1992, noyabr, ya dekabr… Mərhum Məmməd Nazimoğlu dedi ki, yazını bu gün nahara kimi gətirsən, sabah nömrəyə gedəcək. Həftəlik qəzetdi, redaksiyaya tələsdim. Yeri gəlmişkən, mən 90-larda Rusiyada işləyirdim, Azərbaycana arabir gəlib-gedirdim…
“Aydınlıq” qəzetinin redaksiyası o vaxtlar Nizami kino-tearına bitişik binada yerləşirdi. Özümü vaxtında çatdırdım, yazını Baş redaktora verdim. Həmin gün mənim “Ədəbiyyat” qəzetində “Dağdan insanlığa marşrut” adlı hekayəm getmişdi. Qəzet Məmmədin stolunun üstündə idi. Allah rəhmət eləsin, qoltuğuma bir yox, lap “iki qarpız” verdi, yazımı xeyli təriflədi. Üstündən “100 il” keçib, amma sözləri indi də qulaqlarımdadır: “Maraqlı süjet qurmusan, təbiətin təsvirində isə, lap göylərə çıxmısan”. Mən tərif xoşlayan deyiləm, amma istedadlı adamdan eşidəndə…
Nə isə, cibmdən “Marlboro” qutuları çıxardım, Məmmədə “rüşvət” verdim. Bilirdim, yaxşı siqaret çəkəndir. 4 qutu idi, hamısı da “Amerikanski”. Məmməd mat qaldı, hətta matının dərəcəsinə uyğun, uzun bir fit çaldı, “bunlardan İskəndər Həmidov çəkir” fikrini ortaya atdı. Razılaşdım, “Minnətçi olmuşam, Boz Qurdun özündən almışam” dedim. “Nəyi olmasa da, mərdliyi var” dedi, “amma indi böyüyüb, bizim redaksiyaya gəlib-gedən, bizə qonaqlıq verən həmin oğlan deyil”… Hiss edirdim, zarafatlıq ovqatı yox idi, yaman dilxor idi. Səbəbini soruşdum, əvvəl bir az tərəddüd etdi… Sonra dərd də paylaşanda azalır dedi…
“Deməli, səhər işə gəlirdim, aşağıda lifti gözləyirdim. Liftin arxasından səs-küy eşitdim. Tez pilləkanla qalxdım, səs gələn tərəfə baxdım. İki nəfər idilər, biri hündür, qıvraq, o biri bizi boyda, amma zorba. Mahal (mərhum jurnalist Mahal İsmayıloğlu – Q.A.) yerdə idi, norka papağı başından düşmüşdü, layka kurtkası da toza batmışdı. Mən Mahalın papağını yerdən götürdüm, qoçular özlərini itirdilər. Hündür, qıvraq olan üstümə gəldi. Amma zorba oğlan məni tanıdı, başı ilə salamladı. Mənim yerlim, ağdaşlı idi, qonşu kənddəndi, İskəndər Həmidovun Mühafizə xidmətində işləyirdi. Yerlim mənimlə əl verib görüşdü, həmkarının qolundan çəkdi, sakitcə çıxıb getdilər…”
Dedim “yaxşı, sonra nə oldu, Mahal nə dedi?!” Məmməd gülümsədi, “Heç zad… Mahal ayağa durdu, papağını məndən aldı, çırpıb başına qoydu. Dedi ki, sən bunların qanının arasına girdin, atalarını yandıracaqdım…”