14 Aprel 2026 / 12:06

AYNA-nın parkinqləri kolxoz bazarının içində…

Bakıda parklama məntəqələrinin sayının yüz mini keçdiyini avtomobilini parklayanlar yaxşı bilir. Çünki məntəqənin nömrəsi parklama vaxtı qeydə alınmalıdır. Beləliklə, bu rəqəmi götürsək və hər parkalamanın yanında bir parkovşikin dayandığını nəzərə alsaq, belə çıxır ki, AYNA rəhbərliyi Dövlət Statistika Komitəsinə məlumat verib ki, qurum indiyədək yüz minlərlə yeni iş yeri açıb… Müşahidələr göstərir ki, bu nəzarətçilərin xeyli hissəsi rayon gəncləridir… Sonra da deyirlər ki, Bakı niyə basabas içindədir!
İndi məlum olur ki, bu iş yerləri kolxoz bazarlarına, evlərə, həyətlərə… də girib. Bakıda onsuz da evdən-qarajdan çıxdın, parklamalara pul verməlisən. Sürücülər bunun nə dərəcədə sosial problem olduğunu yaxşı bilir. Çünki sürücü olan Bakının yollarında icarəçi qismindədir… Yəni, Bakının özü məmurlara, torpaqları bələdiyyələrə və İH başçılarına, yolları da sürücülərə icarəyə verilib.
***
Tanınmış naşir Şahbaz Xuduoğlunun statusu bu mənada çox maraqlıdır. Sitat: “… Bazar günüm bazarda… Azparking bazarın içində də öz lövələrini asıb. Dünən “Vasmoy” bazarına getmişdim. Çox basabasdır, yolları və keçidlər tıxanıb. Bazarın yerləşdiyi ərazidən əlavə, ətraf yerlər də demək olar ki, bazara çevrilib və orada sözün həqiqi mənasında antisanitariya hökm sürür. Elə bir vəziyyət yaranıb ki, insan yaxınlaşıb nəsə almaq istəmir. Halbuki bazar çox əhəmiyyətli bir yerdir. İmkansız insanların çörək mənbəyidir, bir ərazinin inkişafını stimullaşdırır. Bazarın olması labüddür və olmalıdır. Amma niyə insanların hər gün tələbat mallarını aldığı, hər gün üz tutduğu bir məkan bu qədər çirkli və baxımsız olmalıdır? Mən istəmirəm ki, Bakıda olan digər bazarların taleyi də Təzə bazar, Nəsimi bazarı kimi olsun. Yəni bazarları elə bir həddə çatdırırlar ki, artıq hamı ondan narazı qalır. Antisanitariya, dağınıqlıq, üfunət, zibillik, insanların hərəkət edə bilməməsi… Sonra isə belə bir vəziyyətdə qərar verilir ki, bazarlar ləğv olunsun, yerində hündür binalar tikilsin. Zaman gələcək, bu bazarlar muzey kimi axtarılacaq. Ona görə də bazarlar qəsdən və ya səhlənkarlıq ucbatından bu vəziyyətə gətirilməməlidir. Əksinə, səliqəyə salınmalı, insanlara normal şərait yaradılmalıdır. Həm orada öz malını satan insanlar üçün, həm də alış-verişə gələnlər üçün. Baxırsınız, hər yerdə Azparking lövhələri asılıb. Hətta dükanların qarşısında, insanların piştaxtalarının üstündə belə. Bu yanaşma düzgün deyil. Parklama üçün ayrıca və uyğun şərait yaradılmalıdır. Həm orada işləyənlər, həm də gələn alıcılar üçün…”.
Belə məna çıxır ki, AYNA yolları bazara çevirib, bu bəs deyil, indi bazarı da bazara çevirməkdədir…
SƏBUHİ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!