4 Noyabr 2025 / 12:04

“Neft sektorundakı azalmaya rəğmən, qeyri-neft sektoru hesabına iqtisadi artım qorunur”

Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın iqtisadi göstəriciləri ilə bağlı fikirlərini də bölüşüb.
Dövlət başçısı ümumi daxili məhsulun çox artmamasının neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsi ilə bağlı olduğunu bildirərək iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsinin qeyri-neft sektoru olduğunu qeyd edib.
2025-ci ilin ilk 9 ayında Azərbaycanda ümumi daxili məhsul 1.3 faiz artasa da, qeyri neft-qaz sektorunda 2,9 faiz artım qeydə alınıb. Bu o deməkdir, ki, qeyri-neft sektorundakı artım ümumi iqtisadi artımı 2 dəfə bənd üstələyir.
Tezadlar.az  xəbər verir ki,  bunu iqtisadçı deputat Vüqar Bayramov bildirib.
“Bu qeyri-neft sektorunun iqtisadi inkişafda əsas drayverə çevrilməsi deməkdir. Həmin dövrdə neft-qaz sektorunda əlavə dəyərin 1,9 faiz azalması qeydə alınıb. Göründüyü kimi, neft sektorundakı azalmaya rəğmən, qeyri-neft sektoru hesabına ümumi iqtisadi artım tempi qorunub saxlanılır.
Enerji sektorundakı azalmaya gəldikdə isə, bu daha çox neft hasilatının aşağı düşməsi ilə bağlıdır. Belə ki, sözügedən dövrdə mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,6 faiz azalmış, qaz hasilatı isə 2,8 faiz artmışdır. Deməli, enerji balansında da dəyişiklik müşahidə edilməkdədir və qaz hasilatı artım dinamikasını qoruyub saxlayır.
Bütün bunlar ilə yanaşı, iqtisadiyyat şaxləndirilməsi ilə bağlı islahatların dərinləşməsi daha da prioritetləşməkdədir. İqtisadiyyatın ağardılması, şəffaflığın artırılması ilə bağlı islahatlar real sektorun inkişafı üçün yeni imkanlar yaradır”. – deyə o qeyd edib.
Qeyd edək ki,  Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağında çıxışı zamanı ““Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Düzdür, ümumi daxili məhsul çox artmır. Bunun da əsas səbəbi neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir. Ancaq bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur. Bu, bizim ümumi iqtisadiyyatımızın əksəriyyətini təşkil edir”, – deyib.
Prezident həmçinin diqqətə çatdırıb ki, Azərbaycanın  valyuta ehtiyatları ildən-ilə artır və bu il də əhəmiyyətli dərəcədə artıb, 80 milyard dolları ötüb:
“Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 16 dəfə çoxdur. Biz əgər istəsək, xarici borcumuzu bir neçə ay ərzində sıfırlaya bilərik”.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!