Ahıska Türkləri Birliyinin Heyəti Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Prezident Administrasiyasında Dünya Ahıska Türkləri Birliyi Heyətini qəbul edib. Tezadlar.az Haber-Türk-ə istinadla xəbər verir ki, qəbuldə Prezident Ərdoğana qalpaq hədiyyə edilib. Qəbuldə çıxış edən Rəcəb Tayyib Ərdoğan deyib: “Ahıskalı qardaşlarımızın ana vətənlərinə geri dönməsi və vətəndaşlıq alması məsələsi ilə yaxından maraqlanırıq. Haqlı davanızı həm ikitərəfli səviyyədə, həm də Avropa Şurası və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq qurumlar qarşısında izləyirik. Sizlərlə həm ürək bağımız, həm də həmrəyliyimiz möhkəmdir. Ahıskalı qardaşlarımızı maraqlandıran bütün məsələlərdə səfirliklərimiz və baş konsulluqlarımız qapılarını sizə hər zaman açıq saxlamışdır.”

Ərdoğan, Ahıska türklərinin hüquq və maraqlarının qorunması üçün Dünya Ahıska Türkləri Birliyi başda olmaqla çatı qurumlarının rəhbərliyi altında hərəkət etməyin faydalı olduğunu vurğulayıb: “14 noyabr 1944-cü ildə təxminən 100 min Ahıska türkünün ata vətənindən uzaq diyarlara sürgün edilməsinin acısını indi də qəlbimizdə hiss edirik. Bu bədbəxt sürgünün 81-ci ildönümünü qeyd edirik. Sürgündə itirdiklərimizin əziz xatirələrini anmaq, onları yad etmək, bizə bir vəfa borcudur. Əvvəlcə, 2015-ci ildə qəbul etdiyimiz qərarla, Ukraynadakı münaqişələrdən təsirlənən ümumilikdə 3 215 Ahıskalı soydaşımızı Erzincan-Üzümlü və Bitlis-Ahlat bölgələrində yerləşdirmişdik. Bu günə qədər təxminən 170 min Ahıska türkünə istisnai vətəndaşlıq, 150 mindən çox şəxslərə isə uzun müddətli yaşayış icazəsi vermişik”, – deyə Ərdoğan qeyd edib.

YASƏMƏN

Xəbəri paylaş

Xəbər lenti