AAYDA-dan daha bir möhtəşəm layihə: Sərsəng-Umudlu avtomobil yolu ümid yolu kimi…

Oxunma sayı: 24

Dünən rəsmi açılışı edilmiş və Sərsəng su anbarından Umudlu kəndinə çəkilən avtomobil yolu yük və sərnişin daşınmasını asanlaşdıracaq.  Tezadlar.az xatırladır ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mütəxəssisi Məmməd Məmmədov jurnalistlərə açıqlamasında belə deyib. 

Onun sözlərinə görə, Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunda yenidənqurmadan sonra nəqliyyatın rahat və təhlükəsiz hərəkəti üçün zəruri işlər görülüb: “AAYDA dövlət başçısının ötən il imzaladığı Sərəncama uyğun olaraq Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulmasınu həyata keçirib. Dördüncü texniki dərəcəli avtomobil yolunun uzunluğu 9,4 kilometr, hərəkət zolaqlarının eni isə 6 metrdir. Yol bir gediş, bir gəliş olmaqla iki zolaqdan ibarətdir”.

M.Məmmədov bildirib ki, avtomobil yolunun yenidən qurulması çərçivəsində torpaq yatağı genişləndirilib, yağış sularının kənarlaşdırılması məqsədilə suötürücü borular quraşdırılıb, beton küvetlər inşa edilib:  “Bundan başqa, yolda müxtəlif növ yol nişanları quraşdırılıb. Həmçinin sərt döngələrdə metal çəpər quraşdırılıb. Həyata keçirilən yenidənqurma işləri bu yolda rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşınmasını asanlaşdıracaq, bölgənin turizm potensialının inkişafına da töhfə verəcək”.

Tezadlar.az qeyd edir ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər. Açılış mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov Prezidentə bu yolun strateji əhəmiyyəti barədə geniş məlumat verib.

Yolumuz həmişə açıq olsun!

A.Məmmədli

Xəbəri paylaş

17 Aprel