Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Hava Yolları (AZAL) 20 noyabr tarixindən etibarən hava nəqliyyatında portativ şarj cihazlarının (“powerbank”) daşınması və istifadəsinə dair yeni qaydalar tətbiq edəcək.
TEZADLAR.AZ “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinə istinadən bildirilir ki, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə təyyarə salonunda smartfonların xarici şarj cihazları ilə doldurulması qadağan olunur.
Bu qərar litium-ion batareyalarla işləyən cihazların yarada biləcəyi mümkün risklərin minimuma endirilməsinə xidmət edir. Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi AZAL üçün hər zaman prioritetdir və yenilənmiş tələblər beynəlxalq mülki aviasiya qaydalarına tam uyğunlaşdırılıb.
Yeni qaydalara əsasən:
Şarj cihazlarının daşınma qaydası onların enerji tutumuna uyğun olaraq beynəlxalq standartlara əsasən müəyyən edilir. Tutumu 100 vat/saatadək olan cihazların əl yükündə daşınmasına icazə verilir. 100-160 vat/saat tutumlu akkumulyatorlar isə yalnız aviaşirkətin əvvəlcədən verilmiş razılığı ilə daşına bilər. Qeyd edək ki, bu kateqoriyaya aid cihazların qeydiyyatdan keçirilmiş baqajda daşınması qəti qadağandır.
Sərnişinlərə tövsiyə olunur ki, portativ şarj cihazlarında nasazlıq əlamətləri (həddindən artıq qızma, korpusun deformasiyası və ya kənar qoxu) müşahidə etdikdə dərhal ekipaj üzvlərinə məlumat versinlər.