…İranın Xarici İşlər nazirinin BMT-nin Baş katibinə və Təhlükəsizlik Şurasına məktubu: İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçi BMT-nin Baş katibinə, Təhlükəsizlik Şurasının sədrinə və təşkilata üzv ölkələrin xarici işlər nazirlərinə rəsmi məktub ünvanlayıb. Məktubda Əraqçi, 28 fevral 2026-cı il tarixində ABŞ və İsrail rejiminin İrana qarşı koordinasiyalı hücumlarını açıq şəkildə “aşkar silahlı təcavüz” kimi xarakterizə edib. O vurğulayıb ki, bu addım ölkələrin suverenliyi və ərazi bütövlüyünə qarşı güc tətbiqini qadağan edən BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin birbaşa pozulmasıdır.
Tezadlar.az xəbər verir ki, məktubda İranın Xarici İşlər naziri bir neçə əsas məqamı belə qeyd edib:
Beynəlxalq hüququn kobud pozulması: İranın Xarici İşlər naziri vurğulayıb ki, İranın müdafiə və mülki obyektlərinə qarşı hücumlar nəinki İranın milli təhlükəsizliyinə qəsd, həm də beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdiddir. Beynəlxalq ictimaiyyət bunu beynəlxalq hüquqa zidd bir hərəkət kimi pisləməlidir.
İranın qanuni müdafiə hüququ: Cənab Əraqçi xatırladıb ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, İranın özünü müdafiə etmək hüququ vardır. Onun sözlərinə görə, təcavüz tamamilə dayandırılana qədər regiondakı bütün bazalar, obyektlər və təcavüzkar qüvvələr İranın cavab tədbirləri üçün qanuni hədəf sayılır.
Beynəlxalq səviyyədə birgə fəaliyyət çağırışı: İranın Xarici İşlər naziri Təhlükəsizlik Şurasını və BMT-yə üzv ölkələri İrana qarşı bu qanunsuz güc tətbiqini dayandırmaq və təcavüzkarları məsuliyyətə cəlb etmək üçün təcili tədbirlər görməyə çağırıb. Əraqçi məktubunda qeyd edib ki, bu addım həm İranın hüquqi legitimliyini təsdiqləyir, həm də təcavüz faktlarını araşdırmaq üçün beynəlxalq diplomatik və hüquqi mexanizmləri aktivləşdirir.
Buna əsaslanaraq, İran İslam Respublikası BMT Nizamnaməsinə və beynəlxalq hüquqa istinad edərək öz qanuni müdafiə hüququnu qoruyub saxlayır, ABŞ və İsrailin hücumlarını aşkar və qanunsuz təcavüz hesab edir. İranın bütün müdafiə tədbirləri çəkindirmə, milli və regional təhlükəsizliyin qorunması məqsədilə həyata keçirilir.
B) Təcavüzün doğurduğu humanitar fəlakət və mülki obyektlərin atəşə tutulma
ABŞ və Sionist rejimin Fars əyalətinə hücumları nəticəsində 35 nəfər şəhid olub: “Nournews”-un məlumatına görə, Fars əyaləti Şəhidlər Fondunun baş direktoru bildirib ki, ABŞ və Sionist rejimin hava hücumları nəticəsində indiyədək bu əyalətin 35 sakini şəhid olub. Bu səhər hücumların davam etməsini nəzərə alaraq, bu rəqəmin artacağı istisna edilmir.
İran İslam Respublikası Tele-Radio Təşkilatına (İrib) ABŞ və İsrail rejimi tərəfindən hərbi hücum edilib: Bazar günü, martın 1-də, İran Teleradiosunun (İrib) bəzi bölmələri ABŞ və İsrailin hərbi hücumuna məruz qalsa da, telekanalların yayımı fasiləsiz davam edir. Qurumun yaydığı məlumatda bildirilir ki, hazırda yayım normal rejimdə fəaliyyət göstərir və tamaşaçılar texniki kəsilmələrlə qarşılaşdıqları təqdirdə kanalları yenidən axtarışa verməlidirlər.
İran Teleradiosu (İrib) mülki bir təsisat olmaqla yanaşı, ölkənin mühüm informasiya və mədəniyyət infrastrukturu hesab olunur. Beynəlxalq hüquq prinsiplərinə əsasən, mülki hədəflərə hücum hərbi cinayət kimi hesab olunur. Cenevrə Konvensiyasının 52-ci maddəsinə görə, bütün mülki obyektlər və onların personalı hərbi əməliyyatlardan kənar tutulmalı və toxunulmazdır. Beləliklə, İrib-in hədəfə alınması beynəlxalq hüquq normalarının və insan haqlarının kobud şəkildə pozulmasıdır.
