Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xırdalandakı “AAAF Park” yaşayış kompleksində gənc qızın itlərin hücumuna məruz qalması bir daha göstərdi ki, sahibsiz it problemi təkcə qorxu yox, həm də insan həyatı üçün real təhlükəyə çevrilib…

…Səhər uşağı məktəbə aparırdım. Qarşımıza bir sürü sahibsiz it çıxdı. Qorxa-qorxa, narahatlıq içində uşağı o itlərin arasından keçirib məktəbə çatdırdım. Hələ də uşağın üzündəki o qorxu anını yaddaşımdan çıxara bilmirəm. Bəlkə də tək mən deyiləm, bu şəhərdə yaşayan yüzlərlə, minlərlə insan bu qorxunu gündəlik həyatında hər gün yaşayır.

Elə yaşadığım bu gərginlik içində redaksiyaya daxil olmuşdum ki, iş telefonuna zəng gəldi. Dəstəyi qaldırdım. Həyəcanla danışan Aynurə adlı xanım idi. Məlum oldu ki, Xırdalan şəhər sakini Məmmədova Aynurə Tahir qızı da sahibsiz itlərin hücumuna məruz qalıb. Aynurə xanımın dediyinə görə, hadisə Xırdalanda yerləşən AAAF Parkın ərazisində baş verib. Gənc qız AAAF Parkın yanındakı dayanacaqda avtobus gözlədiyi zaman bir neçə sahibsiz it onun üstünə hücum edib:
“Üstümə birdən tökülüşdülər və az qala məni parçalayacaqdılar. Ətrafda insanlar olmasaydı, Allah bilir mənim axırım necə olacaqdı? Həmin insanların köməyi ilə əlim-qolum, ayaqlarım qan içində yaxınlıqdakı xəstəxanaya çatdırıldım. Ayağıma 3 yerdən tikiş qoyuldu. Quduzluq əleyhinə iynə də vuruldu. Ancaq hamısı öz hesabıma oldu. Pulsuz deyirlər, amma heç nə pulsuz deyil”, – deyə Aynurə xanım bildirdi. Onun sözlərinə görə, poliklinikada da süründürməçiliklə qarşılaşıb:
“Biri o birinin üstünə göndərdi, heç kim məsuliyyət daşımaq istəmədi. Hələ üstəlik, müalicəyə görə pul da aldılar. Halbuki deyirlər bu dövlət hesabına olmalıdır”.

İtin qulağında birka varsa, təhlükə yoxdurmu?
Bu günlərdə küçələrdə gördüyümüz sahibsiz itlərin əksəriyyətinin qulağında kiçik bir sırğa var. Rəsmi izaha görə, bu sırğa həmin heyvanın müəyyən prosedurlardan: əsasən peyvənd və tibbi baxışdan keçdiyini bildirir. Ancaq reallıqda bu sırğaların insanlar üçün nə qədər təhlükəsizlik təmin etdiyi sual altındadır.
Əvvəla, sırğa peyvənd olunmanın və ya sağlamlığın göstəricisi olsa da, bu itlərin aqressivliyini aradan qaldırmır. Son hadisələr sübut edir ki, sırğalı itlər də insanlara hücum edir, onları dişləyir, hətta fiziki xəsarətlər yetirir. Yəni sırğa itlərin təhlükəsiz olduğuna dair heç bir real təminat vermir.
Amma burada daha dərin və çox zaman unudulan bir məsələ var – psixoloji travma. Təsəvvür edin ki, səhər uşağınızla məktəbə gedirsiniz və qarşınıza bir sürü sırğalı it çıxır. Onlar sizə tərəf qaçır, hürür, ətrafınızda fırlanır. Həmin anda uşaq nə hiss edir? Qorxu, panika, güvən itkisi… Bəs qadın, uşaq, qoca tək gedərkən bu heyvanların onların üstünə hücum çəkməsi nə ilə nəticələnir? Təkcə fiziki yara ilə yox, travma ilə daim davam edən bir narahatlıq hissi ilə… Amma qulaqlarındakı sırğa heç kimi bu itlərin hücumundan sığortalamır. Deməli, sırğa vurulması bu travmanı ortadan qaldırmır. İnsanlar özlərini güvənli hiss etmirlər. Sırğa qulaqda olsa da, şübhə beyindədir. Hücum edən itin quduz olub-olmaması da həmin an fərq etmir, çünki qorxu reallıqdan daha tez təsir edir. İnsanların həyatı təhlükədə qalır, təhlükəsizlik hissi itir.
Sözün qısası, sırğa heç nəyi həll etmir. İctimai təhlükəsizlik, insan psixologiyası və cəmiyyətin rifahı üçün bu problemə daha ciddi və sistemli yanaşma tələb edilir.

