Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Aprel 2026 / 11:19

“Amerika İran rejimini nə qədər sarsıtsa da, kapitulyasiyaya məcbur edə bilmədi…”

Həm İran, həm də ABŞ geriyə addım atdı. “Sivilizasiyanın məhvi”, “daş dövrünə qayıdış” baş tutmadı. Hər iki tərəf özünü qalib hesab edir. Amma hələlik görünən odur ki, əldə olunan atəşkəsin detallarına görə bu müharibənin sonunda İran masaya şərt diktə edə bilən tərəf kimi çıxıb.
Bu fikri Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial media hesabında bildirib.
“Hətta dəymiş zərərin ödənilməsi, hətta İsrailin Livana hücumlarının dayandırılması, hətta uranın zənginləşdirilməsinə razılıq məsələlərinin də gündəmə gəlməsi qeyd olunur. Ağlasığmaz görünsə də, hələlik ortaya çıxan mənzərə budur.
Görünən odur ki, Amerika İran rejimini nə qədər sarsıtsa da, kapitulyasiyaya məcbur edə bilmədi.
İran buna necə nail ola bildi?
Yəqin ki, qarşıdakı dövrdə məhz bu sual daha çox müzakirə olunacaq.
Düşünürəm ki, İran rejimi buna hərbi qələbə ilə yox, dirəşə bilməsi, böyük itkilərə baxmayaraq, siyasi idarəetməni saxlaması, Hörmüz faktoru və uzun illər hərbi potensialını yerin altına daşımaqla hazırlaşdığı müqavimət strategiyası hesabına nail oldu.
Görünür ki, ABŞ və İsrail hücumdan əvvəl bəzi hesablamalarda yanılıblar.
Maraqlı və bizim üçün düşündürücü məqam odur ki, nəticə etibarilə İran bu müharibədən regionda çəkisi artmış, ABŞ kimi supergüc qarşısında tab gətirmiş ölkə kimi çıxa biləcək.
Maraqlıdır, görəsən müharibənin belə sonluqla başa çata biləcəyini hansı yerli, regional və qlobal siyasətçilər və ekspertlər proqnozlaşdıra biliblər.
Yeri gəlmişkən, Azərbaycanla dost münasibətdə olan Pakistanın atəşkəslə bağlı səyləri də təqdirəlayiqdir”, – deyə o qeyd edib.
Xatırladaq ki, İran və ABŞ arasında atəşkəsin elan olunub. ABŞ prezidenti Donald Tramp qeyd edib ki, İranın bombalanmasına iki həftəlik fasilə verilməsinə razılıq əldə olunub və bu, ikitərəfli atəşkəs kimi qiymətləndirilir.
BBC İran mediasına istinadən Tehranın hazırladığı 10 maddəlik atəşkəs planını dərc edib. Əsas bəndlər  aşağıdakılardır:

1.) İraq, Livan və Yəməndə hərbi əməliyyatların tam dayandırılması;

2.) İrana qarşı hərbi əməliyyatların müddətsiz və tam dayandırılması;

3.) Regiondakı bütün münaqişələrə son qoyulması;

4.) Hörmüz boğazının yenidən açılması;

5.) Boğazda təhlükəsiz və azad gəmiçiliyin təmin olunması;

6.) İrana yenidənqurma xərclərinin ödənilməsi;

7.) Sanksiyaların ləğvi üzrə öhdəlik;

8.) Dondurulmuş İran aktivlərinin azad edilməsi;

9.) İranın nüvə silahı əldə etməmək öhdəliyi;

10.) Şərtlər təsdiqləndikdən sonra dərhal atəşkəsin qüvvəyə minməsi.

Y.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!