9 İyul 2025 / 10:21

Bu gün onun xatirə günüdür-RƏSULZADƏNİN OĞLU AZƏR RƏSULZADƏNİN

Bu gün Azərbaycan Cümhuriyyətinin banisi böyük Məmməd Əmin Rəsulzadənin sonbeşik oğlu Azər Rəsulzadənin vəfat etdiyi gündür. Azər Rəsulzadə ömrünün böyük hisəsini ucqar yerdə repressiya olunduğu Qazaxıstanın Karakanda şəhərində yaşayıb.
Xatirəmdədir: iyulun 8-də vəfat edən Azər Rəsulzadə 1993-cü ilin İyulun 9-da doğulduğu Novxanı kəndinə gətirildi. Burada ulu babası Axund Hacı Molla Ələkbərin yanında dəfn edildi..
Bununla da Azər Rəsulzadə bu ailənin vətən torpağında dəfn olunan ilk insanı oldu və başdaşına da bu sözlər yazıldı: “Bu ailədən Azərbaycanda–Vətəndə uyumaq tək sənə nəsib oldu”
Azər Rəsulzadə uzun ömür yaşadı deyirlər. Elə insanlar var ki, onların ölməyini istəmirsən. Bir də ki, insan ömrü onsuz da qısadır. Amma qoy siz deyən olsun: Azər Rəsulzadə Məmməd Əmin Rəsulzadənin uzun ömür yaşayan yeganə övladı oldu.
Amma əgər buna yaşamaq demək olarsa…Buna ömür demək olarsa. Bu bu yaşayışın, bu ömrün bir adı var: Bir ömürlük sürgün, bir sürgünlük ömür.
M.Ə.Rəsulzadə Azərə ad qoyub gedəndə Azər iki aylıq idi. Əsl adı Əliheydər idi o vaxt. Bununla da Azər Rəsulzadə M.Ə.Rəsulzadənin oğluna qoyduğu Azərbaycanın ilk Azəri oldu.!
Hər dəfə M.Ə.Rəsulzadə nəslinin, ailəsinin başına gətirənləri oxuduqca özümə gələ bilmirəm. Bu qədər dəhşətlər, vəhşiliklər olarmı?! Bu mənada Azər Rəsulzadənin də xatirələrini oxuyanda ürək dayanır sanki. Gəlin, biz də heç olmasa bu ailənin Kazaxıstan çöllərində hansı məşəqqətlərlə yaşamasını öz üzərimizdə hiss edək. Çox ağrılıdır. Təsirsiz oxumamaq mümkün deyil.
“Axşamüstü anam getmişdi xalamgilə, maşınla bizi aparmağa gəldilər. Əvvəl anamın harda olduğunu soruşdular. Sonra məni də maşına mindirib apardılar xalamgilə. Anamı götürüb gəldilər. Evdəki şeylərdən heç nəyi götürməyə qoymadılar. Evimizdə bir tar var idi. Anam tarı o vaxtın pulu ilə 130 manata almışdı. Tarı götürmək istədim. İkisi etiraz etmədi, lakin üçüncüsü tarı əlimdən alıb bir qırağa atdı. (Anasının aldığı o yadigar tarı Azər müəllim sonradan soraqlayıb tapıb və geri alır). Sonra bizi maşına mindirib apardılar həbsxanaya. Yadımdadır ki, həmin günü güclü yağış yağırdı. “Azneft” meydanını su basmışdı. Bizi aparan maşın çətinliklə gölməcələri yarıb keçirdi. Əvvəl istədilər ki, hamımızı çoxlu kişilər olan kameraya doldursunlar, lakin bacım Xalidə etiraz etdi, qışqırıb hay-küy qopartdı…
Ailəmizi həbs edəndən sonra bizi Gəncəyə apardılar. Düz bir ay Gəncə həbsxanasında qaldıq. Sürgünə göndərilənlər çox olduğundan, biz növbə gözləyirdik. Nəhayət, gəlib sabah yola düşəcəyimizi dedilər. Vəziyyətimiz yaxşı deyildi. Özümüzlə demək olar ki, heç nə götürməmişdik. Başqa ailələrə pal-paltar, yorğan-döşək götürməyə imkan vermişdilər. Bizim ailəyə isə hər şey qadağan olunmuşdu. Düz 28 gün qatarda yol getdik. Şəraitimiz dəhşətli dərəcədə dözülməz idi. Hər vaqonda beş-altı ailə gedirdi. Qoca nənəm dindar adam idi. Özgə kişilərin yanında bayıra çıxmamaq ucun düz 28 gün heç nə yemədi, elə hərdən qəndi suya batırıb sümürürdü, aclığa tab gətirsin. Min bir əzablı, əziyyətli yol səfərindən sonra gəlib Qazaxıstana, Taldı-Kurqana çatdıq. Əvvəlcə bizi oradakı bir orta məktəbin siniflərinə doldurdular. Qazaxıstanın 40-50 dərəcə soyuğunda hamımız donurduq. Yerli qazax uşaqları gəlib maraqla bizə baxırdılar. Bəzən gətirib çörək də verirdilər. Həmin vaxt ikinci bir ağır zərbə aldıq. 28 gün çörək yeməyən nənəm uzun müddətin aclığından və bizə verilən xörəyi yeyəndən sonra dünyaya göz yumdu…”
Bu ailənin ilk qurbanı isə Rəsulzadənin böyük oğlu Rəsul olub. Azər bəy qardaşından danışanda 70 yaşı olmasına baxmayaraq, çox kövrəlirdi. Bir dəfə də dedi ki, “bağda qardaşımla uzanmışdıq. Birdən əsgərlər gəlib zorla qardaşımı bizdən ayırıb apardılar. Bütün ailə ah-nalə edir, fəryad qoparırdı. Amma onlara kimsə fikir vermirdi. Rəsul çox gözəl bilirdi ki, onu güllələməyə aparırlar”.
