11 Fevral 2026 / 08:39

Azərbaycan aşıq yaradıcılığının görkəmli tədqiqatçısı- ELXAN MƏMMƏDLİ

…Azərbaycan folklorşünaslıq elminin inkişafında mühüm xidmətləri olan, filologiya üzrə fəlsəfə doktoru Elxan Hüseynqulu oğlu Məmmədlinin 80 illik yubileyi Azərbaycan elmi və mədəni ictimaiyyəti üçün əlamətdar hadisədir. Onun adı uzun illərdir ki, Azərbaycan aşıq yaradıcılığının elmi tədqiqi, sistemləşdirilməsi və milli-mənəvi irs kimi qorunması istiqamətində aparılan fundamental araşdırmalarla bağlıdır.
Elxan Məmmədli elmi fəaliyyətində aşıq sənətinə yalnız folklor nümunəsi kimi deyil, xalqın tarixi yaddaşını, dünyagörüşünü və estetik düşüncəsini əks etdirən çoxşaxəli mədəni hadisə kimi yanaşmışdır. Onun tədqiqatları Azərbaycan aşıq yaradıcılığının poetik xüsusiyyətlərinin, janr sisteminin, ifaçılıq ənənələrinin və regional mühitlərinin elmi əsaslarla öyrənilməsinə mühüm töhfələr vermişdir.
Uzun illər AMEA-nın Folklor İnstitutunda aşıq yaradıcılığı şöbəsinin müdiri kimi çalışan alim bu sahədə elmi istiqamətlərin formalaşmasında, tədqiqatların əlaqələndirilməsində və yeni nəslin yetişdirilməsində mühüm rol oynamışdır. Onun rəhbərliyi dövründə aşıq sənətinə dair elmi araşdırmalar daha sistemli xarakter almış, zəngin folklor materiallarının toplanması və elmi dövriyyəyə daxil edilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür.
Azərbaycan aşıq yaradıcılığı xalqın tarixi yaddaşını, estetik düşüncəsini və mənəvi dünyasını özündə ehtiva edən çoxqatlı folklor hadisəsidir. Bu irsin elmi əsaslarla tədqiqi Azərbaycan folklorşünaslığının əsas istiqamətlərindən biri olmuşdur.
Elxan Məmmədlinin elmi araşdırmaları əsasən Azərbaycan aşıq yaradıcılığının poetik sistemi, janr xüsusiyyətləri, ifaçılıq ənənələri və regional mühitlərinin tədqiqinə həsr olunmuşdur. Alim aşıq sənətinə kompleks folklor hadisəsi kimi yanaşaraq onu tarixi, sosial və mədəni kontekstlər daxilində araşdırmışdır.
Elxan Məmmədlinin elmi yaradıcılığının səciyyəvi cəhətlərindən biri metodoloji ardıcıllıq və elmi prinsipiallıqdır. O, folklor mətnlərinin toplanması, təsnifatı və təhlilində müqayisəli-tarixi metodu, struktur-semantik yanaşmanı, regional folklor mühitlərinin kompleks öyrənilməsi prinsipini əsas götürmüşdür.
Onun rəhbərliyi dövründə aşıq sənətinə dair elmi tədqiqatların istiqamətləri dəqiqləşdirilmiş, ekspedisiya materiallarının toplanması və arxivləşdirilməsi işi sistemli xarakter almışdır. Eyni zamanda, gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması və onların peşəkar folklorşünas kimi formalaşması alimin institusional fəaliyyətinin mühüm istiqamətlərindən biri olmuşdur.
Elmi fəaliyyətlə ictimai məsuliyyətin vəhdəti Azərbaycan ziyalılıq ənənəsinin səciyyəvi xüsusiyyətlərindən biridir. Bu baxımdan filologiya üzrə fəlsəfə doktoru Elxan Hüseynqulu oğlu Məmmədlinin fəaliyyəti yalnız akademik tədqiqatlarla məhdudlaşmır, o, uzun müddət ictimai-mədəni mühitdə də fəal mövqe tutmuşdur.
Elxan Məmmədlinin ictimai fəaliyyəti
Elxan Məmmədli 2009–2022-ci illər ərzində “Borçalı İctimai Cəmiyyəti”nin İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərmiş, Borçalı bölgəsinin milli-mədəni irsinin qorunması və təbliği istiqamətində həyata keçirilən təşəbbüslərdə yaxından iştirak etmişdir. Bu fəaliyyət onun folklorşünaslıq sahəsindəki elmi maraqları və milli təəssübkeşliyi, Borçalı elinə bağlılığı ilə üzvi şəkildə bağlı olmuşdur.
