Əsas məzmuna keç

Yəməndə 280 mindən çox insan məcburi köçkün düşüb

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) sözçüsü Metyu Saltmarş Yəməndə davam edən münaqişə səbəbindən 280.000-dən çox insanın məcburi köçkün düşdüyünü bildirib.

Tezadlar.az xəbər verir ki, Saltmarş bu sözləri BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında deyib.

Yəməndəki münaqişə səbəbindən 280.000-dən çox insanın məcburi köçkün düşdüyünü qeyd edən Saltmarş son dərəcə təhlükəli mühit səbəbindən bir çox həssas şəxsin həyat qurtaran yardıma çıxış əldə edə bilmədiyini vurğulayıb.

Saltmarş Yəməndə on minlərlə qaçqın və sığınacaq axtaranın yaşamaq üçün mübarizə apardığına diqqət çəkərək, “Artan təhlükəsizlik, iqtisadi çöküş, resursların azalması və humanitar yardıma çıxışa ciddi məhdudiyyətlər on minlərlə insanı gedəcək yerlərinin olmadığı bir vəziyyətə gətirib çıxarıb” deyib.

Saltmarş yardımın ciddi şəkildə məhdudlaşdırıldığını qeyd edərək, mümkün olduqda yardım çatdırsalar da, bunun çox çətin bir proses olduğunu vurğulayıb.

Saltmarş bildirib ki, “Bir çox məcburi köçkünlərin yardım təchizatımızın yerləşdiyi yerlərə çata bilməməsi barədə məlumatlar alırıq. Bir çox hallarda onlara çatmaq bizim üçün son dərəcə təhlükəli hala gəlir.”

Saltmarş Yəməndə mövcud resursların humanitar ehtiyacları ödəmək üçün kifayət etmədiyini qeyd edərək, Yəmən üçün edilən yardım müraciətlərinin yalnız 19 faizinin maliyyələşdirildiyini vurğulayıb.

Son zamanlar Yəməndə hökumət qüvvələri ilə husilər arasında toqquşmalar güclənsə də, İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanını ballistik raketlər və dronlarla hədəfə alır və onları özlərinə qarşı hücumlara görə məsuliyyət daşıdığını iddia edirlər.

İran tərəfindən dəstəklənilən husilər 2014-cü ilin sentyabrında paytaxt Sənanı və bəzi əyalətləri ələ keçirdikdən sonra Yəmən vətəndaş müharibəsinə qərq olub.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin mart ayından bəri beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətini dəstəkləyir.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…