Təhsil naziri Emin Əmrullayev bəyan edib ki, bu il sertifikasiya imtahanından keçə bilməyən 7 mindən çox müəllim işdən çıxarılıb. Deməli, minlərlə müəllim ailəsinin çörəyi kəsilib…
Bəli, müəllimlər hazırda cəmiyyətin işsizlərdən və pensionerlərdən sonra ən kasıb təbəqəsidir. Hər müəllim 500-600 manat maaş alır və zorla ailə dolandırır, evinə çörək aparır. 7 min müəllimin hardasa 6 mini qadındır və onların az qala yarısı tək qadındır. Deməli, 3 mindən çox ailə ac qalmaq təhlükəsi qarşısındadır. Siz, qadın müəllimənin Qul bazarına getməsini, harın evlərdə bir qarın cörəyə günəmuzd xadiməlik etməsini təsəvvür edirsinizmi?!
Məlum olduğu kimi, Bakıda Qul bazarları çoxdur, orada əsasən kişilər işləyir, və öz əməklərini qəpik-quruşa satırlar. Mən bu bazarlara yazı hazırlamaq üçün dəfələrlə getmişəm və müəyyən sosial sorğu keçirmişəm. Və tam məsuliyyətlə deyə bilərəm ki, Qul bazarında öz əməyini satanların beşdən biri, yəni 20 faizi ali təhsilli müəllimdir. Deməli, müəllimlərin sertifikasiya imtahanları həm də qul bazarlarına işləyir…
Sertifikasiya imtahanlarından söz düşmüşkən, imtahan mürəkkəb və çətin bir prosesdir və cavan adamlar üçün nəzərdə tutulmuşdur. 40-ı, 50-ni, bəzən 60-ı keçmiş müəllimləri təhsil prosesindən ayırmaq, 10 illik tədris proqramını öyrənməyə və əzbərləməyə məcbur etmək kimə və nəyə lazımdır?! Axı, bunun təhsil prosesinə də, müəllimlərə də ancaq ziyanı dəyir. Axı, Təhsil Nazirliyinin müəllimləri imtahan etmək kimi bir səlahiyyəti yoxdu. Müəllim Universitet imtahanlarını uğurla vermiş, diplom almış bir mutəxəssisdir. Təhsil Nazirliyi ancaq bu diplomların saxta olub-olmadığını yoxlaya bilər.
Və son olaraq. Təhsil naziri Emin Əmrullayev həm də etiraf edib ki, onun əmri ilə işdən azad olunan məktəb direktorlarının beşdən biri, yəni 20 faizi məhkəmələrin hökmü ilə yenidən işinə bərpa olunub. Deməli, Təhsil Nazirliyinin qəbul etdiyi qərar və verdiyi sərəncamların beşdən biri səhvdir. Deməli, işdən çıxarılan 7 min müəllimin məhkəməyə müraciət etmək imkanı olsaydı, 1400-dən çox müəllim yenidən işinə bərpa oluna bilərdi. Bu, hələ aysberqin görünən tərəfidir…