Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakının mövcud yollarını daraldıb sürülərə cərimə mənbəyi, sərnişinlərə isə əsəb gərginliyi yaratması adi hala çevrilib. Sosial media istifadəçisi Şahin Nəcəfobun bu statusu diqqəti çəkir.
Sitat: “Azərbaycan iqtidarına qarşı indiyə kimi heç bir müxalifət qüvvəsi, heç bir xarici güc AYNA qədər kütləvi narazılıq yarada bilməmişdir. AYNA-nın (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) rəhbərliyini mütləq həkim müayinəsindən keçirmək lazımdır. Aydınlaşdırmaq lazımdır ki, bunlar millətlə əylənirlər, yoxsa ağılları bura qədər kəsir?
Dərs oxumaq istəməyən uşağın tualetə girib çıxmaması kimi, bunlara da iş tapşıranda başlarını aşağı salıb asfaltda əvvəldən olan xətləri pozub-qaralayıb yenidən elə əyri-üyrü xətlər çəkirlər ki, sürücülərin beyni pozulur. AYNA hansı küçəyə, hansı bölgəyə daxil olursa, ora tıxaca və “cəhənnəmə” dönür. AYNA-nın vəzifəsi nədir? AYNA indiyə kimi hansısa bir küçədə hərəkətin təşkilini nizamlayıb, tıxac problemini həll edibmi? Ən yaxşı halda “episentrin” yerini dəyişə, gərginliyi bir nöqtədən başqa nöqtəyə ata bilər. Ölkədə bir nəfər vicdanlı insan tapmaq olmaz ki, AYNA-nın yol hərəkətinin təşkilinə müsbət töhfə verdiyinə inansın. Hərəkətin intensiv və düzgün təşkili üçün yol nişanları və qadağanedici işarələr hündürdə, görünən yerdə, başa düşülən və təkrarlanan olmalıdır. Hər hansı hərəkət istiqaməti və ya nişanı dəyişərsə, günlər öncə şəhər sakinləri xəbərdar edilməli, maarifləndirmə tədbirləri davamlı aparılmalıdır. Şəhərdaxili yollar “avtoban” deyil, paylaşılan olmalıdır. ”Qanun ağıllı insan üçün məşğuliyyət, axmaqlar üçün məcburiyyətdir.” Lakin AYNA qanunları əzaba, əsəbə, cərimə və cəzaya çevirib. Azərbaycan iqtidarına qarşı indiyə kimi heç bir müxalifət qüvvəsi, heç bir güc AYNA qədər kütləvi narazılıq yarada bilməmişdi. Hökumətə hələ ki, AYNA-nın vətəndaşların cibinə girməsi və zəhmətsiz gəliri xoş gələ bilər. Amma onun yaratdığı alt fəsadları təhlil edən yoxdur.
Rəsmi statistikaya görə:
-Ölkədə cəmi 1 milyon 738 min 940 ədəd avtomobil var. Bakı və Abşeron qeydiyyatında olan avtomobillərin sayı rəsmi olaraq 780 min civarındadır. Lakin rayonlardan daxil olan maşınlarla birlikdə bu rəqəmin 1 milyona yaxınlaşdığı təxmin edilir. AYNA bu yarıtmaz və vətəndaşa “tələ quran” fəaliyyəti ilə paytaxtda hərəkət edən bir milyona yaxın sürücünü hökumətdən narazı salır. Səbəbsiz yerə, günaşırı 40, 60, 80 manat cərimə və 2 bal tətbiq edilən heç bir sürücü rahat və xoş oola bilməz. Hələ ki, haramınız olsun deyib, kecir. Biznes obyektlərinin fəaliyyəti iflic edilib. Dayanma-durma mümkün deyil, obyektlərə mal çatdırılması çətinləşib, iş yerləri bağlanır. Şəhər vahid bir orqanizm kimi çalışmalıdır. “Velosiped yolu düzəldirəm” deyib bir milyon sürücünü və on minlərlə sahibkarı cıxılmaz vəziyyətə salmağın adı “iş görmək” deyil. Dünyanın heç bir ölkəsində bu qədər əyri-üyrü, anlaşılmaz xətlər çəkilən yollara və xəttə görə cərimə yazan , bu qədər cox kameraya rast gələ bilməzsiniz…”.
REDAKSİYADAN: Bəli, AYNA-nın belə yarıtmaz işi Yol Polisi əməkdaşlarının da fəaliyyətini mürəkkəbləşdirib. Bakıda hazırda yol polisi daha çox AYNA-nın yaratdığı süni tıxacların nizamlanmasına cəlb edilib, bu da əksər hallarda səmərə vermir, çünki yolları daraldılan Bakıda nəqliyyat sıxlığı qaçılmazdır! Sitatın sonu!