Mən sonradan istintaq materialları ilə tanış oldum. Rəsul sorğu-sual zamanı cəmi bircə dəfə deyir ki, “mümkünsə, məni güllələməyin. Gəncliyimə, cavanlığıma baxıb bunu etməyin”. O, yalvar-yaxar etmir, sadəcə, yüksək təmkinlə bircə dəfə bunu deyir. Amma buna əməl edilmir, Rəsul güllələnir. Azər Rəsulzadə bu əhvalatı mənə danışanda çox möhkəm kövrəlirdi”. (Nəsiman Yaqublu: “Məhəmməd Əmin Rəsulzadə”, Bakı, Gənclik, 1991).
***
…Azər bəy 1988-ci ildə Bakıya gəlib və o günləri mən də xatırlayıram. Bu haqda oğlu Rəis Rəsulzadə isə atasının Bakı səfəri haqqında belə deyir: “1988-ci ildə də gəlmişdi bura. Meydanda toplantıları, tonqalları görürdü. Bu, onu təəccübləndirirdi. Bir yandan da çox sevinirdi. Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəylə də yazışırdı. Onların bir-birlərinə məktubları var. Atam 1991-ci ildə yenə Bakıya gəlmişdi. Xəstələndi. Bir müddət Mərkəzi Klinik Xəstəxanada yatdı. Qayıtmazdan qabaq Novxanıya getdi. Ulu babamızın məzarını ziyarət elədi. Gördüm əliylə göstərir ki, məni burda dəfn edərsiniz….”
1993-cü il iyulun 8-də rəhmətə getdi. Gətirib bir gün sonra iyulun 9-da Novxanıda ulu babası Axund Hacı Molla Ələkbərin yanında dəfn etdirərək başdaşına belə yazdırdıq: “Bu ailədən Azərbaycanda–Vətəndə uyumaq tək sənə nəsib oldu”
Bax, belə …Düşünürəm ki, Rəsulzadə ailəsinin əvəzi yoxdur.
sözardı 1. Həqiqət naminə deməliyəm ki ,Azər bəyin ilk tədqiqtçısı Rəsulzadə irsini ələk -vələk edən rəsulzadəşünas şair Teyyub Qurban olmuşdur Bu haqda elə M.Ə. Rəsulzadənin oğlu Azər belə demişdi: «İlk dəfədir ki, qapımı Azərbaycandan gəlmiş tanımadığım bir adam döyürdü. Bu Teyyub Qurban idi.” Sonralar isə bu haqda tədqiqitları Nəsiman Yaqublu və b. davam etdirmişlər.
sözardı 2.Azər rəsulzadə ,M.Ə.rəsulzadə haqqında ilk yazarlardan biri də M.Ə.rəsulzadənin qohumu olan mərhum Mövsüm Əlyev idi. O əqədər təvazökar idi ki, Rəsulzadənin qohumu olduğunu gizlədirdi. Azər bəylə də yaxın dost idilər. Mövsüm Əliyev İlk yazılarını 1987-ci ildən Akademiyanın ‘Odlar yurdu’ qəzetində çap etdirirdi. Rəsulzadə haqqında ilk böyük yazını da ‘Azerbaycan’ jurnalının 1989-cu il mart nömresinde Mövsüm bəy yazmışdı.
Baba Allahnəzərov
“Təzadlar”dan: Fotodakı görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin oğlu Azər Rəsulzadədir. O, 1920-ci ildə, bolşeviklərin Azərbaycanı işğal etdiyi bir dövrdə, üçrəngli Azərbaycan bayrağı azad Vətən göylərindən yerə endirilən o qaranlıq ilin yayında dünyaya gəlmişdi. 1920-ci il, iyun ayının 15-i… Məhəmməd Əmin bəy oğlunu cəmi bircə dəfə görmüşdü. Bir neçə dəqiqəlik bu görüşdən onun ağlında balasından qalan bircə xatirə bu idi: “Atasının öpüşündən oyanan uşaq ağlayır…”
Azər Rəsulzadənin çox ağırlı – acılı, keşməkeşli həyatı olub. O, 1937-ci ildə, cəmi 17 yaşında olanda sürgünə göndərilib. Demək olar ki, ömrü sürgündə, Vətəndən uzaqda keçib, 73 illik həyatının böyük bir hissəsini Azərbaycan həsrətiylə yaşayıb. Qazaxıstanda rəssam, pedaqoq kimi fəaliyyət göstərən Azər Rəsulzadə yalnız ölümündən sonra vətənə “dönüb”… O, 1993-cü ildə Qazaxıstanda – Karaqandada dünyasını dəyişib və Novxanı məzarıstanlığında dəfn edilib. Azər bəyin məzarı üstündə “Məhəmməd Əminin ailəsindən doğma vətəndə uyumaq 56 il sürgündən sonra yalnız sənə nəsib oldu” sözləri yazılıb…
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!