Xankəndidə sərxoş halda avtomobil idarə edən sürücü həbs olunub.
Tezadlar.az-ın xəbərinə görə, 41 yaşlı Rəsul Rəcəbov şəhər ərazisində “Mercedes” markalı avtomobili sərxoş halda idarə edib. Buna görə o, yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
Yol polisləri ona avtomobilin duracağa yerləşdirilməsini bildirəndə isə Rəsul Rəcəbov qanuni tələbə məhəl qoymayıb və tabesizlik göstərib. Bu əməlinə görə onun barəsində müvafiq maddə ilə protokol tərtib olunub.
R. Rəcəbov ifadəsində bildirib ki, “Böyük Turan” restoranında menecer işləyir. Buna görə Xankəndi şəhərində yaşayır. O, törətdiyi əmələ görə peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.
Məhkəmə onun barəsində 10 gün müddətinə inzibati qaydada həbs qərarı verib.