Alimin ictimai fəaliyyətinin mühüm istiqamətlərindən biri də “Borçalı İctimai Cəmiyyəti”nin nəzdində fəaliyyət göstərən “Dədə Camal Məclisi”nə rəhbərliyi ilə bağlıdır. Sözü gedən məclis mahiyyət etibarilə, elm-ürfan tipli məclis olmuş, burada folklor, aşıq sənəti, mənəvi dəyərlər və milli düşüncə sisteminin müxtəlif aspektləri müzakirə edilmiş, maarifləndirmə işi və türk dünyası ilə əlaqələr aparıcı istiqamətlərdən olmuşdur.. Məclisin fəaliyyəti onun yalnız bədii-estetik deyil, həm də fəlsəfi, etik və mədəni qatlarının dərk edilməsinə yönəlmişdir.
Bu gün dəyərli dostum, əqidəsi və şəxsiyyəti ilə bütöv olan, folklorumuzun tədqiqatçı dədələrindən olan Elxan Hüseynqulu oğlu Məmmədlinin doğum günü, 80 illik yubiley günüdür. Yoxluğunu hər an hiss edirəm. Həyat, ləyaqət, sədaqət, məfkurə, dostluq imtahanlarından çıxmış millətə, dəyərlərə, dövlətçiliyə vurğun şəxsiyyət idi. Bütün anlamlarda bölüşdüyüm, etibar etdiyim dəyərli dost idi.
Elxan Məmmədlinin 90-cı illərdən tanıyıram. Aşıq yaradıcılığına verdiyi töhfələr, apardığı rəngarəng radio-televiziya proqramlar onu bizlərə tanıtmışdı.
Daha sıx, işgüzar, əyani tanışlığımız 2009-cu ilin əvvəlindən başladı.
2009-cu il aprel ayının 12-də “Borçalı İctimai Cəmiyyəti”nin 250 nəfərlik konfransında Elxan Məmmədli 19 nəfərlik İdarə Heyətinə seçildi.
İlk möhtəşəm layihəmiz Dmanisi rayonunun Armudlu yaylağında baş tutan “Borçalı Türklərinin Elat Mədəniyyəti günü”-Elat bayramı oldu. Elxan Məmmədlinin Armudlu yaylağında baş tutan bu tədbirin aparıcılığı və möhtəşəm açılış nitqi ilə tarix yazdı, yola işıq tuta bildi.
Elxan Məmmədli sağlığında təmizlik simvolu olan prof. Camal Mustafayevin şərəfinə qurduğumuz “Dədə Camal Məclisi”nin başkanlığını öz üzərinə götürdü. Onun rəhbərliyi ilə üst-üstə 60-a qədər məclis keçirildi. Məclis elm-urfan mahiyyətli olmaqla, bilim adamlarının Borçalı və Türk dünyası tanıtımına həsr olunmuş elmi məruzələri və sənətninsanlarının rəngarəng ifaları ilə tarixi missiya yerinə yetirdi. Sonralar nəşr etdirdiyimiz “Borçalı dastanı” kitabımızın baza hissəsini həmin materiallar təşkil etdi.
Elxan Məmmədli “Borçalı İctimai Cəmiyyəti”ndəki fəaliyyəti haqqında öz dilindən dedikləri:- ““Borçalı” İctimai Cəmiyyəti”nin İdarə Heyətinin qərarı ilə “Dədə Camal” məclisi yarandı və onun emblemi təsdiq olundu. “Dədə Camal” məclisinin idarə olunması Cəmiyyətin İdarə Heyətinin qərarı ilə mənə tapşırıldı.
Biz, öncə “Borçalı İctimai Cəmiyyəti”nin “Dədə Camal” məclisinə nəzər salaq. Bu məclislərin saz və sözlə müşaiyət olunması həm Gürcüstan türklərinin ruhuna uyğun hesablanmış, həm də bu tədbirləri yaddaqalan və maraqlı etmişdir. Adı çəkilən cəmiyyətin indiyə kimi təxminən əllidən çox tədbiri keçirilib. Bu tədbirləri mövzusuna görə təxmini bir neçə yerə bölmək olar: Borçalı ilə, habelə Gürcüstan türkləri ilə bağlı tədbirlər, Gürcüstan türkləri ilə Azərbaycan əhalisi arasındakı milli birlik məsələləri, tarixi mövzulara xeyli yer verilməsi və s. Bunu tədbirlərin adından da görmək mümkündür. Məsələn: “Azərbaycanda yaşayan gürcülər”, “Təbriz Borçalıya, Borçalı Təbrizə dayaq”, “Qərbi Azərbaycan-işğal olunmuş türk torpaqları”, “Şirvan – qədim tariximiz və mədəniyyətimiz”, “Gürcüstan türkləri və Türk dünyası” və s.
