Əsas məzmuna keç

İstanbulda baş verən güclü yağışlar Bakıda da ola bilər: Hazır olmalıyıq – Ekoloqdan xəbərdarlıq

“Türkiyədə oktyabrın 14-15-də baş verən və fəlakətlə nəticələnən intensiv yağışların Bakıda da müşahidə olunması istisna deyil. İqlim dəyişiklikləri fonunda belə hadisələrin baş verməsi mümkündür. Bakıya il ərzində orta hesabla 220-240 millimetr yağıntı düşür. Lakin bəzi dövrlərdə yağıntının miqdarı illik normanı belə üstələyə bilir. Buna görə də gələcəkdə oxşar hadisələrin baş verməyəcəyini demək olmaz. Əsas məsələ isə şəhərlərin belə təbii hadisələrə nə dərəcədə hazır olmasıdır”.

Bu barədə Tezadlar.az-a açıqlama verən “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli deyib.

O qeyd edib ki, İstanbul ilə Bakının oxşar cəhətlərindən biri şəhər infrastrukturunun düzgün qurulmaması ilə bağlıdır:
“Əslində, yağışın özü faciəyə səbəb olmur. Əsas problem şəhərlərin intensiv yağıntıların nəticələrinə hazır olmamasıdır. Məsələn, ABŞ-də müxtəlif vaxtlarda tornadolar baş verir və onların bir qismini əvvəlcədən proqnozlaşdırmaq mümkün olur. Yaponiya, Çinin okeana yaxın əraziləri, Hindistan, İndoneziya və Avstraliya kimi bölgələrdə də təbii fəlakətlərin baş verməsi ehtimalı yüksəkdir. Bu ərazilərdə okeanların təsiri və hava şəraiti müxtəlif təbii hadisələrin yaranmasına şərait yaradır. Türkiyə də Atlantik okeanı və Aralıq dənizi hövzəsindən gələn hava kütlələrinin təsiri altında yerləşir. Azərbaycan da müəyyən hava proseslərinin təsirinə məruz qalır. Lakin İstanbulun coğrafi mövqeyi və hava şəraiti burada intensiv yağıntıların baş verməsinə daha əlverişli şərait yaradır. Buna görə də şəhərdə normadan artıq yağışların yağması və digər ekstremal hava hadisələri nəzərə alınmalıdır”.

Ekoloq bildirib ki, İstanbulda müxtəlif dövrlərdə güclü yağışlar və qar yağıntıları müşahidə olunub:
“Son illərdə qar yağışının əvvəlki dövrlərlə müqayisədə azaldığını müşahidə etmək mümkündür. Təxminən 10-15 il əvvəl İstanbulda daha çox qar yağırdı. Ancaq əsas problem yağıntıların miqdarında deyil. Problem şəhərin bu cür hadisələrə hazır olmamasındadır. Bəzən İstanbulda son 80 ildə belə güclü yağışın qeydə alınmadığı deyilir. Halbuki əvvəlki dövrlərdə bundan daha güclü yağışlar da yağmış ola bilər. Sadəcə, həmin vaxtlarda dərə ağızlarında indiki qədər bina tikilməmişdi, şəhərsalma bu qədər plansız aparılmırdı. Buna görə də yağıntılar indiki kimi ağır nəticələrə səbəb olmaya bilərdi. İstanbulun ərazisini, relyefini və şəhər quruluşunu müəyyən qədər tanıyıram. Bu baxımdan hesab edirəm ki, baş verənlərin mühüm səbəblərindən biri şəhərsalma və tikinti ilə bağlı problemlərdir. Xüsusilə dərə yataqlarının və su axınlarının qarşısının tikililərlə kəsilməsi ciddi fəsadlara yol aça bilər. Burada memarlıq sahəsində çalışan mütəxəssisləri günahlandırmaq düzgün olmaz. Söhbət daha çox tikintinin planlaşdırılması, qanunsuz tikililərin inşası və ərazilərin relyef xüsusiyyətlərinin nəzərə alınmamasından gedir. Xüsusilə dərə ağızlarında və suyun təbii axın istiqamətlərində aparılan tikintilər riskləri artırır. Eyni problemləri Bakı ilə bağlı da müşahidə edə bilərik. İki il əvvəl paytaxtda güclü yağış nəticəsində ağır hadisələr baş verdi. İki nəfər körpüdə suyun içində köməksiz vəziyyətdə qaldı və həyatını itirdi. Hadisənin təfərrüatları ilə bağlı müxtəlif məlumatlar səsləndirilsə də, əsas məsələ belə faciələrin təkrarlanmaması üçün lazımi tədbirlərin görülməsidir. Bəs həmin hadisədən nəticə çıxarıldımı? Təəssüf ki, sonrakı intensiv yağışlar zamanı da şəhərdə oxşar problemlər yarandı və nəqliyyatın hərəkəti iflic oldu”.

