…Onun adı Sonadır, yəni Sona xanım. Bu söz Azərbaycan şifahi xalq ədəbiyyatında və poeziyasında zərifliyi, isməti və xüsusi gözəlliyi simvolizə edir…
Orta məktəbdə oxuduğu vaxtlarda o dövrün “Pioner” qəzetində “Haradan başlanır vətən?”- mövzusunda keçirilən inşa müsabiqəsinin elanını görüb, müsabiqədə iştirak etmək qərarına gəlir və tezliklə elanda göstərilən ünvana inşa yazıb göndərir. İnşada qeyd edir ki:- “Vətən mənim üçün yaşadığım evdən, həyətimizdən və hər gün altında oynadığım tut ağacından başlayır.” Çox keçmir ki, inşa əks-səda doğurur və müsabiqənin qaliblərindən biri də, o olur.
Ümumiyyətlə, vətən mövzusu ona çox əzizdir və bədii yaradıcılığının əsas qayəsini təşkil edir. Bəlkə də bu səbəbdəndir ki, hətta elmi işinin də mövzusu vətənlə bağlı olub…
“Ən böyük sevgi vətənə, torpağa olan sevgidir. Bu danılmaz sevgidir. Məsələ bundadır ki, bu söz çox deyildiyindən onun səmimiliyinə inam azalıb. Bütün sevgilər ötür. Anaya, torpağa olan məhəbbət isə ötüb keçmir.”- söyləyir.
Kövrək qəlbi var. Özünü yağışa bənzədir. Adətən, kövrələndə istəmir ki, kimsə buna şahid olsun. “Mənim də qəlbimdə yağışa bənzər hallar tez-tez olur. Əgər leysan yağırsa, tez kəsir, amma narın yağış yağırsa, onun kəsməsi, kiriməsi gec olur.”- deyə duyğularını dilə gətirir…
Deyir ki:- “Həmişə çalışmışam ki, ünsiyyətdə olduğum insanlarda yalnız yaxşı xüsusiyyətlərini görüm, belə olanda ünsiyyət də normal alınır. İnsanlar ünsiyyətdə bir-birinə müsbət enerji ötürə bilirsə qarşıya çıxan bütün maneələri aşmaq olur. Yox, əgər münasibətdə qarşınızdakının mənfiliklərini axtarsanız, ünsiyyət qura bilməyəcəksiniz, çünki müsbət enerji mübadiləsi olmayacaq. Nə yazıq ki, bəzən işıqlı gördüyün adamla münasibətdə bütün fikirlərin alt-üst olur. İnsan odur ki, buna baxmayaraq özündə qala bilsin, dəyişməsin.”
O, 1962-ci ilin may ayının 29-da, həftənin ikinci günü Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dünyaya gəlib. Astroloji inanclara və xalq təqviminə görə, həftənin 2-ci günü (çərşənbə axşamı) dünyaya gələnlər Mars planetinin təsiri altında olurlar. Onlar yüksək enerjili, döyüşkən, cəsur və mübariz xarakterləri ilə seçilirlər. Həftənin 2-ci günü doğulanların əsas xüsusiyyətləri bunlardır: Təbiətcə çox cəsur və qorxmazdırlar. Daim hərəkətdə olmağı sevirlər, liderlik və rəqabət tələb edən sahələrdə uğur qazanmağa meyillidirlər…
Sona xanım 1984-cü ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini fərqlənmə diplomu ilə bitirib. 1984-1994-cü illərdə Üzeyir Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumunda müəllim, 1995–1999-cu illərdə “Səs” qəzetində müxbir vəzifələrində çalışıb. 2005-ci ildə jurnalist kimi fəaliyyətinə görə “Tərəqqi” medalına, daha sonra “Əməkdar jurnalist” adına layiq görülüb. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib. 1999-cu ildən tarixi “Kaspi” qəzetinin təsisçisi və ideya rəhbəridir. 2011-ci ildən 2018-ci ilə qədər Milli Televiziya və Radio Şurasının sədr müavini vəzifəsində çalışıb. Filologiya üzrə fəlsəfə doktorudur. Bir sıra kitabların müəllifidir…
“Qadın güclü olmalıdır. Bizim gücümüz yaxınlarımıza böyük enerji verir. Biz güclüyüksə, həyat yoldaşımız güclüdür, atamız güclüdür, qardaşımız güclüdür. Qadın güclü, intellektual, hissiyyatlı olanda ətrafına da bunu ötürə bilir. Hesab edirəm ki, bu fikri səbəbsiz demirəm. Bəzən elə məqamlar olur ki, o zaman ağıldan əlavə, intuisiya da lazım gəlir və qadında bu, daha güclüdür. Bəzən qadınların intuisiyası ağıldan bir qədər irəlidə ola bilir. Bu mənada, qadınlar daha intuisiyalıdır və bununla onlar daha böyük işlər görə bilirlər…”- söyləyir.
Zərif ruhu var, qəlbi o qədər təmizdir ki, hamıya-hər kəsə xoşbəxtlik arzulayır. Necə deyərlər, dili dualı xanımdır…
…Bəli, bu dəfə sizə ürəklərə yol tapan, şeirləri ilə könülləri tərpədən alim, şair Sona Vəliyevadan danışıram. O, sadəliyində əzəmət, qürurunda mərhəmət gəzdirən zəriflərdəndir. Bar verən ağac kimi bərəkəti çoxaldıqca, başını aşağı tutub, ürəyini Allaha, könül qapısını isə insanlara açıb. Bir sözlə, o xoşbəxtdir…
Mayın 29-u naşir, şair, publisist Sona Vəliyevanın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram…
Elman Eldaroğlu
(“Təzadlar”ın köşə yazarı)