12 Noyabr 2025 / 16:16

“Bəzi məmurlar bu göstərişləri yerinə yetirmək əvəzinə, ancaq öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər”

Bölgələrdəki ekoloji tarazlıq mütləq qorunmalıdır, ətraf mühitə böyük diqqət göstərilməlidir. Bizim bölgələrimizdə prinsip etibarilə ekologiya ilə bağlı ciddi problemlər yoxdur. Əsas problemlər Bakı şəhərində idi ki, biz bunu uğurla həll edirik. Bakının yeni mənzərəsi bunun əyani sübutudur.

Tezadlar.az  xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev  yeni səlahiyyətli nümayəndə və icra başçılarının qəbulu  zaman deyib:

“Vaxtilə burada ekoloji fəlakət hökm sürürdü. Həm Bakı, həm Sumqayıt ekoloji cəhətdən ən çirklənmiş şəhərlər hesab olunurdu. Bu gün isə bu, belə deyil. Bu gün Bakı, Sumqayıt parklar şəhərləridir. Biz köhnəlmiş müəssisələri köçürdük, neftlə çirklənmiş yerləri abadlaşdırdıq, rekultivasiya etdik, parklar saldıq. Qara şəhəri Ağ şəhərə çevirdik. Bölgələrdə isə əlbəttə ki, ekoloji tarazlığın təmin edilməsi üçün, necə deyərlər, başqa üsullar var. Ona görə burada qanunsuz fəaliyyət daha çox ekoloji ziyan vurur, nəinki neft-qaz sənayesi. Ona görə qanunsuz fəaliyyəti məhdudlaşdırmaq, aradan qaldırmaq üçün mənim tərəfimdən müvafiq göstərişlər verildi, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ki, burada çayların məcralarının dəyişdirilməsi, tikinti üçün lazım olan qanunsuz malların işlənməsi, istehsalı – bütün bunlar tənzimlənməlidir və qanunsuz fəaliyyətə qətiyyən yol verilməməlidir.

Bir sözlə, Azərbaycanın bölgələri bu gün ən yüksək standartlara cavab verməlidir. Yenə də deyirəm, son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür. Doqquz beynəlxalq hava limanı, yenilənmiş, təmir edilmiş və yeni çəkilmiş dəmir yolları, magistral avtomobil yolları, elektrik infrastrukturu, suvarma ilə bağlı, içməli su ilə bağlı olan layihələr, qazlaşdırma. Yəni, bütün bu işləri biz son illər ərzində görmüşük ki, insanlar daha yaxşı yaşasınlar. İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır. Bütün kəndləri bir-bir gəzib orada – kəndlərdə insanlarla təmasda olmaq. Yəni, mənim tələblərim bundan ibarətdir. Hər təyinatda icra başçısı olsun, digər rəhbər şəxs olsun, mənim təlimatlarım bundan ibarətdir. Amma əfsuslar olsun ki, yenə də deyirəm, göstərdiyim etimada rəğmən bəzi məmurlar bu göstərişləri yerinə yetirmək əvəzinə, ancaq öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər. Əminəm ki, bu yüksək etimadı siz öz işinizlə doğruldacaqsınız. Sizin üzərinizə böyük vəzifə düşür, bəziləriniz artıq rəhbər vəzifələrdə çalışmısınız, təcrübəniz də var. Bəziləriniz yeni təyin olunursunuz. Ona görə əminəm ki, öz işinizlə bu etimadı doğruldacaqsınız və xalqın rəğbətini qazanacaqsınız”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlovu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Elşən Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!