ABŞ Senatı Tramp administrasiyasından işğal olunmuş Qərb Şəriyəsində artan insan haqları pozuntuları barədə Konqresə hesabat verməsini tələb edən qətnaməni rədd edib.
Tezadlar.az xəbər verir ki, “The Hill” qəzetinin məlumatına görə, Demokratlar tərəfindən Fələstindəki zorakılığı sənədləşdirmək üçün təqdim edilən qətnamə 51-ə qarşı 47 səslə rədd edilib.
Rədd edilmiş qətnamə Dövlət Departamentindən fələstinli uşaqların həbsi və işğal olunmuş Qərb Şəriyəsində ABŞ vətəndaşlarının İsrail tərəfindən öldürülməsi də daxil olmaqla insan haqlarının pozulması ilə bağlı Konqresə hesabat verməsini tələb edirdi.
Əgər qətnamə qəbul edilsəydi, Tramp administrasiyasından sui-istifadə halları ilə bağlı hesabatı 30 gün ərzində Konqresə təqdim etməli idilər, əks halda, İsrailə təhlükəsizliklə bağlı yardımın böyük bir hissəsi dayandırılardı.
Qətnaməni təqdim edən Demokrat senator Kris Van Hollen sosial media hesabında verdiyi açıqlamada nəticəyə reaksiya verib.
Van Hollen bildirib ki, 47 senator fələstinlilərin məruz qaldığı gündəlik ədalətsizliklərə və Qərb Şəriyəsində öldürülən doqquz ABŞ vətəndaşına görə məsuliyyət daşımağa çağıran qətnaməni dəstəkləyir.
Qətnamənin bu günə qədər ən güclü dəstəyi aldığını qeyd edən Van Hollen deyib: “Respublikaçılar bizə mane oldular, amma ədalət bərqərar olana qədər dayanmayacağıq”.
“Şərikliyimizə son qoymağın vaxtıdır”
Senatda çıxış edən Demokrat senator Tim Keyn də Fələstindəki soyqırıma diqqət çəkərək, Qərb Şəriyəsindəki vəziyyəti “çox dəhşətli” adlandırıb və Fələstin xalqına qarşı heç bir məsuliyyət tələb olunmayan ciddi hücumların əhəmiyyətli ictimai nümunələrinin olduğunu qeyd edib.
Senator Berni Sanders çıxışında bildirib ki, “Bəsdir. ABŞ istər Qərb Şəriyəsində, istərsə də Fələstində bu zorakılığı maliyyələşdirməyə və bağışlamağa davam edə bilməz. Şərikliyimizə son qoymağın vaxtıdır”.
ELBAR