Elxan Məmmədli “Borçalı İctimaiCəmiyyəti”nin, onun tərkib elementi olan “Dədə Camal” Məclislərinin Azərbaycan və Gürcüstan arasında, eyni zamanda türk-gürcü dostluğunu xüsusi qeyd edir: -“Burada türk-gürcü dostluğunun qədimliyi, tarixiliyi, ənənəyə çevrilməsi xüsusilə qeyd etmək yerinə düşər. Tədbirlərdən birinin adı (“Tbilisi – mədəniyyətimizin ortaq mərkəzi”) bunu təsdiq edir. Eyni zamanda Elat bayramlarında (bu bayram artıq Gürcüstanda ənənəyə çevrilmişdir), eləcə də, məclislərin bəzilərində gürcü ziyalı və dövlət xadimlərinin də yaxından iştirakı, Akaki Çereteli, İliya Çavçavadqenin anım tədbirlərinin keçirilməsi dediklərimizi təsdiqləyir. Xatırladaq ki, Giya Patxaçaşvili əslən gürcüdür, üç dildə – azərbaycan, rus və gürcü dillərində yazıb yaradır. Giya tanınmış şair-tərcüməçidir, türk-gürcü dostluğunu yaşadan ziyalılarımızdandır”.
Elxan Məmmədli Borçalı folklorunun tədqiqində, aşıq yaradıcılığının Güney-Qüzey-Borçalı qolları, eyni zamanda Türk dünyası folklor nümayəndələri arasında mənəvi körpü, birləşdirici idrak sahibi idi
Elxan Məmmədli bütöv şəxsiyyət idi
Elxan Məmmədli şəxsiyyəti bir neçə istiqamətdə təhlil olunmalı, onun gerçək mahiyyəti açılmalıdır. Elxan Məmmədli Faxralıda doğulub, özü də Hüseynqulu müəllim kimi adı bu gün də anılan müəllimin ailəsində. Faxralı özünəməxsus tarixi ənənələri olan kənddir. Ulu babaların məskən saldığı, öz gözəl ənənələrinin yaşadıldığı, qorunub saxlanıldığı böyük türk elidir. Faxralı saz-söz ustaları, şairlər məkanıdır, ziyalılar – alimlər beşiyidir, millət vəkili, deputatları ilə tanınır, zəhmət adamları ilə şan-şöhrət qazanmışdır, Vətən yolunda qəhramanlıq göstərən igidlər yetimiş və şəhidlər vermişdir, xidməti vəzifə borcunu ləyaqətlə yerinə yetirən görkəmli insanlar yetirmişdir, dəli-dolusu, dəli-qanlısı, güləşəni, mahir atıcısı və s. ilə məşhurdur, Faxralı, Gürcüstanda təlim-tədris səviyyəsinə görə xüsusilə seçilib və hal-hazırda da seçilir, Faxralı həm də Elat mədəniyyətinin inkişaf etdiyi, tarixdən qaynaqlanan gələnəklərin bu gün də yaşadıldığı eldir. Elxan Məmmədli şəxsiyyətinin formalaşmasında, türk kimliyinin lap erkən gənclikdə dərk edilməsində, saza-sözə vurğunluqda, elat ruhunun daşıyəcısına çevrilməsində Faxralı mühiti mühüm rol oynamışdır.
Elxan Məmmədli şəxsiyyəti bütöv idi. Dost, əqidə sınaqlardan ləyaqətlə çıxmağı ilə fərqlənirdi. Onun söykənəcəyi tək ideal haqqa tapınması, həqiqətə vurğun olması idi. Heç bir saxtakarlıq onun üçün cazibə qüvvəsinə çevrilə bilmədi. Təsadüfi deyil ki, o ləyaqətli duruşuna görə “Türklüyə Xidmət” mükafatına, “El adamı” fəxri adına, “Sağlığında heykəlləşən” şərəf masasına layiq görülmüşdür.
2009-cu ildən keçən illər ərzində dostluğumuz, salam-kəlamımız təmənnasız oldu. Vətən, millət, el-oba sevgisi, türk ləyaqəti bizi birləşdirən əsas vasitələr idi. Elxan Məmmədli kimi ləyaqətli bir kişi ilə dostluğumdan qürur duyduğum kimi, onun fiziki itkisindən kədərlənirəm.
Çox şükür ki, yaşadığı ömür faydalı ömür oldu, qürurlandırlcı, örnək olan ömür oldu, millət adına iz qoyan ömür oldu. Bu gün də fəaliyyətimdə Elxan Məmmədli ruhunu yanımda hiss edirəm, onun ruhu qarşısında özümü hesabatlı hesab edirəm. Allah o dünyasını cənnət-məkan eləsin. Ruhu şad olsun.
Zəlimxan Məmmədli,
Böyük İdeallar Araşdırma Mərkəzinin sədri
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!