Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

2025-ci ilin aprel ayından bəri Özbəkistan hər ay 1 milyondan çox xarici turisti qəbul edib ki, bu da rekord göstəricidir.
Tezadlar.az xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişiklikləri Nazirliyi yanında Turizm Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd edilir ki, ölkə tarixində ilk dəfədir ki, belə göstəricilərə nail olunub.
İlin ilk doqquz ayında Özbəkistana 8,6 milyon xarici turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,5% artım deməkdir.
Ötən 2024-cü il ərzində Özbəkistana ümumilikdə 10,1 milyon xarici turist gəlib.
2022-ci illə müqayisədə Böyük Britaniyadan turist axını 2,6 dəfə, Qətərdən 6,2 dəfə, ABŞ-dan 3 dəfə, Fransadan 2,9 dəfə, Rusiyadan 2,1 dəfə, Macarıstandan 3,3 dəfə, Almaniyadan 2,5 dəfə, Polşadan isə 6 dəfə artıb.
Turizm ixracı da bu il rekord həddə çataraq 3,6 milyard dolları (2025-ci ilin 9 ayında) keçib (2024-cü il üçün 3,4 milyard dollarla müqayisədə).
Turizm Komitəsi qeyd edib ki, sektorun inkişafına son illərdə həyata keçirilən islahatlar, o cümlədən viza rejiminin sadələşdirilməsi və sahibkarlar üçün stimullar, habelə Özbəkistanın xaricdə tanıdılması səyləri kömək edib.
***
Qeyd edək ki, 2024-cü il ərzində xarici ölkələrdən Azərbaycana 1 milyon 855,1 min nəfər turist gəlib ki, bu da ayda təxminən 185,000 nəfər deməkdir.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına istinadən 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı cəmi 1 720 548 nəfər olub. Onlardan 1 219 324 nəfəri sırf turizm məqsədilə gələnlərdir.
Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə bildirib ki, 2025-ci ildə Azərbaycana gələn turistlərin sayı 3 milyona çatacaq. İlin sonuna isə çox az qalıb… Onun sözlərinə görə, 2028-ci ilə qədər illik turist sayının 4 milyona yüksəlməsi proqnozlaşdırılır.
Amma hələ ki, biz bütün turizm imkanları geniş olan ölkə olmağımıza rəğmən, yetəri qədər turist cəlb edə bilmirik. Bunun isə səbəbləri müxtəlifdir – həm paytaxtda, həm də regionlarda: yeməklərin bahalığı, keyfiyyətsiz xidmət, taksilərlə bağlı problemlər və s.
Məsələn, yayda “Hilton Baku” hoteldə yerləşmiş turistin yemək üçün ödədiyi məbləği sosial şəbəkədə paylaşması hamını heyrətləndirdi. Müştəridən servis qiyməti daxil 1290 manat pul alınmışdı. Burada bürger turistlərə 49 manata, 0.75 litr qazlı və qazsız “Sirab” 11 manata satılıb… Turistlərin müxtəlif məzmunlu narazılıq dolu paylaşımları ölkəyə gəlmək istəyənləri də geri çevirir desək, yalan olmaz. Bir çox istirahət mərkəzləri, restoranlar isə (bölgələr daxil) turist görəndə qiymətləri birə beş artırır. Onlar düşünmürlər ki, bir dəfə soyduğu, kələk gəldiyi turist bir daha həmin yerə addımını atmaz. Bir dəfədə çox pul qazanmaq hərisliyi əcnəbi turisti bir daha geri dönməmək fikri ilə ölkədən uzaqlaşdırır və onun növbəti dəfə istirahər üçün daha münasib qiymətlərə malik ölkəni seçməsinə səbəb olur.
Onu da əlavə edək ki, quru yollarının bağlı olması da yol xərclərinə təsir etdiyi üçün hazırda turizmlə bağlı istədiyimiz nəticəyə nail ola bilmirik…
Y.Məmmədli