Əsas məzmuna keç

Aİ UKRAYNA VƏ MOLDOVANIN ÜZVLÜYƏ QƏBULU İLƏ BAĞLI DANIŞIQLARA BAŞLAYACAQ

Avropa liderləri Ukrayna və Moldova ilə Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq qərarına gəliblər.

Artıq Gürcüstan Aİ-yə üzv olmaq üçün namizəd ölkə statusu alıb.

Aİ-yə üzv ölkələrin başçılarının daxil olduğu Avropa Şurası Ukrayna və Moldova ilə ittifaqa üzvlüklə bağlı danışıqlara başlamaq və Gürcüstana namizəd statusu vermək qərarına gəlib.

 Bu barədə dekabrın 14-də şuranın rəhbəri Şarl Mişel Aİ-nin Brüsseldə keçirilən sammitinin birinci gününün yekunlarına dair açıqlamada bəyan edib.

Avropa Şurası, həmçinin Bosniya və Herseqovina üzvlük meyarlarına tam cavab verməyə başlayanda Aİ-yə üzvlük danışıqlarına başlamaq qərarına gəlib.

Ukrayna və Moldova prezidentləri Vladimir Zelenski və Maya Sandu Avropa Şurasının qərarlarını alqışlayıblar.

 “Bu, Ukraynanın qələbəsidir. Bütün Avropanın qələbəsidir. Həvəsləndirən, ruhlandıran və gücləndirən qələbə”, – Zelenski X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

“Bu gün biz Avropanın isti qucaqlamasını hiss edirik. Yolumuza verdiyiniz dəstəyə və inamınıza görə təşəkkür edirik”, – deyən Sandu Moldovanın Aİ-yə üzv olmaq üçün “çətin işə hazır olduğunu” əlavə edib.

Xatırladaq ki, Ukrayna və Moldova Aİ-yə üzv olmaq üçün 2022-ci ilin fevral ayının sonunda, Rusiyanın hərbi  müdaxiləsindən sonra müraciət etmişdilər.

Hər iki ölkəyə namizəd statusu ötən ilin iyununda verilib.

 

Y.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…