Bu da baş verdi…Baş nazir İrakli Kobaxidze Avropa İttifaqı ilə münasibətlər barədə danışarkən bildirib ki, ölkə suverenliyindən, sülhündən, inkişafından və milli kimliyini müəyyən edən dəyərlərindən imtina etməyəcək. Onun sözlərinə görə, Gürcüstan digər məsələlərlə bağlı müzakirələrə açıqdır. Tezadlar.az xəbər verir ki, Kobaxidze bu barədə hökumət administrasiyasında jurnalistlərə açıqlamasında bildirib. Baş nazirin sözlərinə görə, Gürcüstanın şəffaflıq haqqında qanunu ilə bağlı cəmiyyətdə artıq müəyyən fikir formalaşıb və o, ABŞ-ın və Avropa İttifaqının sabiq səfirlərini həmin qanuna qarşı “yalan üzərində qurulmuş kampaniya” aparmaqda ittiham edib: “ABŞ-ın və Avropa İttifaqının o vaxtkı səfirləri bu qanuna qarşı utancverici, yalan üzərində qurulmuş kampaniya apardılar. İndi bizə bununla bağlı izahat lazımdır: onlar niyə vaxtilə belə bir kampaniya apardılar? Müzakirəyə məhz buna görə ehtiyac var”, – deyə Kobaxidze bildirib.
Baş nazir ailə dəyərləri və yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyə də toxunub. O, bu məsələlərdə Avropa İttifaqının mövqeyinin izah edilməsini tələb edib və gender kimliyinin hüquqi qeydiyyatı ilə bağlı məsələləri nümunə göstərib. Kobaxidze Avropa ölkələrində etnik, dini və fərdi kimliklə bağlı böhran yaşandığını iddia edib. Onun fikrincə, miqrasiya siyasəti, dini mənsubiyyət və gender kimliyi ilə bağlı yanaşmalar bu müzakirələrin əsas mövzuları olmalıdır. Baş nazir həmçinin iddia edib ki, Avropa İttifaqı Gürcüstandan eynicinsli cütlüklərin uşaq övladlığa götürməsi və şəxsin hüquqi sənədlərində cinsiyyətini dəyişməsi ilə bağlı yanaşmaları qəbul etməsini gözləyir.
Kobaxidze vurğulayıb ki, Gürcüstan Avropa ilə tarixi bağlılığını qoruyur və Avropa İttifaqını bu seçimin institusional ifadəsi hesab edir: “Gürcüstanın tarixi seçimi Avropadır. Avropa İttifaqı bir neçə onillik əvvəl yaradılıb. Bizim seçimimiz Avropadır. Avropa İttifaqı isə bu seçimin institusional ifadəsidir. Buna görə də tarixi seçimimizdən danışarkən Avropanın bizim seçimimiz olduğunu düzgün ifadə etməliyik”, – deyə baş nazir bildirib.







