Əsas məzmuna keç

Qaradağın yeni başçısı ilk gündən sakinlərin yanındadır və…

Prezident İlham Əliyevin Sərəncamı ilə yeni təyin olunmuş Natiq Əliyev fəaliyyətinə ilk növbədə rayon ərazisi və əhalisi ilə ətraflı tanış olmaqdan başlayıb…

Neçə müddətdir Qaradağ RİH-in başçısı vəzifəsi boş qalmışdı. Nəhayət, Prezident cənab İlham Əliyev tərəfindən 28 sentyabr 2026-cı il tarixdən Natiq Əliyev Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olundu. Təyinatının ilk günündən isə N.Əliyev rayonun əksər kənd və qəsəbələrində əhali ilə görüşüb, onların şikayət və problemlərini dinləyib. Bildiyimiz kimi, Prezident İlham Əliyev dəfələrlə bildirib ki, “Hər bir məmur xalqa xidmət etməlidir. Xalqın birinci xidmətçisi isə mən özüməm”. Elə ona görə də yeni təyin olunan icra başçılarını qəbul edərkən cənab Prezidentin onlara ilk tapşırığı belə olur: “Xalqın arasına gedin, onların problemlərini həll edərək, xidmətində durun”.

Bəli, təyinatının ilk günündən rayonun əksər ərazilərini gəzib, yerli sakinlərin şikayət və problemlərini dinləyərək onların həlli üçün çalışan, bununla da bu az müddətdə əhali arasında hörmət və nüfuz qazanan, beləliklə də, cənab Prezidentin göstərişlərinə konkret əməli fəaliyyəti ilə rəng qatan Natiq Əliyev kimi kadrlarla fəxr etməyə dəyər.

xxx

Dünən- noyabrın 3-də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində şəhid  Etibar Şirəliyev adına 274 saylı tam orta məktəbin akt zalında icra başçısı Natiq Əliyevin sakinlərlə keçirilən görüşündə mən də qəsəbə sakini olaraq iştirak etdim… Məktəb demişkən, haşiyə çıxaraq qeyd edim ki, direktor Nəriman Mürsəliyev haqqında şagirdlər və valideynlərdən həmişə xoş sözlər eşidirik. N.Mürsəliyev gənc olmasına baxmayaraq, işini günün tələbləri səviyyəsində qura bilib. Elə başçı gələnə qədər tədbirə gəlmiş sakinləri, ayrı-ayrı qurum rəhbərlərini ev yiyəsi olaraq çox mehriban və səmimi qarşılaması, deyilən xoş sözlərin təsdiqidir. Nəriman müəllimə şagirdlərimizin biliklərə yiyələnməsi yolunda uğurlar arzu edirik.

xxx

İndi də keçək qəsəbədə baş tutan görüş barədə fikirlərimizə… Özüm də bir qəsəbə sakini kimi deyə bilərəm ki, burada illərdən bəri yığılıb qalmış çoxsaylı problemlərlə yanaşı, çox ciddi şəkildə yol problemi də var idi. Qəsəbə sakinləri və sürücülər Müşfiqabad qəsəbəsindəki mərkəzi yolun çox bərbad vəziyyətdə olmasından əziyyət çəkirdilər. Amma Allah naminə demək lazımdır ki, başçı sakinlərlə görüşməmişdən hələ 15-20 gün əvvəl, həmin mərkəzi yolun təmirinə başlanılmışdı və hələ də işlər davam edir. Bunu görən sakinlər, hələ Natiq Əliyevi görməmiş ona dualar edirdilər ki, əhalinin ən ağrılı yeri olan yolun təmirinə başlanması üçün aidiyyəti qurumlarla anlaşa bilib.

 Bu, özlüyündə çox müsbət haldır ki, icra başçısı  işlədiyi qısa müddət ərzində rayon ərazisindəki problemləri öyrənirb və onun həllinə çalışır. Elə icra başçısı ilə görüşdə də sakinlər bu yolun təmirini ayrıca qeyd edərək Natiq müəllimə təşəkkür edirdilər. Mən də qəsəbə sakini kimi öz çıxışımda N.Əliyevə yeni vəzifəsində uğurlar arzulayaraq bunları qeyd etdim: “Hörmətli, Natiq müəllim, özünüz qəsəbəyə gəlməmiş iziniz görünürdü. Dünya şöhrətli alim Xudu Məmmədovun belə bir bayatısı var:

“Əzizim bizim qala,

Həmişə bizim qala,

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala”.

