“Elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır… Elmimizin praktik nəticələri olmalıdır. Təkcə elmi əsərlərdə yox, həyatda.” — Prezident İlham Əliyev, AMEA-nın 80 illiyi.
***
Bu fikirdə çox mühüm mesaj var: elm laboratoriyalarda qalarsa, iqtisadi inkişaf yalnız rəqəmlərdə görünər, reallıqda yox. Hazırda Azərbaycanın ÜDM-də elmin payı 0,2%-dən azdır.
Tezadlar.az xəbər verir ki, bunu tanınmış
təhsil eksperti Kamran Əsədov bildirib.
O vurğulayıb ki, bu göstərici Cənubi Koreyada 4,9%, İsraildə 5,6%, Almaniyada 3,1%-dir:
“Bu fərq, əslində, innovasiyanın, texnologiyanın və sənayeləşmənin tempini müəyyənləşdirir.
Əgər elmi nəticə istehsalata, təhsilə və gündəlik həyata keçmirsə, həmin bilik kağız üzərində qalır. Universitetlər ilə sənaye arasında əlaqə sistemli şəkildə qurulmadan nə “startap ekosistemi”, nə “texnoloji müstəqillik” reallaşacaq”.
Kamran Əsədov qeyd edib ki, elmin dəyəri nəticəsi cəmiyyətin rifah halının yüksəlməsində görünməlidir.
“Elm yalnız məqalə və sitat göstəriciləri ilə deyil, ictimai və iqtisadi təsiri ilə ölçülməlidir.
Elmin dəyəri onun praktikliyindədir — nəticə cəmiyyətin rifahında görünməlidir”,- deyə o vurğulayıb.
JASMİN