Azərbaycanda generalların sayı durmadan artır. İki gün əvvəl isə bu say 253-ə çatdı… Tezadlar.az xatırladır ki, Prezidentin sərəncamı ilə Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat Şükür oğlu İmanov, Vergi auditi baş idarəsinin rəisi Abbas Cəlil oğlu İsmayılov və 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Səməd Ədil oğlu Vəliyev vergi generalı rütbəsilə təltif olunublar. Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin də general olduğunu nəzərə alsaq, məlum olar ki, hazırda İqtisadiyyat Nazirliyində minimum 4 general var.
Yaxud, dünən nazir müavini olan 3 generalı istefayaya göndərilən FHN- də Kəmaləddin Heydərov başda olmaqla, bu nazirlikdə 7 general var. Hətta onu da nəzərə alsaq ki, FHN- də işdən çıxarılan bu 3 generalın yerinə yeni müavinlər işə götürüləndən və onlara da general rütbəsi veriləndən sonra ölkəmizdə generalların sayı 256 olacaq!
ZƏRURİ QEYD: müqayisə etsək, məsələn, əhalisinin sayı Azərbaycanınkından 2 dəfə çox olan 20,1 milyon olan Qazaxıstanda 40 general var!
Yaxud, 1,5 milyard əhalisi olan Çin Xalq Respublikasında hazırda 200 ordu generalı var, Rusiyada hərbçi və əhali sayına görə generalların sayı 1300, ABŞ- da isə 800- dür!
Beləliklə, Çin əhalisinin təxminən 0,5 faizi qədər insanın yaşadığı Azərbaycanda isə 253 general var və bu sayın tezliklə 256 olması zərurəti yaranmaqdadır…
A.Məmmədli