 Natiq müəllim, insandan bu dünyada həmişə gördüyü işlər və qoyduğu izlər qalır. Ali Baş Komandan Prezident cənab İlham Əliyev 200-illik erməni probleminin kökünü kəsməklə və 30 il işğalda olan Qarabağ torpağını azad etməklə tarixdə silinməz bir iz qoydu. Allah bu yolda canlarından keçən şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə və veteranlarımıza Allah sağlam və uzun ömür versin… Mən eyni zamanda “Təzadlar” qəzeti və eyni adlı saytın baş redaktor müaviniyəm. 43 ildir mətbuatdayam. Bu baxımdan çıxış edib inamımı ifadə edirəm ki, Siz prezidentin və əhalinin etimadını gördüyünüz müsbət işlərlə doğruldacaqsınız. Yeni vəzifəyə başlayan kimi qəsəbənin mərkəzi yolunun təmirinə başlanması Sizin gələcəkdə daha böyük işlər görəcəyinizin sübutudur. Ona görə də, mənim də bir neçə təklifim var. Birincisi, qəsəbənin girişində kanalizasiya xətti tez-tez sıradan çıxır və mərkəzi yolu su basır. Əgər əvvəlcədən yolun altındaki kanalizasiya xətləri təmir olunmasa, çəkilən asfaltın ömrü çox qısa olacaq. İkincisi, qəsəbənin mərkəzi yolunun sağ və solunda çoxsaylı obyektlər var. O obyektlərin sahiblərinin çoxsunun evləri həmin obyektlərin arxasındadır. Amma həmin sahibkarlar maşınlarını həyətdə yox, məhz obyektlərin qarşısında saxlayırlar. Bu isə onsuz da çox da geniş olmayan mərkəzi yolu bir az da daraldır. Nəticədə avtobus və digər yüngül minik maşınlarının hərəkətlərinə maneə yaranır və tıxac problemindən qaçmaq olmur. Xahiş edirəm, ya inzibati tədbirlər görülsün, ya da həmin yerlərdə maşın saxlamağın qadağan olduğunu bildirən nişanlar qoyulsun. Üçüncü təklifim isə məsçidin qarşısından keçən yolla poliklinika tərəfə gedən yolun arasında təxminən 50 m təpəlik barədədir. Əgər həmin təpəliyi traktor vasitəsi ilə yarıb yol açılsa, həmin yol məsçidin yolu ilə poliklinikanın yolunu birləşdirərdi. Bu da qəsəbənin mərkəzi yoluna alternativ yol olar və əsas yoldaki tıxaclar da aradan qalxardı. Məni belə səbr və diqqətlə dinlədiyiniz üçün təşəkkür edirəm”.

  Mənim səsləndirdiyim təkliflərin hər birinə icra başçısı çox həssaslıqla yanaşdı və hər birinin də çox doğru olduğunu qeyd edərək, bu məsələnin üzərində işləməyi, eyni zamanda traktorla yolun açılması üçün aidiyyəti qurumlarla əlaqə saxlanılması barədə, onunla gələn icra hakimiyyətinin digər səlahiyyətli şəxslərinə xüsusi olaraq göstəriş verdi.

  Daha sonra Natiq müəllim, bəlkə də qəsəbə sakinlərindən 50 nəfərdən çox insanın şikayət və təkliflərini dinlədi və oradaca məsələnin həlli və araşdırılması üçün adiyyətı qurum rəhbərlərinə tövsiyyələrini verdi. Şikayətlərin ən çoxu da sənədsiz evlərin işıq, su, qaz və yol problemindən ibarət idi. Bu evlərin çıxarışı olmadığı üçün sakinlər müəyyən problemlər yaşayırlar… Məlum olduğu kimi, sənədsiz evlərin sənədləşdirilməsi üçün Prezident İlham Əliyevin xüsusi tövsiyyələri vardır. Görünür problem Dövlət Reyestr Xidmətindədir. Inanırıq ki, bu məsələ də tezliklə yoluna qoyulacaq…

xxx

Bir maraqlı məqamı da qeyd etmək istəyirəm. Başçıya müraciət edən sakinlərin heç biri Müşfiqabad qəsəbə icra nümayəndəsi Coşqun Bayramovdan və Bələdiyyə sədri Tərlan Məmmədovdan şikayət etmədilər. Deməli, bu iki məmur yerində olan və sakinlərlə işləməyi bacaran, onlara qayğıkeşliklə yanaşan kadrlardır. Yəni, həm C. Bayramov, həm də T.Məmmədov sakinlərin xidmətində durmağı özlərinin vəzifə borcu bilirlər. Sağ olsunlar…

Sonda onu da deyim ki, düz üç saata yaxın müddət ərzində sakinləri ayaq üstə dinləyən N.Əliyev olduqca işgüzar təsir bağışladı. İnanırıq ki, işlədiyi müddətdə N.Əliyev həm gördüyü müsbət işlərlə rayonda, həm də sakinlərin qəlbində unudulmaz izlər qoyacaq.

Elçin Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…