Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail ordusunun atəşkəsə baxmayaraq, Qəzza zolağına hücumlarını davam etdirdiyi bölgədə, Qəzza şəhərinin qərbində yerləşən Əş-Şati qaçqın düşərgəsindəki bir ev hücum nəticəsində ciddi şəkildə dağıdılıb.
Tezadlar.az xəbər verir ki, düşərgədəki bir evi hədəf alan güclü partlayışın səsi geniş bir ərazidə hiss edilib. Partlayış ətrafdakı çoxsaylı bina və evlərə ziyan vurub və bir uşaq da daxil olmaqla altı nəfər yaralanıb. Yaralılar Qəzza şəhərindəki Əş-Şifa Xəstəxanasına aparılıb.
Hücumdan sonra evləri dağıdılan və ətraf ərazidə yaşayan fələstinlilər zərərin dərəcəsini qiymətləndirmək üçün hadisə yerinə gəliblər. Düşərgə ərazisindəki bir çox evə ciddi ziyan dəyib və bəzi tikililər tamamilə istifadəyə yararsız hala düşüb.
Qəzzada 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail ordusunun hücumlarını davam etdirdiyi və nəticədə, təxminən 850 nəfərin öldüyü, təxminən 2500 nəfərin yaralandığı bildirilir.
“Yola düşən kimi partlayışlar baş verib”
Evini itirən fələstinli qadın Sabah əl-Far Anadolu Agentliyinin müxbirinə çarəsizliyini danışaraq, hücumdan əvvəl İsrail ordusundan təxliyə təhdidləri aldığını bildirib.
Əl-Far deyib: “Evi dərhal təxliyə etmək təhdidləri aldıq. Yola düşən kimi partlayışlar baş verdi. Gördüyünüz kimi, ev tamamilə dağılıb. Harada yaşamalıyıq? Yollarda yaşamalıyıqmı? Qonşumuzun evi də dağılıb. Harada yaşayacağıq, harada sığınacağıq?”
Hücumda evinin tamamilə dağıldığını deyən Far İsrail hücumları zamanı övladlarının və qardaşı oğullarının böyük qorxu yaşadığını bildirib.
Far evdə yaşayış üçün yararlı heç bir şeyin qalmadığını söyləyərək əlavə edib: “Mən yalnız Allahdan çadır istəyirəm. Mənim və uşaqlarımın yaşaya biləcəyi bir çadır… İçində yaşamaq üçün heç bir şey qalmayıb. Nə çarpayı, nə döşək, nə də ev əşyaları… Heç bir şey qalmayıb”.
Hücumda evi də dağıdılan Məhəmməd əl-Salihi hücumun təsirinin düşərgədən çox kənarda hiss olunduğunu bildirib.
Düşərgədəki evlərin bir-birinə çox yaxın olduğunu qeyd edən Salihi partlayışdan sonra yaranan geniş yayılmış çaxnaşmanı təsvir edib.
“Bu gecəki partlayış çox güclü idi. Müharibənin yenidən başlamasından qorxuruq. Çünki bu, hər kəsə təsir edən genişmiqyaslı bir dağıntıdır. Burada mülki şəxslər var, düşərgə tamamilə mülki şəxslər və köçkünlərlə doludur”, – deyə o bildirib.
Salihi partlayışdan sonra neçə nəfərin küçələrə qaçdığını, qadınların qorxudan qaçdığını və qəlpə parçalarının geniş bir əraziyə səpələndiyini təsvir edib.
Hücumun vurduğu ziyanın miqyasını vurğulayan Salihi əllidən çox evin zərər görmüş ola biləcəyini bildirib və deyib: “Gördüyünüz kimi, evlərin əksəriyyətində bir dənə də olsun daş qalmayıb. Hər yerdə böyük dağıntılar var”.
Atəşkəsin qorunmasına çağıran fələstinli Salihi müharibənin yenidən başlaması ilə bağlı narahatlığını ifadə edərək deyib: “Demək istədiyimiz tək şey budur: Müharibəni dayandırın. Atəşkəsi qoruyun, müharibəni dayandırın. İnsanların bundan artığını etməyə gücü yoxdur”.
Hücumda evi dağıdılan bir fələstinli qadın məhəllə sakinlərinə ərazini tərk etmələri üçün telefon zəngləri edildiyini bildirib.
Qadın deyib ki, panik və xaos içində binadan enmələrinə baxmayaraq, necə çıxacaqlarını bilmirdilər və qayıdanda evinin tamamilə dağıdılmış vəziyyətdə olduğunu görüb.
Evlərinin son sığınacağı olduğunu vurğulayan fələstinli qadın deyib: “Evimiz bizim sığınacağımız idi, amma indi o da yoxa çıxıb. Geyinəcək bir şeyimiz, qalacaq bir yerimiz yoxdur. Hara gedə bilərik? Hara sığına bilərik?”
O, hazırda müharibədə həlak olan birinin boş bir evində qaldığını bildirdi və hücumlar səbəbindən ərazidə getdikcə daha çox ailənin evsiz qaldığını qeyd edib.
2023-cü ilin oktyabrında Qəzzaya qarşı başladılan soyqırımın dayandırılmasını hədəf alan atəşkəsdən altı ay sonra İsrail müxtəlif bəhanələrlə fələstinliləri hədəf almağa davam edir.
E.ŞİRİNOV