Yaralıların xilas edilməsində 100 min xilasedici iştirak edir: İran İslam Respublikası Qızıl Aypara Cəmiyyətinin sədri xilasedici qüvvələrin hadisə bölgələrində xidmət göstərməyə tam hazır olduğunu qeyd edərək bildirib: “Düşmənin terror hücumunun ilk dəqiqələrindən etibarən 100 mindən çox könüllü xilasedici (xilasetmə əməliyyatları üzrə mütəxəssis) hadisə yerlərinə cəlb olunaraq xidmət göstərir”. Pirhüseyn Kulivənd bazar ertəsi verdiyi müsahibədə xilasedici qüvvələrin şəhərin müxtəlif nöqtələrində əməliyyat qərargahları şəklində yerləşdirilməsinə toxunaraq deyib: “Qızıl Aypara qüvvələri müxtəlif nöqtələrə ezam olunmaq üçün tam hazırdır.”
Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun “Qandi” xəstəxanasına edilən hücuma reaksiyası: İran Səhiyyə Nazirliyinin məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom “X” sosial şəbəkəsində yazıb: “İran paytaxtının bugünkü bombardmanı zamanı Tehrandakı “Qandi” xəstəxanasının zərər görməsi barədə məlumatlar dərindən narahatlıq doğurur. Ümumdünya Səhiyyə Təşkilatı hazırda baş vermiş hadisəni araşdırır və faktları təsdiqləməyə çalışır”.
C) İran hərbi qüvvələrinin qanuni müdafiə hüququ çərçivəsindəki tədbirləri (BMT Nizamnaməsinin 51-ci maddəsi)
“Vədə-ye Sadiq 4” (Doğru Vəd) əməliyyatının onuncu dalğasının başlanması / İranın işğal olunmuş ərazilərə yeni raket hücumları start götürdü: İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə Əlaqələr şöbəsi bildirib ki, “Vədə-ye Sadiq 4” əməliyyatının onuncu dalğası “Xeybər” raketlərinin manevri ilə işğal olunmuş ərazilərdə nəhəng atəş qapıları açacaq. Qurum işğal olunmuş ərazilərin sakinlərinə xəbərdarlıq edərək, hərbi bazaların, təhlükəsizlik və dövlət mərkəzlərinin ətrafından uzaqlaşmağı və dərhal işğal olunmuş əraziləri tərk etməyi tövsiyə edib.
ABŞ-ın Bəhreyndəki bazalarının hədəf alınması: “Frans-Press” agentliyinin məlumatına görə, bu gün – bazar ertəsi səhər saatlarında Bəhreynin paytaxtı Manamada güclü partlayış səsləri eşidilib və şəhər səmasına tüstü dumanları yüksəlib. Eyni zamanda, “Reuters” agentliyi Doha, Dubay və Manamada partlayış səsləri barədə məlumat yayıb. Digər mənbələr İranın ballistik raketlərinin ABŞ-ın Bəhreyndəki dəniz infrastrukturlarına dəymə anını əks etdirən videolar paylaşıblar. Həmçinin mediada ABŞ-ın Bəhreyndəki hərbi bazasının daxilində partlayışların baş verdiyi bildirilir.
Böyük Britaniyanın Kiprdəki hərbi bazası sıradan çıxıb: Xəbər mənbələri İsrail mediasına istinadən bildiriblər ki, Böyük Britaniyanın Kiprdəki hərbi bazası İranın raket hücumundan sonra fəaliyyətini dayandırıb. Kipr rəsmiləri və Böyük Britaniya Müdafiə Nazirliyi qeyd ediblər ki, Britaniya Kral Hərbi Hava Qüvvələrinin Kiprdəki “Akrotiri” bazası ötən gecə dron hücumuna məruz qalıb və ciddi zərər görüb.
Lorestan Hava Hücumundan Müdafiə qüvvələrinin uğurlu əməliyyatı – “Hermes” dronu vuruldu: Lorestanın “Həzrət-i Əbülfəzl” korpusunun (SEPAH) İctimaiyyətlə Əlaqələr şöbəsi Xürrəmabad ətrafında İsrail rejiminə məxsus hərbi dronun vurulması barədə məlumat yayıb. Veysian bölgəsinə düşən bu dronun qalıqları İranın müdafiə qüvvələrinin və SEPAH-ın Hava Hücumundan Müdafiə bölmələrinin təhdidlərə qarşı hazırlıq səviyyəsini bir daha nümayiş etdirib. “Hermes” dronu İsrailin müdafiə sənayesi şirkətləri tərəfindən istehsal olunan dünyanın ən qabaqcıl kəşfiyyat və məlumat toplama pilotsuz uçuş aparatlarından biridir. Lorestan hava məkanında “Hermes” dronundan istifadə edilməsi İsrailin İran torpaqlarına aşkar təcavüzü və ölkənin hava sərhədlərinin pozulması deməkdir.
