2 Dekabr 2025 / 10:30

ABŞ və Ukrayna ərazi mübahisələri ilə bağlı çıxılmaz vəziyyətə düşüblər – ABC

Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlar əsas və ən çətin məsələ – ərazi güzəştləri üzrə irəliləyiş əldə edə bilməyib.

Tezadlar.az xəbər verir ki, “ABC News” bu barədə mənbələrə istinadən məlumat yayıb.

Danışıqlarla tanış olan mənbə Kiyevin “ərazi güzəştlərinə hazır olmadığını” bildirib. Lakin kanal ABŞ dövlət katibi Marko Rubio və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov görüşü “məhsuldar” adlandırıb və digər sahələrdə “əlavə irəliləyiş” əldə edildiyini qeyd edib.

“ABC News” qeyd edir ki, görüşdə təhlükəsizlik zəmanətləri, dondurulmuş Rusiya aktivlərinin taleyi və Ukraynada mümkün seçkilər müzakirə olunub, lakin ərazi məsələsi də daxil olmaqla ən çətin məsələlərdə irəliləyiş əlaməti yoxdur.

Xəbər verdiyimiz kimi, ABŞ və Ukrayna arasında danışıqlar 30 noyabrda Florida ştatının cənubunda baş tutub. ABŞ nümayəndə heyətinə Rubio, ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner daxil idi. Ukrayna nümayəndə heyətinə, digərləri ilə yanaşı, Umerov və xarici işlər nazirinin birinci müavini Sergey Kislitsya da daxil idi.

Görüşdən sonra Rubio danışıqların konstruktiv keçdiyini, lakin hələ çox iş görülməli olduğunu bildirib. O, əlavə edib ki, ABŞ sülh yolu ilə həll yoluna nikbin baxır, lakin ümumilikdə real mövqe tutur.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!