Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ankaradan Bakıya uzanan sevgi yolu…. Salam, əziz oxucular!
Əziz Azərbaycanın gözəl insanları!
Salam, köhnə dostlarım!
Mənə yazılarımla vaxtaşırı sizə üz tutacağam. Bu sətirləri fevral ayında, sübh tezdən qələmə alıram. Ümid edirəm ki, qələmimdən çıxan hər kəlmə oxucunun qəlbinə toxunacaq. Ankaranın ayazı ilk səhər şəfəqləriylə şəhərin üzərinə nazik bir örtük kimi çökərkən, daş binaların arasından yüksələn səslər sadəcə, paytaxt küçələrinin hay-küyü deyil, sözlərin səslənişidir. Bu sətirlər vasitəsilə sizə nədən danışacağımı düşünürdüm. Mən hər kəlmənin deyilişində tarixin, mədəniyyətin və ortaq yaddaşın əks-sədasını eşidirəm. Çünki səs sadəcə bir əks-səda deyil, həm də bir sivilizasiyanın daşıyıcısıdır. Və mən bu qədim diyardan – Ankaradan Azərbaycandakı əziz dostlarımla danışarkən, əslində, iki ölkə arasında görünməz, lakin hiss edilə bilən bir ürək körpüsünün daşlarını qoymaq istəyirəm.
Türkiyə ilə Azərbaycan arasındakı bağ diplomatik mətnlərə yerləşməyəcək qədər dərindir, siyasi ritorika ilə məhdudlaşdırılmayacaq qədər qədimdir. Bu bağ – eyni nəğmənin iki ayrı məkanda fərqli melodiyalarla oxunmasıdır. Bu, eyni sözün Bakıda, Anadolunun istənilən şəhərində və ya Ankarada oxşar hərarətlə tələffüzüdür. Bir ananın laylasında, bir ozanın sazında, bir şairin misrasında qovuşan ortaq bir ruhdur.
Bakının küləyi Xəzər dənizindən, Ankara küləyi isə çöllərdən əsir. Lakin küləyin daşıdığı hisslər ortaqdır: həsrət, ümid, müqavimət və sevgi… Və buna görə mən də vaxtaşırı sizə – azərbaycanlı oxucularıma və əziz dostlarıma bu sətirlərlə müraciət edərkən, təkcə xəbərləri çatdırmayacağam. Ankaradan qısa hekayələr, Türkiyədən insan həyatının epizodlarını, şeirlər və mədəni düşüncələr paylaşacağam. Bir çayxanada edilən söhbəti, universitetin mühazirə salonunda səslənən bir gənc ideyanı, bir teatr səhnəsində söylənilən hər hansı replikanı sətirlərə yerləşdirəcəyəm. Çünki ədəbiyyat – millətlərin ürək döyüntüsünü eşidə biləcəyimiz ən orijinal məkandır.
Türk ədəbiyyatında sözlərin gücü əsrlər boyu dirçəliş və kimlik quruculuğunda vasitə olmuşdur. Mehmet Akif Ərsoy “Sahibsiz olan bir ölkənin məhv olması doğrudur, ona sahib çıxacağın halda bu vətən məhv olmaz” deyərkən o, yalnız bir coğrafiyaya deyil, həm də bir şüur halına səslənirdi. Yəhya Kamal Bəyatlı əsərlərində bir sivilizasiya təsəvvürünü misralara gətirirdi. Onların söylədikləri sadəcə estetik yanaşma deyil, mədəni yaddaşın qorunması idi.
Eyni çalar, eyni möhkəmlik və eyni estetik dərinlik Azərbaycan ədəbiyyatında da müşahidə olunur. Nizami Gəncəvinin məsnəvilərində insan ruhunun dünyəvi kəşfi, Füzulinin “Eşq imiş hər nə var aləmdə” deyərkən eşqi varlığın mərkəzinə yerləşdirməsi, Bəxtiyar Vahabzadənin vətən, ana, həsrət və azadlıq haqda yazdığı şeirlərindəki təsirli səmimiyyət… Bütün bunlar hər iki ölkənin ədəbi ruhunun eyni mənbədən qidalandığını göstərir.
Ədəbiyyat – sərhədləri aşan, xəritələri lüzumsuz edən bir gücdür. Bir şeir Bakıdan Ankaraya pasportsuz keçə bilər. Bir hekayə Gəncədən Qızılaya qədər yol gedər. Sözlər diplomatik nümayəndələrdən daha sürətli, daha dərin və daha davamlı təsir buraxır. Buna görə də yazı təkcə estetik fəaliyyət deyil, həm də mədəni bir məsuliyyətdir.
Mən də bir oxucu-yazar və səsləndirici olaraq səsin və sözün birləşdirici gücünə inanıram. Mikrofon arxasında söylədiyim hər cümlədə sözlərə ədalətli yanaşmağa çalışıram. Çünki səs mənanın evidir. Yaxşı qurulmuş bir cümlə iki millət arasında görünməz, lakin möhkəm bir körpü qura bilər.
İlk yazıda Türkiyədə olan mədəni və bədii fəaliyyətləri sizinlə vaxtaşırı paylaşacağımı bayaq qeyd etdim. Amma bunu rəsmi, quru xəbər bülleteni kimi deyil, bir dost məclisində – çay süfrəsi arxasında edilən səmimi söhbət fonunda edəcəyəm. Yeni nəşr olunmuş bir kitabı müzakirə edərkən yalnız müəllif haqqında danışmayacağam, o kitabın hansı hisslərimizə toxunduğundan danışacağıq.
