İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək.
Tezadlar.az Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışı zamanı deyib.
“Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldı.
Beləliklə, atdığımız addımlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi.
Biz Ermənistan işğalını heç vaxt unutmayacağıq. Şəhidlərimizin əziz xatirəsini həmişə qəlbimizdə saxlayacağıq. Onların qanını biz döyüş meydanında aldıq. İşğalçını əzəli torpaqlarımızdan qovduq, Zəfər çaldıq və eyni zamanda, ədalətli sülhə nail olduq.
Əziz dostlar, nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir. Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır.
2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib.
Bu çərçivədə Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.
Sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Ölkəmiz bu məqsədlərin qlobal səviyyədə təmin edilməsində fəal rol oynayır. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib”, – deyə Prezident qeyd edib.

