Ankara İstanbulda yeni danışıqlarla bağlı Kiyevlə məsləhətləşmələr aparır

Ankara iyunun 2-də İstanbulda keçiriləcək danışıqlarla bağlı Kiyevlə məsləhətləşmələr aparır, Moskva bundan əvvəl buna hazır olduğunu bəyan etmişdi.

Tezadlar.az “RİA Novosti”-yə xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan vurğulayıb ki, Türkiyə rəsmiləri ilk danışıqlarda əldə olunan sürəti artırmaq istəyirlər.

Fidanın sözlərinə görə, Moskva ilə Kiyev arasında mayın 16-da İstanbulda keçirilən danışıqlar münaqişənin diplomatik yolla həlli üçün yeni başlanğıc olub. Ölkənin hakimiyyət orqanları indi danışıqların yeni raundu üçün nümayəndə heyətlərini qəbul etməyə hazırdır.

“Rusiya iyunun 2-də danışıqları bərpa etməyə hazır olduğunu bizə bildirdi və biz Ukrayna ilə məsləhətləşmələr aparırıq”, – deyə Fidan bildirib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və Ukrayna arasında danışıqların ikinci raundunun iyunun 2-də İstanbulda keçiriləcəyini açıqlamışdı. Onun sözlərinə görə, Rusiya tərəfi Ukrayna böhranının aradan qaldırılması ilə bağlı memorandum təqdim etməyə hazırdır. Mayın 29-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya bu təklifə Ukraynadan hələlik cavab almayıb.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti