…Bakıya “normadan artıq” yağış yağmasının, yaxud quraqlıq olmasının banisi başına döndüyümüzdür və ona kimsə “bəsdi” deyə bilməz. Çünki yağış təbiət hadisəsidir və hələ də sirri-özü dəqiq bilinməyən İlahi qüvvə tərəfindən idarə edilir…
***
Bəs nə edək ki, Bakıya “normadan artıq” yağış yağanda evləri, yolları, tunelləri, həyət-bacanı sel aparmasın, ev əşyaları zibilxanalıq olmasın???
Avstriyada yaşayan jurnalist Fikrət Hüseynli bunun sirrini Avstriyanın paytaxtının nümunəsində tapıb. Tezadlar.az “normadan artıq” yağış bəhanəsi ilə məsuliyyətdən yayınmaq istəyənlərə bu faktı və videonu təqdim edir: “…Bu su qovşağı 889 il əvvəl – 1137-ci ildə Salzburqda yağış sularını və dağlardan gələn axıntıları tənzimləmək üçün tikilib. Bu günə qədər işləyir. Bu müddət ərzində yalnız bir dəfə – 1989-cu ildə restavrasiya olunub. Salzburqda il ərzində yağan yağış miqdarı 1184-1200 millimetr təşkil edir. Amma yüz illərdir bu cür mexaniki üsulla sular idarə olunur. Azərbaycanın paytaxtı Bakı şəhərində yağış… “normadan artıq” yağanda belə, il ərzində 300 millimetri keçmir. Azərbaycanda ilin maksimum 49-50 günü yağış yağır. Avstriyada il ərzində hava minimum 90-120 gün yağışlı olur. Lakin ölkəni ağılla idarə edənlər, ağıllı insanlar bu sulardan səmərəli istifadə edir. Azərbaycanda isə əksinədir… Təcrübəsizlər vəzifəyə təyin olunur. Nəticədə fəlakətli vəziyyət yaranır. Min dəfə deyilib, 1001-ci dəfə də yazım ki, nə qədər gec deyil, icra hakimiyyətləri ləğv olunmalı, bələdiyyələrin səlahiyyətləri artırılmalı, əhaliyə seçim imkanı verilməli, yerli özünü idarə etmə qurulmalıdır. Regionların mərkəzdən inzibati və maddi asılılığı aradan qaldırılmalıdır. Parlament seçkilərini qoyduq bir kənara, heç olmasa, bələdiyyə seçkiləri şəffaf və müdaxiləsiz keçirilməlidir. Hər kənd, şəhər ona layiqincə xidmət verəcək bələdiyyələr qura bilməlidir. Əks halda vəziyyət hər il daha acınacaqlı olacaq. Məndən demək. Sonra deməyin ki, bizə demədi…”.
Bəli, Bakıda tikinti mədəniyyətindən baş açmaq olmur. Kimsə pulunu verib qaçıq tikintiyə. Ona başa salan olmur ki, a kişi, drenajı, kanalizasiya xətti olmayan çökək ərazidə ev tikmək olmaz!
A.Məmmədli