Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışına 2027-ci il yanvarın 1-dən etibarən yeddi il müddətinə əlavə dəyər vergisi (ƏDV) tətbiq edilməyəcək.
Güzəştin qüvvədə olması üçün avtomobillərin istehsalı müəyyən texnoloji mərhələləri əhatə etməlidir.
Belə ki, nəzərdə tutulan güzəşt tam istehsal formasında sənaye yığımının həyata keçirildiyi, eyni zamanda boya və qaynaq mərhələləri üzrə texnoloji əməliyyatların yerinə yetirildiyi avtomobillərə şamil olunur.
Beləliklə, bu şərtlərə uyğun olaraq Azərbaycan ərazisində istehsal edilən minik avtomobillərinin satışı 2027-ci il yanvarın 1-dən yeddi il ərzində ƏDV-dən azad ediləcək.
Tezadlar.az xatırladır ki, Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışının əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə əlaqədar yeni şərt müəyyənləşib.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Vergi Məcəlləsinə dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır.
Layihəyə əsasən, tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi, eyni zamanda boya və qaynaq mərhələləri üzrə texnoloji əməliyyatların yerinə yetirilməsi şərtilə Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2027-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad olacaq.
O cümlədən Azərbaycan Respublikasının ərazisində istehsal olunan yük avtomobillərinin satışı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə yük avtomobillərinin ehtiyat hissələrinin idxalı bu gündən 7 il müddətinə ƏDV-dən azad ediləcək.