O sonda qeyd edib ki, Bakıda şəhər infrastrukturunun qurulması zamanı yol örtüyünün, səkilərin və kanalizasiya sistemlərinin vəziyyəti xüsusi əhəmiyyət daşıyır:
“Əvvəlki illərdə aparılan bəzi yenidənqurma işlərinin, asfalt və səki örtüklərinin dəyişdirilməsinin, eləcə də kanalizasiya sistemlərinə müdaxilələrin mövcud problemlərə təsir göstərdiyini düşünürəm. Bu məsələlər araşdırılmalı və şəhərin yağış sularını idarəetmə imkanları qiymətləndirilməlidir. Bakıda 2007-2008-ci illərdə də güclü yağışlar zamanı su basmaları baş verirdi. Problem yeni deyil. İllər keçməsinə baxmayaraq, eyni çətinliklərin təkrarlanması şəhərin yağış sularının idarə olunması sistemində ciddi çatışmazlıqların olduğunu göstərir. Bakı üçün bu qədər güclü yağıntıların nə dərəcədə xarakterik olması ayrıca qiymətləndirilməlidir. İstər Atlantik okeanından, istərsə də şimaldan gələn hava kütlələri müəyyən şəraitdə intensiv yağıntılara səbəb ola bilər. Əsas sual isə belə yağıntılar baş verdikdə şəhərin buna necə reaksiya verəcəyidir. Çünki hazırda yağan yağışın belə şəhərin bir sıra ərazilərində yaratdığı problemlərin qarşısını almaqda çətinlik çəkirik. Bunun başlıca səbəblərindən biri kanalizasiya sistemlərinin mövcud yükü qarşılaya bilməməsi, yağış sularının idarə olunmasının düzgün təşkil edilməməsi və şəhər infrastrukturunun müasir tələblərə uyğun qurulmamasıdır. Yağış sularının torpağa hopmasını asanlaşdıran sukeçirici örtüklərdən, o cümlədən uyğun ərazilərdə süngər asfalt texnologiyasından istifadə edilməsi də nəzərdən keçirilməlidir. Bundan başqa, açıq suötürücü kanalların və yağıntı sularının kənarlaşdırılması üçün nəzərdə tutulan xüsusi sistemlərin əhəmiyyəti böyükdür. Burada söhbət qoruyucu barmaqlıqlarla təchiz edilən, təhlükəsizlik tələblərinə uyğun suötürücü xətlərdən gedir. Mövcud yeraltı kanalizasiya sistemləri isə intensiv yağıntılar zamanı suyu lazımi sürətlə kənarlaşdıra bilmədikdə küçələrdə və yol qovşaqlarında su yığılır. Nəticədə yağış yağan kimi şəhərdə nəqliyyatın hərəkətində ciddi problemlər yaranır.

Bu baxımdan Gəncə ilə Bakını müqayisə etmək olar. Gəncədə əhali sıxlığı və şəhərsalma xüsusiyyətləri Bakıdan fərqlənir. Bununla belə, Gəncədə oxşar problemlərin daha az müşahidə olunmasını yalnız əhali sayının azlığı ilə izah etmək düzgün olmaz. Hər bir şəhərin relyefi, drenaj imkanları, kanalizasiya infrastrukturu və tikinti planlaşdırması ayrıca qiymətləndirilməlidir. Ümumiyyətlə, belə hadisələrə görə məsuliyyəti yalnız təbiətin üzərinə atmaq olmaz. Şəhərlər intensiv yağışlara və mümkün daşqınlara hazır olmalıdır. Ola bilsin ki, növbəti 100 il ərzində Bakıda belə güclü yağış müşahidə olunmasın. Ancaq gələcəkdə oxşar hadisə baş verərsə və insanlar həyatını, əmlakını itirərsə, şəhər infrastrukturunun buna nə dərəcədə hazır olduğu yenidən gündəmə gələcək. Buna görə də şəhərsalma, tikinti və kanalizasiya sistemlərinin planlaşdırılması zamanı mümkün risklər əvvəlcədən nəzərə alınmalıdır. Yağış sularının təhlükəsiz şəkildə kənarlaşdırılması, suötürücü sistemlərin yenilənməsi və tikintilərin ərazilərin relyefinə uyğun aparılması vacibdir. Şəhəri idarə edən qurumlar bu məsələlərə indidən diqqət yetirməli, gələcəkdə baş verə biləcək fəlakətlərin qarşısını almaq üçün zəruri tədbirlər görməlidirlər”.

Aysel Timur

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…