Qısırlaşdırma nə üçün aparılmır?
Bir mühüm sual hələ də cavabsız qalır: əgər sahibsiz itlər tutularaq sırğa vurulub yenidən küçələrə buraxılırsa, nə üçün bu zaman onlar eyni zamanda qısırlaşdırılmır? Axı bu, onların say artımının qarşısını almağın tək və ən təsirli yoludur. Sırğa yalnız peyvəndin və həmin itlərin nəzarətdə olduğunun göstəricisidir. Amma qısırlaşdırma bu problemin kökündən həllinə yönəlmiş yeganə ciddi addımdır.
Bu məsələdə yaxın qonşumuz Türkiyənin təcrübəsi nümunə ola bilər. Orada sahibsiz itlər əvvəlcə xüsusi sığınacaqlara aparılır, sağlamlıq müayinəsindən keçirilir, qısırlaşdırılır və yalnız bundan sonra uyğun prosedurlarla təhlükə yaratmadığına əmin olduqdan sonra küçəyə buraxılır. Nəticədə, nəzarətsiz artım olmur, əhali də özünü daha təhlükəsiz hiss edir.
Amma bizdə vəziyyət fərqlidir. İllər keçir, problemlər isə daha da böyüyür. Sahibsiz itlərin sayı həndəsi silsilə kimi hər il artır. Parklar, dayanacaqlar, məhəllə araları, uşaq meydançaları – bir sözlə, bir çox ərazi itlərin nəzarəti altına keçib. İnsanlar qorxu içində yaşayır, axşamlar təkbaşına küçəyə çıxmaqdan çəkinirlər. Gündüz saatlarında belə məktəblilər it sürülərinin arasından keçməli olurlar.
Ən acınacaqlısı isə budur: bu sahibsiz heyvanlar təkcə orda-burda gəzmirlər, əslində gecə-gündüz “iş başındadırlar”. İnsanlar ironiya ilə deyirlər ki, bu itlər üç növbə işləyir: nə gündüz sakit dururlar, nə gecə. İstirahət etmirlər, daim hərəkətdədirlər. Bu isə təkcə təhlükə deyil, psixoloji basqı, həm də insanların stress və qorxu içində yaşaması deməkdir. Bu isə insanlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Küçə həyatının ritmini artıq insanlar yox, itlər müəyyənləşdirir.
Bu mənzərə dəyişməzsə, biz təkcə sağlamlıq və təhlükəsizlik deyil, həm də sosial həyatımızın yaşam tərzini itirəcəyik.

Sahibsiz it problemi təkcə Xırdalanın dərdi deyil
Təəssüf ki, bu cür hadisələr təkcə Xırdalanla məhdudlaşmır. Problem artıq lokal deyil, ölkə miqyasında genişlənən təhlükə halını alıb. Şəhərin mərkəzi küçələrindən tutmuş Bakının ətraf kənd və qəsəbələrinə qədər sahibsiz itlər sərbəst şəkildə gəzib dolaşırlar. Onlar dayanacaqlarda, məktəb yaxınlıqlarında, park və həyət aralarında rahatlıqla gəzir, bəzən isə qruplaşaraq insanlara hücum edirlər. Bütün bunların fonunda isə sakinlər bu təhlükə qarşısında tamamilə tək qalıblar.
Ən acınacaqlısı isə odur ki, məsuliyyət daşımalı olan qurumlardan səs çıxmır. Aidiyyəti dövlət orqanların reaksiyası ya gecikir, ya da ümumiyyətlə olmur. Sosial şəbəkələrdə yayılan görüntülər, vətəndaşların mətbuat vasitəsilə etdikləri müraciətlər, hətta baş verən dişləmə hadisələri belə heç bir real tədbirlərin görülməsi ilə nəticələnmir. Problemin ciddiliyinə baxmayaraq, hələ də effektiv bir yanaşma yoxdur.
Və burada haqlı olaraq ortaya bir neçə sual çıxır: nə üçün bu heyvanlar sığınacaqlara aparılmır? Əgər işçi çatışmazlığı varsa, niyə bu sahədə əməkdaşlığa və ya alternativ həll yollarına gedilmir? Əgər itləri tutub sığınacağa aparmaq mümkün deyilsə, niyə bunun əvəzinə yalnız “sırğa vurulubsa, problem yoxdur” kimi cəfəng təsəlliylə işlərini bitmiş hesab edirlər?..
Unutmayaq ki, sırğa hüquqi məsuliyyəti ortadan qaldırmır, əksinə məsuliyyətli davranmayan sistemin iş prinsipinə çevrilir. Qanunvericilikdə heyvanların müdafiəsi və insan təhlükəsizliyi ilə bağlı tənzimləmələr mövcuddur. İti öldürənə küllü miqdarda cərimə tədbiq edirlər. İtin dişləyib zərər yetirdiyi insan isə öz hesabına müalicə olunur. Bu təzadı kimsə izah edə bilərmi? Lakin kağız üzərində qalan qanunlar, icra edilmədikcə bir nəticə vermir.
Bu gün baş verən hadisələr: it hücumları, insanların aldığı xəsarətlər, yaşadıqları qorxu və narahatlıq sistemsizliyin və səhlənkarlığın nəticəsidir. Və sual budur: insanların canı və psixoloji sağlamlığı bahasına sürən bir məsuliyyətsizliyin adı nədir?
Bu sahədə sistem varsa, işləməlidir. İşləmirsə, dəyişməlidir.
Elşad FƏRMANOĞLU