…Müqaviləyə əsasən Pakistan 4.6 milyard dollar qarşılığında Azərbaycana 40 ədəd 4.5-ci nəsil “JF-17 Block III” qırıcı təyyarəsi satacaq. Bu gün Pakistandan Bakıya növbəti partiya çatdırılıb. Sözüm onda deyil…
ABŞ-ın beyin mərkəzi olan “The National Interest” jurnalında “Why Azerbaijan Is the Next Front of US-China Competition” (Niyə Azərbaycan ABŞ-Çin Rəqabətinin Növbəti Cəbhəsidir) adlı məqalə gedib.
Məqalədə II Qarabağ müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda dominant mövqeyə sahib olması vurğulanır. Qeyd olunur ki, Rusiya və İranın zəifləməsi fonunda Azərbaycan güclənib. Amerika bu faktoru nəzərə almalıdır.
Məqalənin bu hissəsi bizim üçün xüsusi ilə önəmlidir: “Hələ də 907-ci düzəliş ABŞ-ın Avrasiyadakı strateji, iqtisadi və diplomatik maraqlarına maneə olaraq qalır və dərhal ləğv olunmalıdır. Cənubi Qafqazın geosiyasi mənzərəsindəki dramatik dəyişikliklərə baxmayaraq, bəziləri hələ də əvvəlki statusu qoruyub saxlamağın tərəfdarıdır. Ancaq 907-ci düzəlişin saxlanması ilk növbədə ABŞ-Azərbaycan münasibətlərindəki hər hansı bir çəkişmədən istifadə etmək istəyən Rusiya, İran və Çinin maraqlarına xidmət edir. Pekin regional əlaqə baxımından Azərbaycan-Ermənistan sülhündən nəinki faydalanmağa hazırdır, həm də artıq Pakistan üzərindən 4.5 nəsil JF-17 qırıcıları ilə Bakını təchiz edir”.
Məqalədə deyilir ki, son 6 ayda İlham Əliyev 2 dəfə Pekində olub. Əlbəttə, bu, təsadüfi deyil…
Öz tərəfimdən onu deyim ki, avqustda İlham Əliyev və Nikol Paşinyanın Donald Trampın iştirakı ilə Vaşinqtonda keçirilən görüşünündən sonra 907-çi düzəliş yenidən donduruldu. O vaxt mən yazmışdım ki, fürsətdən istifadə edib 907-ci düzəlişi ləğv etmək lazımdır. “The National Interest”in də bu mövqedən çıxış etməsi ümidləri artırır. Artıq ABŞ-Çin rəqabəti Azərbaycanı da öz ağuşuna alıb. 907-ci düzəliş hazırda ABŞ-ın Cənubi Qafqazdakı maraqlarına ciddi ziyan vurur…
Keçirəm ikinci məsələyə. “The National Interest” iddia edir ki, Azərbaycanın Pakistandan aldığı qırıcılar əslində Çinindir. Və Çin Pakistan üzərindən bu qırıcıları Azərbaycana satır…
Bəllidir ki, Pakistan Çinin lisenziyası əsasında “JF-17 Block III” qırıcı təyyarəsini istehsal edir. Belə görünür ki, Pakistan bu qırıcıları istədiyi ölkəyə sata bilməz. Bu işə Çin razılıq verməlidir. Yəni Pakistanın Azərbaycana bu qırıcıları satmasına rəsmi Pekin icazə verib. Bu razılıq olmasaydı, Pakistan Azərbaycana bu qırıcını sata bilməzdi…
Elbəyi HƏSƏNLİ,
Surix