Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 May 2026 / 16:02

AZƏRBAYCAN KİNEMATOQRAFÇILAR İTTİFAQININ ÜZVLƏRİ VƏ GÖRKƏMLİ KİNO XADİMLƏRİNDƏN ETİRAZ BƏYANATI

TEZADLAR.AZ-A GÖNDƏRİLƏN BƏYANATDA DEYİLİR:
“Məlum olduğu kimi, “Azərbaycan Kinematoqrafçılar İttifaqı” İctimai Birliyinin (bundan sonra – “İttifaq”) sədri, Xalq artisti Rasim Balayevin qəfiı vəfatından sonra İttifaqın yeni sədrinin seçilməsi zərurəti yaranmışdır.  İttifaqın İdarə Heyətinin 8 may 2026-cı il tarixli iclası keçirilərək yeni sədrin seçilməsi üçün 26 may 2026-cı il tarixində növbədənkənar Ümumi Yığıncağın keçirilməsi və sədr vəzifəsinə iki namizədin irəli sürülməsi qərara alınmışdır. İdarə Heyətinin katibliyinə tapşırılmışdır ki, hazırlıqla bağlı təşkilati məsələləri həll etsinlər.
Lakin iclasdan sonra keçən müddət ərzində lazımi hüquqi prosedurlara və qanunvericiliyə dəqiq və şəffaf şəkildə əməl edilməmiş, bu səbəbdən qeyri-müəyyənlik, məlumat çatışmazlığı və qeyri-şəffaf mühit yaranmışdır. İttifaqın bütün üzvlərinə Ümumi Yığıncağın gündəliyi və gündəliklə bərabər İttifaqın sədri vəzifəsinə namizədlər barədə öncədən məlumat göndərilməmişdir. Habelə, İdarə Heyətinin, yəni icra orqanının üzvü olan və özünü “İcraçı katib” kimi təqdim edən namizədlərdən biri Rasim Balayevin vəfatından sonra İdarə Heyətinin səlahiyyətlərini mənimsəyərək İttifaqa faktiki rəhbərliyi həyata keçirmiş, buna baxmayaraq Ümumi Yığıncağın gündəliyinə İttifaqın fəaliyyəti barədə hesabat məsələsini daxil etməmiş, üstəlik sədr vəzifəsinə namizəd kimi çıxış etməyə hazırlaşır.
Beləliklə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununun  və İttifaqın nizamnaməsinin tələblərinə zidd olaraq, Ümumi Yığıncağın gündəliyi barədə İttifaqın üzvlərinə tam məlumat verilməmiş, gündəlik şəffaf şəkildə açıqlanmamış, Yığıncağa hazırlıqla bağlı prosedur qaydalarına əməl edilməmişdir.
Həmçinin qeyd edirik ki, İttifaqın üzvlərinin ümumi sayı ilə bağlı qeyri-dəqiq və ziddiyyətli məlumatlar mövcuddur.  Üzvlərin rəsmi ümumi reyestri yoxdur. Buna baxmayaraq və üzvlərin ümumi siyahısı və sayı dəqiqləşdirilmədən, sabah Ümumi Yığıncağın keçirilməsi planlaşdırılır. Bu halı İttifaqın üzvlərinin təşkilatın idarəetməsində iştirak kimi təməl hüquqlarının kobud şəkildə pozulması, qeyri-legitim Yığıncaqda iştirak edəcək üzvlərin süni üstünlüyünün yaradılması və idarəetmənin öz təsiri altına alınması cəhdi kimi qiymətləndiririk.
Eyni zamanda, sabahkı Yığıncaqda müəyyən şəxslərin İttifaqın nizamnaməsinə dəyişiklik etməklə əlavə səlahiyyətlər əldə etməyə çalışacağı barədə ciddi narahatlıqlar mövcuddur.
Habelə, hal-hazırda İttifaqın fəaliyyətinin hərtərəfli təftişinə ciddi zərurət yaranmışdır. Belə olan şəraitdə tələsik, ciddi hazırlıq aparılmadan, qanunvericiliyin və İttifaqın nizamnaməsinin tələbləri pozulmaqla seçkilərin keçirilməsi onların şəffaflığı ilə bağlı ciddi şübhələr doğurur, bu isə İttifaqın fəaliyyətinə və bütövlükdə kino sənətimizə və ümumilikdə mədəniyyətimizə ciddi zərər vura bilər.
Qeyd edilənləri nəzərə alaraq, İttifaqın üzvləri və digər görkəmli kino xadimləri olaraq bəyan edirik ki, 26 may 2026-cı il tarixində Bakı şəhərində keçirilməsi nəzərdə tutulan İttifaqın növbədənkənar Ümumi Yığıncağının çağırılması Azərbaycan Respublikasının qanunvericiliyinə və İttifaqın nizamnaməsinə uyğun həyata keçirilməmiş, Ümumi Yığıncaq qeyri-legitimdir və orada qəbul ediləcək qərarların hüquqi qüvvəsi yoxdur.
Biz Azərbaycan kino mühitinə və milli mədəniyyətimizə zərər verə biləcək bu cür addımlara etiraz edirik. “Azərbaycan Kinematoqrafçılar İttifaqı” İctimai Birliyinin üzvləri və digər görkəmli kino xadimləri olaraq bəyan edirik ki, sabah keçirilməsi nəzərdə tutulan növbədənkənar Ümumi Yığıncaq qeyri-legitim və qeyri-qanuni olduğu üçün  təxirə salınmalı, qanunvericliyə və İttifaqın nizamnaməsinə uyğun olaraq yenidən çağırılmalıdır.
Bununla bağlı aidiyyəti dövlət qurumlarından məsələyə hüquqi qiymət verilməsini və qanunvericiliyə uyğun tədbirlər görülməsini xahiş edirik.
“Azərbaycan Kinematoqrafçılar İttifaqı” İctimai Birliyinin üzvləri və digər görkəmli kino xadimləri:
1. Vaqif Mustafayev
2. Cəmil Quliyev
3. Oktay Mirqasım
4. Akif Əli
5. Adil Abbasov
6. Şamil Əliyev
7. Əmir Hacılı
8. Mahirə İskəndərova
9. Kamran Qasımov
10. Firəngiz Qurbanova
11. Rəfail Qəmbərov
12. Cahangir Mehdiyev
13. Rövşən Məmmədov
14. Baba Məsimov
15. Mirbala Səlimli
16. Əbdül Mahmudov
17. Hacı İsmayılov
18. İlham Namiq Kamal
19. Tariyel Qasımov
20. Rafiq Əzimov
21. Zəfər Murtuzov
22. Fəxrəddin Manafov
23. Ayaz Salayev
24. Mehriban Zəki
25. Cahangir Novruzov
26. Gülzar Qurbanova
27. Elbrus Vahidov”.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!