8 May 2026 / 08:41

ABŞ-İran münaqişəsində son vəziyyət: Atəşkəs bitdimi?

Hörmüz boğazı və ətrafında ABŞ və İran hərbi qüvvələri arasında birbaşa toqquşmalar baş verib. İran ordusu ABŞ qüvvələrinin sahil sularında bir neft tankerini və Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra limanı yaxınlığında ikinci bir gəmini hədəf aldığını açıqlayıb.

Müharibəni aparan İran Silahlı Qüvvələrinin bölməsi olan Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfiqari ABŞ ordusunun İran neft tankerinə hücum edərək atəşkəsi pozduğunu bildirib.

Tezadlar.az xəbər verir ki, “Tasnim” Xəbər Agentliyi Zülfiqarinin məsələ ilə bağlı açıqlamasını dərc edib.

Açıqlamada deyilir: “ABŞ ordusu Cask bölgəsindən İran sahil sularında Hörmüz boğazına doğru üzən bir İran neft tankerini hədəf alaraq atəşkəsi pozub”.

İran sözçüsü həmçinin qeyd edib ki, ABŞ ordusu Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra sahillərində Hörmüz boğazına daxil olan başqa bir gəmiyə hücum edib.

Açıqlamada ABŞ tərəfindən hədəf alınan gəmilərin zədələnib-zədələnmədiyi barədə məlumat verilməyib.

İran ordusu İran neft tankerinə hücumdan sonra ABŞ esmineslərinə (Minadaşıyan eskadra gəmisi) hücumla bağlı açıqlama yayıb.

İran İnqilab Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələri ABŞ-da yerləşən X şirkətinin sosial media platforması vasitəsilə bu məsələ ilə bağlı açıqlama verib.

Açıqlamada bildirilir ki, ABŞ esminesləri İran neft tankerinə hücum edib Hörmüz boğazına yaxınlaşdıqdan sonra düşmən esmineslərinə atəş açmaq üçün çox sayda ballistik və gəmi əleyhinə kruiz raketlərindən, eləcə də yüksək partlayıcı döyüş başlığı ilə təchiz olunmuş pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilib.

Açıqlamada ABŞ hərbi gəmilərinə ciddi ziyan dəydiyi və üç gəminin Hörmüz boğazından tez bir zamanda geri çəkildiyi qeyd edilib.

Trampın hücumla bağlı açıqlaması

Tramp bildirib ki, ABŞ ordusunun İranın iki məntəqəsinə hava hücumlarına baxmayaraq, Tehran administrasiyası ilə danışıqlar davam edir.

İranla razılaşmanın qaçılmaz olub-olmadığı soruşulduqda, Tramp “Bu, hər an baş verə bilər. Bəlkə də yox, amma hər an baş verə bilər. İnanıram ki, onlar bu razılaşmanı məndən daha çox istəyirlər” cavabını verib və bununla da razılaşmaya yaxınlaşdıqları mesajını çatdırıb.

Tramp Tehranı müqaviləni mümkün qədər tez imzalamağa çağıraraq deyib: “Onlar müqaviləni tez bir zamanda imzalasalar yaxşı olar. Əgər imzalamasalar, çox əziyyət çəkəcəklər.”

“Onlar bizə atəş açırdılar, biz də cavab atəşi açdıq”

İranın Hörmüz boğazından keçən iki ABŞ esminesi hücumuna toxunan, lakin esmineslərin heç birinin zərər görmədiyini qeyd edən Tramp deyib: “Onlar bizə atəş açırdılar, biz də cavab atəşi açdıq.”

Tramp İranla bağlı əsas gözləntilərinin “İranın nüvə silahına sahib olmaması” olduğunu və iranlıların bunu qəbul etdiyini, lakin hələ müqaviləni imzalamadığını iddia edərək deyib: “Biz onlara nüvə silahına sahib olmaq hüququ verməyəcəyik; şans sıfırdır və onlar bunu bilirlər və qəbul ediblər. Görək imzalamağa hazır olacaqlarmı?”

O, aşağıdakı kimi danışıb:

Tramp İranın onlara zənginləşdirilmiş uran tədarük edəcəyinə inandığını bildirib, lakin məsələ aydınlaşana qədər ehtiyatlı qalacağını vurğulayıb.

O, “Azadlıq Əməliyyatı”nı niyə dayandırdığını izah etdi

Tramp həmçinin bazar ertəsi günü ticarət gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verməyi hədəfləyən “Azadlıq Əməliyyatı”na niyə başlatdığını və 36 saat sonra dayandırdığını da izah edib.

O, Pakistanın onlara “danışıqlar davam edərkən belə bir əməliyyatın faydalı olmayacağını” söylədiyini qeyd edib və əlavə edib: “Marşal (Asim Munir) və Baş nazir (Şabazz Şərif) bizdən bunu etməməyimizi istədi. Lazım gələrsə, bunu etməyə qayıdacağıq. Lakin onlar danışıqlar zamanı bunu etməməyimizi istədilər.”

Boğazda gərgin anlar

Hörmüz boğazından keçən üç ABŞ esminesi, USS Truxtun, USS Rafael Peralta və USS Mason, İran qüvvələrinin hücumunu dəf edib.

Arleigh Burke sinifli esmineslərin heç bir zərər görmədən keçidlərini başa vurduğu və hücum edən qüvvələrin zərərsizləşdirildiyi bildirilib.

BƏƏ bildirib ki, “Hava hücumundan müdafiə sistemlərimiz raketlərə və PUA-lara qarşı aktiv şəkildə mübarizə aparır”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!