Bəlkə, Ankaranın bir küçəsində rastlaşdığım bir ahıl əminin dediyini yazıya gətirəcəyəm. Və ya Anadolunun kiçik hansısa qəsəbəsindən ucalan bir xalq mahnısını… Amma əslində, demək istədiyim budur: İnsan – hər yerdə insandır. Sevinci də eynidir, dərdi də. Bir ananın övladına münasibətiı Bakıda necədirsə, Ankarada da elədir. Gənc bir sənətkarın xəyal qurarkən gözlərindəki parıltı dilindən, dinindən, ölkəsindən asılı olmayaraq eynidir.
Mən mədəni mübadiləni, sadəcə, məlumat ötürülməsi kimi görmürəm. Bu – qəlb alış-verişidir. Özümüzü bir-birimizin hekayələrində tapmaq səyidir. Çünki bəzən bir şeirdə öz sükutumuzu, bəzən bir romanda öz natamamlığımızı görürük. Bax elə o anda aramızdakı məsafələr öz mənasını itirir.
Mədəniyyət – insanın varlıq tərzidir. Dil şəxsiyyətimizin evidir. Ədəbiyyat isə o evin pəncərəsidir. O pəncərədən baxanda təkcə öz məkanımızı deyil, bütün dünyanı görürük. Buna görə də, burada toxunacağım mövzular yalnız yerli məsələlərlə məhdudlaşmayacaq. Bir köç hekayəsini danışarkən dünyanın harasında olursa olsun, “aid olma” hissi haqqında danışacağıq. Müharibədən bəhs edən bir şeiri paylaşarkən, bəşəriyyətin sülhə olan ehtiyacını düşünəcəyik. Bir sevgi hekayəsini danışarkən, yalnız iki nəfəri deyil, insanın sevmək və sevilmək istəyini araşdıracağıq. Tənhalıq, ümid, ədalət, şəfqət, itki, müqavimət, yenidən başlamaq cəsarəti… Bunlar hamımızın düşüncələridir.
Mən bu yazılarımda insan qəlbinə toxunan din, dil və milliyyəti aşan məsələlərdən bəhs etmək istəyirəm. Çünki inanıram ki, əgər bir mətn həqiqətən insana təsir edirsə, onun sərhədləri yoxdur. Bir hiss səmimidirsə, onun tərcüməsinə ehtiyac qalmır. Buna görə də bu, bir mədəniyyət guşəsindən çox, bir könül köşəsi olacaq. Türkiyədən danışdığım hər hekayədə, bəlkə, siz də özünüzün bir parçasını görəcəksiniz. Və sizdən aldığım hər rəydə bir daha inanacağam ki, sözlər həqiqətən körpülər qura bilər. Həyəcanla şərhlərinizi gözləyəcəyəm.
Məqsədim sözlər vasitəsilə qarşılıqlı intellektual yaxınlığı inkişaf etdirmək, mədəni mübadiləni davamlı dialoqa çevirməkdir. Çünki bilirik ki, bir millətin əsl sərvəti onun sahibi olduğu təbii sərvətlərində deyil, yaratdığı sözlərdə, danışdığı hekayələrdə və yaşatdığı dəyərlərdədir. Türkiyədən Azərbaycana gedən bu yazı gedişində könül bağlarımızı gücləndirən, mədəni yaddaşımızı canlı saxlayan və bədii yaradıcılığımızı paylaşan bir səs olmaq niyyətindəyəm.
Ankaradan gələn hər bir cümlə Bakıda bir ürəyə təsir edirsə, deməli, sözlər öz məqsədinə çatıb. Və biz iki ayrı coğrafiyada eyni duaya “Amin” deyə biliriksə, demək, aramızda heç bir məsafə yoxdur…
Ayşəgül Kösa Sərt
(Türkiyə)
Tərcümə və təqdim edəni: Zeynəb Əliqızı
“Təzadlar”dan: Ayşəgül Kösa Sərt: Pedaqoq və yazıçıdır. Təhsil, ədəbiyyat və kommunikasiya sahələrində çoxşaxəli tədqiqatlar aparır. Türk dili və ədəbiyyatı üzrə bakalavr təhsilindən sonra klassik dövri nəşrlərin texniki təhlilinə yönəlmiş magistr dərəcəsi ilə akademik təhsilini dərinləşdirib. TRT radiosunda mədəniyyət və incəsənət proqramları hazırlayaraq yayım təcrübəsi qazanıb. Məqalələri və esseləri müxtəlif ədəbi jurnallarda və platformalarda dərc olunub. Osmanlı türkcəsi, diksiya, bədən dili, təsirli nitq və yaradıcı yazı üzrə seminarlar və təlim proqramları keçirir. “Ya Kebikeç Şafakla Gelen” (“Şəfəqlə gələn Kebikeç”) və “Yalnızlar Senfonisi” (“Tənhaların simfoniyası”) adlı əsərləri nəşr edilib. Nəşr olunmazdan əvvəl “Tənhaların Simfoniyası” 2024-cü ildə İrandakı Allameh Tabatabai Universiteti tərəfindən təşkil edilən tərcümə müsabiqəsində esse kateqoriyasında mükafat qazanıb. Əsər Tehranda fars dilində nəşr olunub. Bu mükafatdan sonra “Tənhaların simfoniyası” Türkiyədə və eyni zamanda Azərbaycan türkcəsində nəşr olunaraq beynəlxalq auditoriyaya çatıb. 2025-ci ilin iyun ayında Bakıda keçirilən ədəbi tədbirlər əsərin çoxdilli və çoxmədəniyyətli dövriyyəsi üçün mühüm mərhələ təşkil edib. Ayşəgül Kösa Sərt qurucusu olduğu Alfa Səs Akademiyasında təlim və seminarlar keçirir. Yazıçı Ankarada yaşayır, evlidir və bir uşaq anasıdır.