Əsas məzmuna keç

Vasif Tağıyevin qəhrəmanlığı kitabda- FOTOLAR

Dilarə Nağıyevanın “Ölümün bir addımlığında” kitabında, tezadlar.az saytında dərc olunmuş qəhrəmanın qəhrəman anası Təranə Tağıyevadan alınmış müsahibə də yer alıb…

Bildiyimiz kimi, 2023-cü ilin yanvarın 27-də Tehrandaki səfirliyimizə silahlı terror hücumu olmuşdu. Bu silahlı terrorçunu üstünə əliyalın, qartal kimi şığıyaraq, iki güllə yarası alsa da, onu tam zərərsizləşdirən şuşalı Vasif Tağıyev, rəsmən gəhrəman olmasa da, xalqın qəlbində əsl qəhrəman kimi həmişə yaşayacaq. Onun bu qəhrəmanlığına romanlar, povestlər, hekayələr, publisist yazılar, sənədli filimlər və s. həsr olunacaq.

Noyabrın 2-də Yazıçılar Birliyinin “Natavan” zalında məhz Vasif Tağıyevin qəhrəmalığının işığına yığışmışdıq. Burada tanınmış yazar, məşhur xeyriyyəçi və milyonçu Musa Nağıyevin nəvəsi Dilarə Nağıyevanın Vasif Tağıyevə həsr etdiyi “Ölümün bir addımlığında” kitabının təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə Xalq yazıçısı Çingiz Abdullayev açdı. O, Dilarə Nağıyeva və kitab haqqında xoş sözlərini dedi. Sonra tədbirin aparıcılığı Yazıçılar Birliyinin katibi Rəvan Redə həvala olundu. Rəvan bəy doğrudan da tədbirin aparıcılığını yüksək səviyyədə həyata keçirdi.

Vasif Tağıyeva həsr olunmuş “Ölümün bir addımlığında” kitabının təqdimatına Milli Məclisin deputatı Razi Nurullayev, sevilən yazıçı Seyran Səxavət, qəhrəmanın anası Təranə Tağıyeva, atası, Birinci Qarabağ Müharibəsinin iştirakçısı Natiq Tağıyev, dünyanın bütün dillərində 400-dən yuxarı kitabı çıxmış, Nəsrəddin Tusinin davamçısı adlandırılan, Birinci Qarabağ Müharibəsinin iştirakçısı, yazıçı Ramiz Dəniz, qazilər, veteranlar, şəhid ailələri, professorlar, ziyalılar, müəllimlər, qəhrəmanın xanımı Pərvin Tağıyeva və ən başlıcası, qəhrəmanın gül balaları Məhəmməd, Aysu və Zeynəb də iştirak edirdilər.

Çıxış edənlərin hər biri Vasif Tağıyevin qəhrəmalığını xüsusi olaraq vurğulayır və niyə ona rəsmən Milli Qəhrəman adının verilməməsindən təəsüf hissi keçirdiklərini bildirirdilər. Bu sətirlərin müəllifi olaraq, “Təzadlar” qəzetinin, həmçinin eyni adlı saytının baş redaktoru Asif Mərzilinin və kollektivin adından tədbir iştirakçılarını salamladım və uzun müddətli əziyyət hesabına belə bir kitabını araya-ərsəyə gətirən Dilarə Nağıyevaya təşəkkürümü bildirdim: “Vasif Tağıyevin qəhrəmanlığını deməyə, vəsf etməyə, söz adamı olaraq, söz tapmaqda acızəm. Məlumat üçün deyim ki, Birinci Qarabağ Müharibəsinin iştirakçısıyam, müharibə görmüş insanam. Oğlum da 44-günlük İkinci Qarabağ Müharibəsinin iştirakçısıdır. Yəni, həm döyüşçü, həm də döyüşçü atasıyam. Ona görə də deyirəm ki, mən şəxsən Vasif Tağıyevin etdiyi qəhrəmanlığı edə bilməzdim. Çünki müharibədə silahın biri məndə olur, biri düşməndə. Necə deyərlər, Allah şansı kimə versə, o da qalib gələcək. Amma Vasif Tağıyev məsələsində vəziyyət əksinədir. Burada düşmənin əlində avtomat, hara gəldi atəş açır və nəticədə bir nəfər səfirlik əməkdaşı şəhid olub, biri isə yaralanmışdı. Belə bir məqamda Vasif Tağıyev özünü yox, səfirliyin yuxarı mərtəbəsində 50-dən çox qadınların, uşaqların taleyini düşündüyü üçün  əliyalın, qartal kimi şığıyaraq, atəş açan terrorçunun üstünə hücum edir. Burada Vasifin həyatı saniyənin mində-birindən asılı olur. Ona görə də həm hücum edərkən, həm də terrorçuyla süpürləşərkən iki güllə yarası alır. Buna baxmayaraq, terrorçunu buraxmır və onu zərərsizləşdirir. Bununla da, neçə-neçə insan həyatını real ölümün pəncəsindən xilas edir. Məgər bu qəhrəmanlıq deyil? Ona görə də burda oturanların hər birindən xahiş edirəm ki, olduqları məclislərdə, əllərinə düşən tribunalarda Vasif Tağıyevə qəhrəman adının verilməsi barədə məsələ qaldırsınlar. Birinci Qarabağ Müharibəsinin iştirakçısı, böyük sücaət və qəhrəmanlıqlar göstərmiş, sığınacaq tapdığı kilsədə beş gün neçə-neçə ermənini təkbaşına məhv edərək, düşməni qorxuya salan Natiq Qasımova 32 ildən sonra, haqq elədiyi Milli Qəhrəman adı verildi. Amma mən inanıram ki, biz 32 il gözləməyəcəyik və qısa bir zamanda Vasif Tağıyev qanı ilə, canı ilə qazandığı Milli Qəhrəman adına rəsmən layiq görüləcək”.

Bir məqamıda qeyd edim ki, Dilarə Nağıyeva Vasif Tağıyev haqqında çıxışları, yazıları, o cümlədən başqa ölkələrdə baş vermiş terror hadisələrini çox böyük məharətlə kitab halına gətirə bilib. Dilarə xanıma təşəkkür edirəm ki, “Ölümün bir addımlığında” kitabında həm də tezadlar.az saytında dərc olunmuş qəhrəmanın anası Təranə Tağıyevadan alınmış müsahibə də yer alıb.

Tədbir daha bir çox dəyərli iştirakçıların, o cümlədən qazilərin, veteranların çıxışları ilə bir az da gözəlləşdi. Arzu edirik Dilarə Nağıyeva belə kitabların sayını bir az da çoxaltsın və biz də nəsillərə nümunə olan Vasif Tağıyev kimi qəhrəmanla fəxr edək.

Elçin MƏMMƏDLİ

 

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…