“Təzadlar” qəzeti redaksiyasına (elektron poçta) Bakı şəhər sakinləri- Həsənova Vəfa Allahverdi qızı, Qurbanova Rəqibə Heydər qızı və daha bir qrup şikayətçinin adından müraciət daxil olub. Məktubdan görünür ki, bu şikayət bir müddət əvvəl Azərbaycan daxili işlər naziri cənab Vilayət Eyvazova da ünvan edilib.
Həmin şikayəti kiçik ixtisar və düzəlişlə aşağıda təqdim edirik. Söhbət vətəndaşların xaricdə təhsil adı altında aldadılmasından gedir. Belə ki, artıq neçənci dəfədir “Təzadlar”a bu məzmunlu şikayətlər olunur və araşdırmamızla ziyanın ödənilməsi müəyyən mərhələlərlə davam etdirilib. Elə şikayətçilər də, qəzetdə və saytda dərc edilmiş belə bir şikayətlə bağlı araşdırma yazımızı bizə göndərməklə istinad da ediblər. Hiss olunur ki, məzmun və aldatma eynidir(https://tezadlar.az/max-group-mmc-de-tekce-etibara-deyil-hem-de-emanete-xeyanet-varmis/)
Bu da sonuncu şikayət:
“hörmətli redaksiya.
Biz, AMEA-nın müxbir üzvü olan Vaqif Quliyevin oğlu Emin Quliyevin dələduzluq əməllərinin qurbanları olan bir qrup vətəndaş, Sizə müraciət edərək, kömək istəyirik.
Emin Quliyev “xaricdə təhsil” adı altında müxtəlif vaxtlarda bizləri aldadraq külli miqdarda vəsaitimizi mənimsədiyi üçün Nəsimi Rayon Prokurorluğuna müraciət etmişik. İş prokurorluğun müstəntiqi Əkbər Ələkbərzadə tərəfindən araşdırılır.
Prokurorluğun sanksiyası əsasında Emin Quliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda da məşhur professor Vaqif Quliyevin oğlu dələduz Emil Quliyev Kürdəxanı həbsxanasındadır.
İstintaq davam edir, şahidlər dindirilib, ortada dəlillər, sübutlar da var. Müstəntiq Əkbər Ələkbərzadə işə başlayanda bizə dəymiş ziyanın ödəniləcəyini bildirsə də, bu günə qədər hələ də ödənilməyib. Müstəntiq indi isə “sizə dəyən ziyan ödənilməyəcək, dələduzun adında heç nə yoxdur, onun barəsində isə məhkəmə qərar verəcək”, – deyir.
Bildiyimizə görə Nəsimi Rayon Prokurorluğuna qədər Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı Zaur Tağıyevlə, Xətai Rayon Polis İdarəsinin müstəntiqi Elçin Əlizadə sənədləşmə aparmadan, rəsmiyyətə salmadan Nəsimi Rayon 20-ci Polis Şöbəsində bu işi “araşdrııblar”.
Elçin Əlizadə, Zaur Tağıyev (müstəntiqlər)
Belə ki, 2024-cü ilin noyabr ayında E.Quliyevin ortaqlarını dindiriblər, şahid ifadələri alıblar. Bəzisinin ölkədən çıxışına stop da qoydurublar. Təbii ki, sonda dələduz E.Quliyev barəsində heç bir tədbir görülməyib.
Bunlar doğrudursa, bəs, adları çəkilən polis əməkdaşlarının bu işdə nə maraqları olub ki, bu işi rəsmiləşdirməyiblər?!
Cənab Prezident çıxışlarında uşaqları qudurğanlıq edən, özlərini apara bilməyən məmurlara səslənərək övladlarının həbs ediləcəyini, atalarının da işdən qovulacağını bildirir. Bu, Emin Quliyevin ilk cinayəti deyil. Buna qədər eyni əmələ görə bir dəfə də həbs edilib. Vətəndaşlara qarşı dələduzluq edən Emin Quliyevin atası AMEA-nın müxbir üzvü Vaqif Quliyev isə hələ də işindən qovulmayıb.
AMEA-nın müxbir üzvü Vaqif Quliyevin oğlu Emin Quliyevin dələduzluğunun növbəti qurbanları kimi, Sizdən xahiş edirik, bizə dəymiş maddi ziyanın ödənilməsi və işin tam, ətraflı, habelə ərizədə adları qeyd edilən polis əməkdaşlarının hərəkətlərinin araşdırılması üçün aidiyyəti üzrə göstəriş verməklə, bizdən köməyinizi əsirgəməyəsiniz”.
Redaksiyadan: maraqlı şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Əlavə məlumat veriləcək.
“Təzadlar”ın Araşdırma Qrupu

