər.”

Qeyd edək ki, Melis Sütşurup Sandalın 1 iyul-16 sentyabr 2026-cı il tarixləri arasında ləğv edilməsi qərara alınan fondlardan ümumilikdə 11 milyard 126 milyon 528 min 163 lirə (390 milyon manata yaxın) çıxardığı iddia edilib. Onun Dubaya qaçdığı bildirilir.

Kapital bazarlarındakı əməliyyatlarla bağlı aparılan araşdırmada daha əvvəl 106 fiziki və hüquqi şəxsə qarşı aktivlərlə bağlı tədbirlərin görülməsi tələb edilmişdi. Melis Sütşurup da bu tədbirlərin tətbiqi tələb olunan 47 fiziki şəxs arasında yer alırdı.

 

JASMİN

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…