Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“O vaxt 907-ci düzəlişin təbii ki, böyük təsiri var idi. Çünki Azərbaycan çox kasıb ölkə idi, xəzinə boş idi, valyuta ehtiyatlarımız yox idi”.
Tezadlar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı deyib.
“Bizi yardımdan məhrum etmək, əlbəttə ki, bizə böyük bir zərbə idi. Nəzərə alsaq ki, o vaxt minlərlə, on minlərlə köçkün artıq ağır şəraitdə yaşayırdı və bu, həm siyasi cəhətdən ədalətsiz idi, həm praktik nöqteyi-nəzərdən çox təsirli idi. Biz uzun illər çalışırdıq ki, bu 907-ci düzəlişi ləğv etdirək. Ancaq bu, çox çətin proses idi və sadəcə olaraq, 11 sentyabr 2001-ci il hadisələrindən sonra Amerika Prezidenti bu düzəlişi öz imzası ilə aradan qaldırdı və bu, 2024-cü ilə qədər davam edirdi. Çünki Əfqanıstandakı əməliyyatlarda Azərbaycan Amerikaya lazım idi, həm nəqliyyat, logistika, həm də digər məsələlərlə əlaqədar. Ancaq əfsuslar olsun ki, Amerikanın Əfqanıstandakı missiyası başa çatandan sonra, – hamımız onu xatırlayırıq necə başa çatıb, bu, Bayden-Blinken administrasiyasının növbəti rəzaləti sayıla bilər, onların Əfqanıstandan belə xaotik qaçışı və öz yaxın müttəfiqlərini orada faktiki olaraq, taleyin ümidinə buraxması, – Bayden administrasiyası bu düzəlişin aradan qaldırılmasını dayandırdı. Yəni artıq Azərbaycan onlara lazım deyildi, Əfqanıstandakı missiya başa çatmışdı və beləliklə, bu düzəliş yenidən tətbiq edilmişdi. Əlbəttə, bunun bizim iqtisadi inkişafımıza heç bir təsiri yoxdur və ola da bilməz. Ancaq bu, Bayden-Blinken administrasiyasının nə qədər naşükür və nankor olmasını bir daha göstərir. O vaxt administrasiyanın yüksəkvəzifəli şəxsləri ilə söhbət əsnasında mən demişdim ki, gün gələcək və biz sizə bir daha lazım olacağıq. Amma onda bizim qapımızı döyməyin. Əgər o administrasiya və onun nümayəndələri bu gün hakimiyyətdə qalsaydı, biz onların bir xahişini də yerinə yetirməyəcəkdik”, – deyə Prezident İlham Əliyev bildirib.