…Bu günlərdə Şəki xan sarayında oldum. Giriş pulludur. Xeyli xarici turist var idi. Yeganə problem növbə mədəniyyətinin qeyri-qənaətbəxş olması idi. Oradan yaxınlıqdakı Mirzə Fətəli Axundovun (Axundzadənin) doğulduğu ev muzeyində oldum (çox maraqlı idi və oradakı bələdçi xanım da böyük həvəslə bütün lazımi məlumatı verdi). Giriş pulsuz idi, amma heç kəs yox idi. Amma əsas bu deyil. Təbii, xan sarayı turistik baxımdan daha cəlbedicidir. Lakin özümüz bilirik ki, bütün ziddiyyətliliyinə baxmayaraq Mirzə Fətəlinin millətimizin formalaşmasındakı rolu bütün xanlarımızın fəaliyyətindən daha əhəmiyyətlidir. Rusiya polkovniki olan, özünü fars hesab edən bu dahi şəxs ədəbi Azərbaycan dilinin banisidir (dilin ətrafında isə sonradan millət formalaşdı). Lakin biz indiyədək onun soyadının necə yazılmalı olduğunu müəyyən etməmişik. Hətta həmin muzeyin üzərində “Axundzadə”, xan sarayının yaxınlığındakı istiqamətverici işarədə isə “Axundov” yazılıb (şəkillərə baxın). Və bu yeganə belə hal deyil. Məsələn, Milli Kitabxanımızın saytına (
https://www.millikitabxana.az) əsasən o, “Axundov” adınadır. Amma Prezidentin 29 dekabr 2025-ci il tarixli, 564 saylı Fərmanının 1.7.1.7-ci bəndində bu Kitabxana “Axundzadə” adınadır. “Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında” Prezidentin 15 fevral 2008-ci il tarixli, 2679 saylı Sərəncamının preambulasında “Axundov”, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli, 2867 saylı Sərəncamın preambulasında isə “Axundzadə” yazılıb. Və s. və i.a.
Məsələ sadə deyil. Mirzə Fətəli əsərlərini rus dilində “Axundov”, Azərbaycan və fars dillərində isə bəzən “Axundzadə” kimi imzalayırdı. Lakin rəsmi sənədlərdə soyadı “Axundov” kimi göstərilib. Buna görə də mən “Axundov” variantının daha mötəbər olduğu qənaətindəyəm. Lakin hər bir halda bir variantı seçməliyik. Ədəbi dilimizin banisinin soyadını fərqli yazmağımız yolverilməzdir…
Əkrəm Həsənov,
Vəkil