Türkiyənin məşhur müğənnisi, həm də aktyoru Özcan Dəniz ilə böyük qardaşı Ercan Dəniz arasındakı gərginlik davam edir. Ercan Dəniz Özcan Dənizin onun həyatını təhlükəyə atacaq şəkildə hədələdiyi iddiası ilə prokurorluğa şikayət edib.
Türkiyə KİV-nin məlumatına görə, İstanbul Baş Prokurorluğuna təqdim edilən ərizəyə əsasən, 5 aprel 2026-cı il tarixində Ercan Dənizin mobil telefonuna Özcan Dənizin meneceri Erhan K. tərəfindən səs yazısı göndərilib.
İddiaya görə, Özcan Dənizin səsinin yer aldığı həmin yazıda aşağıdakı ifadələr səsləndirilib:
“İndiyə qədər etdiklərinlə öz ayağına güllə sıxmısan. Bundan sonra bil ki, öz hərəkətlərinlə axırda öz başına güllə sıxacaqsan.”
Şikayətində Ercan Dənizin vəkili bildirib ki, Özcan Dənizin bu ifadələri müvəkkilini güllələyib öldürməklə bağlı açıq və birbaşa təhdid xarakteri daşıyır.
Başına gələ biləcək hər hansı bədbəxt hadisə və ya hücuma görə Özcan Dənizi məsuliyyətli tutan Ercan Dəniz yazıdakı səsin kimə məxsus olduğunu müəyyən etmək üçün ekspertiza təyin olunmasını tələb edib.
Ercan Dəniz və bacısı Yurda Dəniz daha əvvəl digər bacıları Sibel Dəniz Semerçiyə qarşı da təhqir və ya kobud rəftar əsasında şikayət etmişdilər.
Məhkəmə prosesi çərçivəsində Özcan Dəniz ötən gün şahid qismində ifadə vermək üçün Aydın Məhkəməsinə gedib.
İclasdan sonra müğənni bacısı Sibeli müdafiə edərək bacısının işlətdiyi sözlərin təhqir sayılmayacağını, onun anasını və kiçik bacısını qorumaq məqsədilə reaksiya verdiyini izah edib.
Məhkəmə işinin əsassız olduğunu vurğulayan müğənni bacısına dəstək olduğunu bəyan edib. Məhkəmə Sibel Dəniz Semerçi ilə bağlı “ilkin ödəniş xəbərdarlığı” qərarı çıxarıb. Bildirilib ki, Semerçi həmin ödənişi həyata keçirəcəyi təqdirdə işə xitam veriləcək.
JASMİN







