24 Dekabr 2025 / 12:18

Ankara yaxınlığında qəzaya uğrayan Liviya komandirlərini daşıyan təyyarənin qara qutusu tapıldı

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib ki, hazırda hərtərəfli araşdırma aparılır və nəticələri tezliklə məlum olacaq

Türkiyə xilasediciləri Liviya Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın olduğu təyyarədən uçuş məlumatları qeydə alan cihazı tapıblar. Təyyarə çərşənbə axşamı Ankara yaxınlığında qəzaya uğrayıb.

Tezadlar.az bildirir ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya hadisə yerinə baxış keçirdikdən sonra bu barədə TRT Haber kanalında məlumat verib.

“Qara qutu çərşənbə günü yerli vaxtla saat 02:45-də (Bakı vaxtı ilə saat 03:45-də – RED.) tapılıb. Hərtərəfli araşdırma aparılır və nəticələri tezliklə məlum olacaq”, – deyə o bildirib.

Nazirin sözlərinə görə, “Falcon 50” təyyarəsi çərşənbə axşamı yerli vaxtla saat 20:17-də Ankaranın Esenboğa hava limanından Tripoliyə yola düşüb. Saat 20:32-də heyət göyərtədə təcili vəziyyət barədə məlumat verib və hava limanına qayıtdığını bildirib. Təyyarə ilə əlaqə saat 20:52-də kəsilib. Qalıqlar saat 22:00-da Ankara əyalətinin Haymana rayonunda aşkar edilib. Təyyarədə səkkiz nəfər, o cümlədən beş Liviya hərbçisi olub.

Türkiyə daxili işlər nazirinin sözlərinə görə, qəza yerində axtarış-xilasetmə əməliyyatları davam edir və Fövqəladə Halların İdarə Edilməsi Departamentinin, jandarmeriyanın, məhkəmə ekspertlərinin, eləcə də 103 yerüstü və yeddi hava vasitəsi də daxil olmaqla 408 nəfər iştirak edir. Yerlikaya bildirib ki, qəzanın səbəbini araşdırmaq üçün Liviyadan Ankaraya 20 mütəxəssis gəlib. Nazir qeyd edib ki, “Hadisənin bütün hallarını aydınlaşdırmaqda qərarlıyıq və səbəbi ictimaiyyətə açıqlayacağıq”.

Əvvəllər Liviyanın Tripoli şəhərində yerləşən Milli Razılıq Hökumətinin (MBH) təyyarə qəzasında Məhəmməd əl-Həddadın ölümü ilə əlaqədar üç günlük matəm elan etdiyi bildirilirdi.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!