Avropanın altı aparıcı ölkəsinin xarici işlər nazirləri bəyan ediblər ki, Rusiya Federasiyasına qarşı təzyiqləri gücləndirməyə, o cümlədən enerji və bank sektorlarına əlavə sanksiyalar tətbiq etməyə hazırdırlar. Tezadlar.az xəbər verir ki, bu barədə nazirliklərin rəhbərləri İtaliyanın paytaxtı Romada keçirilən “Vaymar Plusu” formatında baş tutan görüşdən sonra yayılan birgə bəyanatda bildiriblər. Görüşdə Fransa, Almaniya, İtaliya, Polşa, İspaniya və Böyük Britaniyanın xarici işlər nazirləri, eləcə də Avropa İttifaqının ali nümayəndəsi iştirak ediblər. Toplantıya NATO-nun baş katibi Mark Rutte və Ukraynanın xarici işlər naziri Andriy Sybiha da qatılıb. Nazirlər bildiriblər ki, Rusiya təcavüzünü dayandırmayana və vurduğu ziyana görə kompensasiya ödəməyənə qədər, onların yurisdiksiyası altında olan Rusiya dövlət aktivləri dondurulmuş vəziyyətdə qalacaq. Birgə bəyanatda həmçinin qeyd olunub ki, ədalətli və davamlı sülhün bərqərar olması üçün Ukraynaya adekvat təhlükəsizlik zəmanətləri verilməlidir. Bu, ölkənin güclü orduya və inkişaf etmiş müdafiə sənayesinə sahib olmasını nəzərdə tutur.
Nazirlər NATO-nun kollektiv müdafiənin əsas dayağı olaraq qalmasını vurğulayıblar və qarşıdan gələn sammitdə alyansın gücləndirilməsi ilə bağlı qərarların qəbul edilməsinin vacibliyini bildiriblər. Onlar NATO-nun müttəfiqlərin ərazisinin hər bir santimetrini qorumağa hazır olmalı olduğunu bildiriblər. Avropa ölkələrinin liderləri həmçinin bildiriblər ki, Avropa öz təhlükəsizliyinin təminində daha fəal rol oynamalıdır. Bəyanatda təhlükəsizlik sahəsində digər regionlarla əməkdaşlığın vacibliyi də qeyd olunub. Nazirlər Aralıq dənizi, Afrika, Qərbi Balkanlar, Qara dəniz regionu, Yaxın Şərq və Şimali Afrikada sülh və sabitliyi təşviq etmək məqsədilə tərəfdaşlıq əlaqələrinin gücləndiriləcəyini vurğulayıblar.