“Azərbaycan İranın qonşuluq siyasətində xüsusi yer tutur”. Tezadlar.az xatırladır ki, bunu İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə bildirib. İran Prezidentinin rəsmi informasiya portalının məlumatına görə, Pezeşkian iki ölkə arasında münasibətlərin inkişaf dinamikasına toxunaraq, Tehran və Bakı arasında əlaqələrin daha da dərinləşdirilməsi və genişləndirilməsi üçün mövcud imkanlardan maksimum istifadə edilməsinin vacibliyini vurğulayıb. Sitat: “Biz bir-birimizlə qohum və qardaşıq. Mövcud imkanlardan və qonşuluq üstünlüyündən istifadə edərək iki ölkə arasında münasibətləri və əlaqələri daha da genişləndirməliyik”.
Pezeşkian qeyd edib ki, Azərbaycan və İran arasında elmi, mədəni, iqtisadi, siyasi və təhlükəsizlik sahələrində geniş əlaqələr mövcuddur və onların daha da möhkəmləndirilməsi üçün birgə səylər tələb olunur. İran Prezidenti ümumi sərhədin iki ölkə arasında münasibətlərin inkişafına maneə deyil, əməkdaşlığın genişləndirilməsi üçün imkan yaratmalı olduğunu vurğulayıb. “Ümid edirik ki, əldə olunan anlaşmalar tərəflərin ciddi diqqəti və səyləri ilə mümkün qədər tez icra mərhələsinə keçəcək”, – deyə o bildirib.
.







