Əsas məzmuna keç

Azərbaycan səfirliyi “The Guardian”a cavab verdi

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi “The Guardian” qəzetində Qarabağ münaqişəsinə həsr olunmuş “The Black Garden” sənədli filmi barədə dərc edilmiş resenziyaya etiraz edib.
Sentyabrın 7-də “The Guardian”ın “Letters” bölməsində Azərbaycan səfirliyinin müşaviri Günel Səlimovanın məktubu dərc olunub. Məktubun başlığı belədir: “Azərbaycan və Ermənistan sülhə doğru irəlilədiyi bir vaxtda bu film yanlış mənzərə yaradır.”
Məktub avqustun 31-də qəzetdə dərc edilmiş “The Black Garden review – haunting study of growing up in war-torn Nagorno-Karabakh” adlı resenziyaya cavabdır. Həmin yazıda Phuong Le sənədli filmi əsasən Qarabağ müharibəsinin insanların, xüsusilə erməni ailələrinin həyatına təsiri kontekstində qiymətləndirmişdi.
Azərbaycan səfirliyinin nümayəndəsi isə filmin hadisələrə “yüksək dərəcədə millətçi perspektivdən” yanaşdığını bildirir və Azərbaycan tərəfinin itkilərinin yetərincə göstərilmədiyini vurğulayır.
Günel Səlimova yazır ki, münaqişə Azərbaycan üçün minlərlə insanın ölümü, təxminən 4 min itkin, təqribən 1 milyon məcburi köçkün və qaçqın, eləcə də ciddi iqtisadi və sosial nəticələrlə müşayiət olunub.
Məktubda Qarabağın beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanındığı xatırladılır və 1990-cı illərdə baş vermiş hadisələr Ermənistanın işğalı kimi təqdim edilir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə də istinad olunur.
Səfirlik nümayəndəsi 2020-ci ildən sonra mina təhlükəsinin davam etdiyini bildirərək yazır ki, 2020–2026-cı illərdə mina partlayışları nəticəsində 436 nəfər həlak olub və ya yaralanıb.
Məktubun başqa mühüm hissəsi isə onun dərc edildiyi vaxtla bağlıdır.
Azərbaycan tərəfi hesab edir ki, Bakı və İrəvan sülh istiqamətində irəlilədiyi bir dövrdə keçmiş münaqişəni yenidən qarşıdurma yaradacaq şəkildə təqdim etmək məqsədəuyğun deyil.
Səfirliyin müşaviri Azərbaycan və Ermənistan arasında ticarət əlaqələrinin yarandığını, sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyət göstərdiyini, etimad quruculuğu tədbirlərinin artdığını və regional nəqliyyat layihələrinin müzakirə edildiyini qeyd edir.
Məktub belə bir mövqe ilə yekunlaşır: medianın diqqəti keçmiş qarşıdurmanı yenidən dərinləşdirən hekayələrə deyil, Azərbaycan və Ermənistan arasında sülhün yaratdığı yeni imkanlara yönəlməlidir…
P.S Foto: 2023-cü ildə Azərbaycan nümayəndə heyətinin Qarabağın erməni əhalisinin nümayəndələri ilə görüşü. Mənbə: The Guardian
Elbəyi Həsənli,
Surix
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…