Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xeyrəddin Qoca ilə Bəxtiyar Sadıqova fərqli münasibətin səbəbi nədir?
Məşhur “91” lərdən və YAP-ın qurucularından olan, hazırda hakim partiyanın Veteranlar Şurasının üzvü, sabiq konsul və millət vəkili Xeyrəddin Qoca cəmiyyətdə hələ ötən əsrin 90-cı illərinin sonlarından Ramiz Mehdiyevə qarşı açıq etirazları ilə tanınır. Prezident Adminstrasiyasının rəhbərinə qarşı mətbuatda və ictimaiyyət arasında, hətta Milli Məclisdə davamlı tənqidlər səsləndirən X.Qoca nəticədə R.Mehdiyev tərəfindən qara siyahıya salınmış, mandatdan və vəzifədən məhrum edilmişdi.
Xatırladaq ki, X.Qoca uzun onilliklər boyu R.Mehdiyevi antiəliyevçi fəaliyyətdə ittiham etmiş, onun hər iki prezidentə, ümumiyyətlə dövlətə xəyanət etdiyini söyləmişdi. Azərbaycan siyasətində boz kardinala qarşı açıq etirazda bulunanların sayının heç 10 nəfəri keçmədiyini nəzərə alsaq, X.Qoca personasının dəyəri, obyektivliyi daha əhəmiyyətli görünür.
Bu günlərdə X.Qoca Prezidentə müraciət edərək, Gömrük Komitəsində polkovnik-leytenant rütbəsində 12 ildir baş inspektor vəzifəsində çalışan qızı Aygün Qocanın haqslzlıqla üzləşdiyini bildirib. Belə ki, A.Qocanın vəzifəsi kiçildilib və şöbəsi dəyişdirilib. X.Qoca bu yerdəyişməni Əmək Məcəlləsinə zidd sayır və haqslzlıq kimi qəbul edir.
Bu faktın maraqlı tərəfi odur ki, 30 ilə yaxın antimehdiyevçi kimi tanınan Xeyrəddin Qocanın qızının vəzifəsi kiçildilərkən, 30 ildir cəmiyyətdə ən qatı Mehdiyevçi kimi tanınan Bəxtiyar Sadıqovun kürəkəninin Gömrük Komitəsindəki vəzifəsi böyüdülüb. Yəni, B.Sadıqovun kürəkəni Vüqar Həmidli komitənin Beynəlxalq Əməkdaşlıq idarəsinə rəis təyin olunub.
Maraqlıdır, Ramiz Mehdiyevə qarşı onillər boyu tənqidi mövqe bildirən, buna görə də vəzifəsindən və mandatdan məhrum edilən Xeyrəddin Qocanın ailəsi yenə də haqsızlıq görür. Amma 30 il ərzində Ramiz Mehdiyevə “dövrün məşhur filosofu və görkəmli dövlət xadimi” dediyinə, boz kardinala ondan artıq kitab, yüzlərlə məqalə həsr etdiyinə görə 25 il deputat və rəsmi qəzetin baş redaktorluğu ilə “mükafatlandırılan” Bəxtiyar Sadıqovun ailəsi yenə də himayə olunur.
Ramiz Mehdiyev Xeyrəddin Qoca ilə Bəxtiyar Sadıqovun həyatda itirdiklərinin və qazandıqlarının əsas səbəbkarıdır. Bu proses təəssüf ki, hələ də davam edir.
***
X.Qocanın Prezidentə müraciətini təqdim edirik:
“AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ.
Möhtərəm cənab Prezident!
Sözümü heç kimə çatdıra bilmədiyim üçün sosial mediada Sizə müraciət etməyə məcbur oldum.
Məni tanıyanlar bilirlər ki, ədalətsizliyə dözmürəm. Azərbaycan Dövlət Gömrük Komitəsində qızım Aygün Qocaya haqsızlıq edirlər, onun hüquqlarını pozurlar. O da sözünü heç kimə çatdıra bilmir, mən bu işə qarışmadığımdan, tək qalıb kömək istəyir.
Aygün Qoca 2014-cü ildən DGK-nın Gömrük tarifləri şöbəsində baş inspektor vəzifəsində çalışır. O, bu vəzifəyə ən aşağı vəzifədən pillə-pillə yüksəlmişdir Polkovnik-leytenantdır. Keçirilmiş attestasiya nəticəsində vəzifə dərəcəsi bir pillə endirilərək böyük inspektor təyin olunmuşdur. Buna etiraz etməmiş,10.12. 2025-ci il tarixli əmrlə özünün razılığı olmadan və ixtisasına tamamilə zidd olan Katibliyin Qərarların İcrasına nəzarət şöbəsinə yerdəyişmə edilmişdir. Bu əmr qanunsuzdur! Çünki əmək funksiyasının dəyişdirilməsi AR Əmək Məcəlləsinin 56-cı maddəsinə əsasən, işçinin əmək funksiyası (ixtisası, peşəsi) yalnız tərəflərin qarşılıqlı razılığı ilə ola bilər. Qızımın “Qərarların icrasına nəzarət” (kargüzarlıq) sahəsinə keçirilməsi peşə fəaliyyətinin sonlandırılmasına bərabərdir.
Məcburetmə və təzyiq: Kadrlar İdarəsinin.
rəisi Vüqar Əsgərov tərəfindən qızıma qarşı sözlü təzyiqlər göstərilmiş, subyektivcəsinə “yer yoxdur” bəhanəsi ilə əmək hüquqları pozulmuşdur. Bu yerdəyişmə qızım Aygün Qocanın iş keyfiyyəti ilə deyil, iş yerində “yer açmaq” və korrupsiya meylli maraqlarla bağlıdır. Bu isə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun tələblərinə ziddir.
Yuxarıda qeyd olunanları və “Əmək Məcəlləsinin 294-cü, 296-cı maddələrini rəhbər tutularaq qızımın yerdəyişməsi haqqında 10.12. 2025-ci il tarixli qanunsuz əmr ləğv edilməlidir Qızım əvvəlki iş yerinə-Gömrük Siyasəti İdarəsinin Gömrük tarifləri şöbəsinə böyük inspektor vəzifəsinə bərpa olunmaq haqqında qərar çıxarılmasını istəyir.
Aygün Qocaya qarşı edilən qanunsuz təzyiqlərə, peşə nüfuzuna vurulan zərərə və qanunsuz əmrə görə o, 1 ay öz hesabına məzuniyyət götürərək, işsiz və pulsuz qalmışdır. O, cavabdehdən maddİ və mənəvi ziyanın tutulmasını istəyir.
Aygün Qoca tək anadır, öhdəsində universitetin birinci kursunda oxuyan qızı var.
Butün bunları nəzərə alaraq, Aygün Qocaya kömək etməyinizi xahiş edirəm.
DƏRİN HÖRMƏT VƏ EHTİRAMLA,
Xeyrəddin Qoca”.
“Təzadlar”