Azərbaycan muğam sənətinin böyük ustadı, Xalq artisti Arif Babayevin vəfatı xəbərini dərin kədər və hüznlə qarşıladım. Onun bənzərsiz ifası, sənətə olan sədaqəti və muğam məktəbinə verdiyi misilsiz töhfələr xalqımızın mədəni irsində silinməz iz qoydu.
TEZADLAR.AZ xəbər verir ki, bu fikirləri MCP lideri, millət vəkili Razi Nurullayev özünün sosial media hesabındakı paylaşımda qeyd edib.
“Arif Babayev təkcə bir sənətkar deyil, həm də məktəb idi. O, yetişdirdiyi onlarla tələbə ilə Azərbaycan muğamının gələcək nəsillərə ötürülməsində müstəsna rol oynadı. Onun səsi və sənəti daim yaşayacaq, qəlblərdə əbədi olaraq qalacaq.
Bu ağır gündə mərhumun ailəsinə, yaxınlarına, sənət dostlarına və bütün xalqımıza dərin hüznlə başsağlığı verir, səbr və dözüm arzulayıram”, – deyə Razi Nurullayev bildirib.
Qeyd edək ki, bu gün səhər Xalq artisti Arif Babayev vəfat edib.
Xatırladaq ki, ustad sənətkar iyulun 23-də kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib və vəfat etməsinə qədər burada müalicəsi davam etdirilib.
JASMİN