Əsas məzmuna keç

“Qlobal İnnovasiya İndeksi 2026” hesabatında Azərbaycanla bağlı ağlasığmaz nəticə – bu ölkələrdən belə geriyik… (SİYAHI)

Resurslar var, şərait yaradılıb, amma nəticə çox zəifdir!
***
Yenidən “Qlobal İnnovasiya İndeksi 2026” hesabatına nəzər salıram. Azərbaycan 9 pillə irəliləyərək ümumi sıralamada 85-ci yerdədir.
Dərhal qeyd edim ki, belə dinamika olan ölkələr azdır və bu, ötən dövrdə sektorda müəyyən işlərin görüldüyünün göstəricisidir.

innovasiyacedvel

 Bunu Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial media hesabında bildirib.
“…Amma bu hesabatda, açıq deyim ki, ağlasığmaz olan bir nəticə də görsənir: Azərbaycan “İnnovasiya imkanları və şəraiti”, yəni Input göstəricisi üzrə 65-ci yerdədir. Qeyd edim ki bu, əslində çox yaxşı göstəricidir.
Amma “İnnovasiya nəticələri”, yəni Output göstəricisi üzrə 109-cu yerdıədir. Ağlasığmaz olan da budur.
Yəni Azərbaycanın innovasiya üçün şərait üzrə mövqeyi, əldə olunan nəticələr üzrə mövqeyindən xeyli yaxşıdır. Nəticələr isə bərbaddır. Arada 44 pillə fərq var.
Daha doğrusu, anlaşıqlı desək, bir az da kobud ifadə etsək, bu nəticə onu göstərir ki, bizdə ötən dövrlərdə pul yatırılıb, resurslar yatırılıb, infrastruktur qurulub, təhsli və s. hər şey olub , amma nəticə hədsiz zəif olub.
Budur hesabatın Azərbaycan üzrə gəldiyi qənaət!
Ən düşündürücü məqam isə həm də odur ki, baxmayaraq ki, 9 pillə irəliləmişik, məhz yatırılan resurslara nisbətən əldə etdiyimiz nəticələrə görə geriləmişik.
Yəni ötən il həmin bu İnput/Output fərqi daha az – 36 pillə idi.
Deməli, imkan və şəraitimiz artdığı halda nəticələrimiz daha da pisləşib. Ağlasığmaz olsa da, hesabat bunu deyir.
Əlbəttə, bunu yüz faiz səmərəliliklə də izah etmək ədalətsizlik olardı, çünki digər ölkələr də “yatmayıblar” axı.
Input innovasiya üçün zəmin yaradan beş istiqaməti birləşdirir ( institutlar, insan kapitalı və tədqiqat, infrastruktur, bazarın və biznesin inkişaf səviyyəsi).
Məsələn, institutlar ( hüquqi-biznes mühiti ) üzrə 36-cı yerdə olmuşuq. Bu, ən əla nəticələrdən biridir.
Output isə bu mühitdən yaranan nəticələri ölçür( yaradıcı məhsullar, elmi və texnoloji nəticələr, texnologiya ixracı, brendlər və s.)
Yəni görünən odru ki, bizdə innovasiya üçün mövcud şərait və imkanlar nəticələrə, texnoloji məhsullara, ixraca və yaradıcı nəticələrə yetərincə çevrilmir.
Bu, resurslardan istifadənin səmərəliliyi barədə ciddi suallar yaradır. Bu, mövcud imkanların real innovasiya nəticələrinə çevrilməsi barədə ciddi suallar yaradır.
Aradakı 44 pilləlik fərq bu istiqamətdə dünyada dördüncü ən böyük fərqdir. Bu fərqin yaxın olduğu ölkələrin adlarını belə çəkmək istəməzdim…
Yeri gəlmişkən, regionda Gürcüstanda bu fərq, yəni Resurs/Nəticə fərqi 16 pillədir, Özbəkistanda 10 pillədir,  Ermənistanda 25 pillədir, Qazaxıstanda isə bu fərq sıfırdır.
Ümid edirəm hökumətimiz, qərar qəbul edənlərimiz də bu hesabatı ciddi araşdırırlar, fərqindədirlər və nəticəsi müsbət olacaq”, – deyə o qeyd edib.
Y.Məmmədli
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…