ABŞ-da baş verən təhlükəsizlik hadisələrinə, o cümlədən 2024-cü ildə Prezident Donald Trampa qarşı sui-qəsd cəhdinə baxmayaraq, Gizli Xidmətin illərdir təhlükəsizlik siyasətlərini yeniləmədiyi ortaya çıxıb.
Tezadlar.az xəbər verir ki, ABŞ Hökumətinin Hesabatlılıq Ofisi tərəfindən dərc edilən hesabatda Gizli Xidmətin 1991-ci ildən bəri ABŞ prezidentini və xaricə səyahət edən digər rəsmiləri qorumaq üçün protokollarını dəyişdirmədiyi bildirilir.
Məsələ ən son olaraq Trampın Türkiyədəki NATO zirvəsindən qayıtdıqdan sonra təhlükəsizlik səbəbləri ilə təyyarələrini dəyişdirməyə məcbur edilməsindən sonra ortaya çıxıb. Konqresin araşdırması Gizli Xidmətin lazımi yeniləmələri etmədiyini və illərdir dronlarla mübarizə aparmaq üçün köhnəlmiş metodlardan istifadə etdiyini müəyyən edib.
ABŞ mediası qeyd edib ki, Konqresin nəzarət agentliyinin tapıntıları təhlükəsizlik qruplarının Trampa qarşı sui-qəsd cəhdini necə idarə etməsi və potensial təhdidlərə qarşı yayınma taktikası kimi Air Force One-dan istifadə etməsi ilə bağlı araşdırmaların davam etdiyi bir vaxta təsadüf edir.
Məxfi Xidmətin 2015-2025-ci illər arasında normal mühafizə fəaliyyətlərini pozan 83 hadisəni araşdırdığını bildirən hesabatda, ortaya çıxan ehtiyaclar səbəbindən bu hadisələrin 25-də siyasətlərin yeniləndiyi göstərilir.
Hesabatda deyilir: “Bir çox hallarda Məxfi Xidmət təhlükəsizlik hadisələrindən sonra mühafizə siyasətini yeniləməyib və Məxfi Xidmət siyasəti işçilərdən bu vəziyyətlərdə status-kvonu qorumağın səbəblərini sənədləşdirməyi tələb etmir. Nəticədə, Məxfi Xidmət mühafizə siyasətini yeniləmək barədə qərar qəbul edərkən tam məlumata malik deyil.”
Bundan əlavə, hesabata görə, Məxfi Xidmət yeni prosedurların dərc olunmasından sonrakı dörd il ərzində onların nəzərdən keçirilməsini tələb edən öz siyasətini tətbiq etməyib.
Ötən həftə Hesabatlılıq İdarəsi agentliyin sözçüsünü və digər iki məmuru “qanun pozuntusu ilə bağlı araşdırmanın bir hissəsi olaraq” inzibati məzuniyyətə göndərib.
ELBAR