ABŞ ordusuna məxsus “F-15” qırıcısının hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilməsi: İranın “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahı hava hücumundan müdafiə sistemlərinin atəşi ilə ABŞ-ın bir “F-15” qırıcısının vurularaq Küveyt ərazisinə düşdüyünü elan edib. Hadisə ilə bağlı yayılan görüntülərdə amerikalı qırıcının iki pilotunun təyyarə yerə çırpılmadan əvvəl katapult etdiyi (özünü atdığı) və paraşütlə Küveyt torpağına endiyi görünür.
D) Gərginliyin artması və onun regional sabitliyə təsirləri
Hörmüz boğazındakı mövcud böhran və onun enerji bazarına təsirləri: ABŞ və İsrailin başlatdığı regional müharibənin şiddətlənməsi ilə enerji bazarları dərhal reaksiya verib; dizel yanacağı üzrə fyuçers müqavilələri 17% bahalaşıb və Hörmüz boğazında tədarükün kəsilməsi riski pik həddə çatıb. Dünya dizel ticarətinin 10%-nin və reaktiv yanacağın (jet fuel) 20%-nin keçdiyi bu boğaz, artıq müharibənin gedişatını müəyyən edən həlledici amilə çevrilmişdir. Həmçinin, bazar ertəsi günü keçirilən qlobal ticarət əməliyyatlarında, ABŞ və Sionist rejimin İrana hərbi təcavüzünün üçüncü günündə Yaxın Şərqin əsas hasilat bölgəsindən daşımaların pozulması səbəbindən neftin qiyməti 7% artaraq son ayların ən yüksək səviyyəsinə çatıb.
Avropada qazın qiyməti 25 faiz artdı: ABŞ və Sionist rejimin İrana hərbi təcavüzü və Tehranın bu hücumlara cavab verməsindən sonra qlobal enerji təchizatında ciddi kəsilmə narahatlıqlarının artması ilə Avropada təbii qazın qiyməti kəskin yüksəlib. Şənbə və bazar günləri Hörmüz boğazından tanker hərəkətinin böyük ölçüdə dayanması nəticəsində, bazar ertəsi günü Avropa qaz fyuçersləri 25% bahalaşıb ki, bu da 2023-cü ilin avqust ayından bəri ən böyük artımdır. İran İslam Respublikası öz müdafiə xarakterli fəaliyyəti ilə faktiki qaz və ya neft hasilatının həcmini dəyişmədən qlobal enerji bazarına dərhal təsir göstərə bilib. Bu məqam İranın qlobal enerji təhlükəsizliyindəki əhəmiyyətini və Hörmüz boğazının strateji mövqeyini nümayiş etdirir, eyni zamanda təcavüzkar tərəflərə (ABŞ və İsrailə) qarşı beynəlxalq təzyiqi artırır.
BƏƏ-nin maliyyə bazarları 2 gün müddətinə bağlandı: Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), ABŞ və İsrail rejiminə İranın verdiyi cavab zərbələrindən sonra baş verə biləcək mümkün maliyyə çöküşünün qarşısını almaq məqsədilə ölkənin iki əsas bazarının iki gün müddətinə bağlanacağını elan edib. BƏƏ-nin Qiymətli Kağızlar və Əmtəə İdarəsi bəyanat yayaraq bildirib ki, Əbu-Dabi Fond Birjası və Dubay Maliyyə Bazarı 2 və 3 mart tarixlərində (bazar ertəsi və çərşənbə axşamı) bağlı olacaq.
E) İran İslam Respublikası tərəfindən böhranın idarə olunması
Xarici tələbələr çıxış icazəsi olmadan ölkəni tərk edə bilərlər: Tələbə İşləri Təşkilatının rəhbəri və Beynəlxalq Tələbələrin Planlaşdırılması üzrə Ali Şuranın sədri Səid Həbiba, xarici tələbələrin ölkənin bütün quru sərhədlərindən çıxış vizası (icazəsi) tələb olunmadan sərbəst şəkildə çıxa biləcəklərini açıqlayıb…
Müharibə isə davam edir…
SƏBUHİ