“Azerbaijan Kids Fashion Show 2026” – MÖHTƏŞƏM FİNAL GECƏSİ (FOTOLAR)

Bakıda moda aləminin 2026-cı il üzrə ilk tədbiri baş tutdu.

Yanvarın 3-də “Badamdar Estates” otelində təqdim edilən maraqlı moda şousu – “Azerbaijan Kids Fashion Show 2026” müsabiqəsi “Star Kids Group” şirkətinin təşkilatçılığı ilə keçirildi. Belə ki, “Star Kids Group”MMC -nin direktoru Aygün Əliyevanın rəhbərliyi ilə aylardır davam edən hazırlığın, həm də modellərin, modelyerlərin həyəcanlarının nəticəsi olaraq final – “imtahan” mərhələsi münsiflərə, qonaqlara, media nümayəndələrinə, sənət adamlarına təqdim edildi.

Qeyd edək ki, müsabiqədə  4-14 yaş kateqoriyalarında 53-ü qız, 32-si oğlan olmaqla 85 model  iştirak edirdi və bu müsabiqədə təkcə modellər deyil, model və modelyerlərin birgə tandemi qiymətləndirilirdi. Çünki azyaşlı modelləri uğura götürəcək bu gecədə 17 modelyer-dizaynerin zəhməti ilə ərsəyə gəlmiş geyim kolleksiyası nümayiş olunurdu, məhz modelyerlər də uğur qazanacaq əsrarəngiz əl işlərinə görə ödülləndiriləcəkdilər. Əlbəttə ki, bu əməyin bəhrəsi modellərin təqdimatı  – duruşu, görünüşü, yerişi və digər perfromansları nəticəsində qazanılır.

Tezadlar.az  xəbər verir ki,  artıq 10 yaşı – yubileyi qeyd edilən “Star Kids Group”un təşkil etdiyi bu müsabiqənin münsiflər heyətinin sədri isə Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının dosenti, “Fakhriya Khalafova” moda evinin təsisçisi, Azərbaycanın “Moda İkonu” Fəxriyyə Xələfova idi. İncə zövqə və təkrarasız yaradıcılıq yanaşmasına malik sənətkarın bu gecə modellərin və libasların dəyərləndirilməsində iştirakı hər zamankı kimi, seçimlərin ədalətli olacağına əminlik yaradırdı.

Builki  münsiflər heyətində isə eksklüziv gəlinliklər, geyimlər, parçalar məkanı olan “Taylors Home” modalar evinin rəhbəri Aynur Abbasova da vardı.

***

Müsabiqənin bədii, həm də  giriş hissəsi milli geyimli gənc xoreoqrafların əllərində bayraqlarla rəqsi ilə başladı və bu rəqs dahi bəstəkar Üzeyir Hacıbəylinin repertuarı ilə davam etdirildi.

Daha sonra müxtəlif yaş qruplarından olan modellər bir-bir podiumda özlərini – geyimlərini münsiflərə, qonaqlara nümayiş etdirdilər. Modellərin musiqi sədaları altında podiumda gəzişməsi qonaqların, münsiflərin alqışları ilə müşayət olunurdu. Müsabiqədə nümayiş olunan bir-birindən gözəl libaslar isə kreativliyi, cazibəsi, çox zəhmət və vaxt tələb edən əl işləmələri ilə göz oxşayırdı.

Münsif kimi iştirak edən  Rüfət Axundov, Elnur Məmmədli və digər sənətçilər müsabiqəyə coşqu qatan, modellərin əhval-ruhiyyəsini yüksəldən musiqi nömrələri ilə çıxışlar etdilər. Əməkdar artist Şölə Səfərəliyeva isə tədbirə xüsusi rəng qatan“Moda” mahnısını – 30 il sonra ilk dəfə, həm də yeni aranjmanda ifa etdi.

Onu da xüsusi olaraq vurğulamaq istərdik ki, şoumen, aktyor, müğənni Elməddin Məmmədovun aparıcılığı ilə keçirilən tədbir olduqca maraqlı və möhtəşəm idi.

***

Münsiflər balları hesablayarkən qonaqlar foyedə müxtəlif əl işlərindən ibarət sərgi-satış ilə də tanış oldular. Təqdim edilən bir çox əl işlərindən əldə edilən gəlir isə xüsusi uşaqların ailələrinə dəstək üçün nəzərdə tutulmuşdu.

Nəhayət,  müxtəlif nominasiyalar üzrə yer qazanan modellər podiuma dəvət edildi və başda Fəxriyyə Xələfova olmaqla münsiflər heyətinin üzvləri tərəfindən təltif edildilər. Sonda isə müxtəlif yaş kateqoriyalarından olan ilk üçlükdə yer alan qaliblər səhnəyə dəvət edildilər.

Müsabiqədə 4-6 yaş kateqoriyasında qızlar arasında 1-ci yerin qalibi 6 nömrəli iştirakçı Alya Məmmədsoy  oldu və onunla yanaşı, libasın müəllifi  “Moyisey” moda evinin rəhbəri, modelyer-dizayner Hicran Əhmədova da təltif edildi.

4-6 yaş kateqoriyasında oğlanlar arasında 1-ci yerin qalibi 27 nömrəli iştirakçı Ravin Eyvazov oldu və onunla yanaşı, libasın müəllifi “Elsaro Couture” moda evinin rəhbəri, modelyer – dizayner Səyyarə Əlizadə təltif edildi.

7-9 yaş kateqoriyasında qızlar arasında 1-ci yerin qalibi 44  nömrəli iştirakçı Jasmin Eyvazova oldu və onunla yanaşı, libasın müəllifi “Mina Style” moda evinin rəhbəri, modelyer-dizayner Minarə İmamverdiyeva təltif edildi.

7-9 yaş kateqoriyasında oğlanlar arasında 1-ci yerin qalibi  68  nömrəli iştirakçı Adəm Adıgözəlzadə oldu və onunla yanaşı, libasın müəllifi “Moyisey” moda evinin rəhbəri, modelyer-dizayner Hicran Əhmədova da təltif edildi.

10-14 yaş kateqoriyasında qızlar arasında 1-ci yerin qalibi 77  nömrəli iştirakçı Cahan Qurban oldu  və onunla yanaşı, libasın müəllifi  “Moyisey”  moda evinin rəhbəri, modelyer-dizayner Hicran Əhmədova təltif edildi.

10-14 yaş kateqoriyasında oğlanlar arasında 1-ci yerin qalibi 81 nömrəli iştirakçı Amin Hüseynli oldu  və onunla yanaşı, libasın müəllifi  “Mina Style”  moda evinin rəhbəri, modelyer-dizayner Minarə İmamverdiyeva təltif edildi.

Bəli, bu müsabiqə böyük uğurlara hələ kiçik addımlar atan fidanlarımız üçün tramplindir. Və təbii ki, bu cür layihələrin Azərbaycanı gələcəkdə xaricdə təmsil edəcək istedadların – modellərin aşkarlanmasında xidməti əvəzsizdir.

Uğur olsun!

Yasəmən Məmmədli

 

 

 

 

 

 

Xəbəri paylaş

Xəbər lenti

  • Bu gün heç bir post paylaşılmayıb.